Azərbaycanın da yer aldığı Davos Forumu nə vəd edir - ekspertlərin mövqeləri toqquşur... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 08:20 | Şərh sayı: (0) | Baxılıb: 283
Azərbaycanın da yer aldığı Davos Forumu nə vəd edir - ekspertlərin mövqeləri toqquşur...
Mehman Əliyev: “Qeyri-neft sektoru inkişaf edibsə, neftin qiyməti düşməkləniyə bütün bazar çöküb?”; Aydın Mirzəzadə: “Prezidentin Forumda iştirakı ölkəmizin beynəlxalq aləmdə, iqtisadi münasibətlərdə fəal oyunçu olduğunu göstərir”
Ərəstun Oruclu: “İlham Əliyevin çıxışı əslində sosial-iqtisadi vəziyyətlə bağlı kifayət qədər informativ və açıq bir çıxış idi”
Yanvarın 22-sində Davosda Dünya İqtisadi Forumu çərçivəsində dünya iqtisadi liderlərinin “2016-cı il üçün mütləq xarakterli tövsiyələr” mövzusunda qeyri-rəsmi toplantısı keçirilib. AzərTAC-ın xəbərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Rəsmi məlumatlarda deyilir ki, prezident ötən gün ərzində bir sıra görüşlər keçirib. Belə ki, İ.Əliyevin İsveçrə Konfederasiyasının prezidenti Yohan Şnayder-Amman, Norveçin xarici işlər naziri Borge Brende, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub. Görüşdə K.Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını prezident İlham Əliyevə təqdim edib. (APA)
Prezident TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə də görüşüb. Görüşdə Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Söhbət zamanı “Abşeron” qaz yatağının işlənilməsi və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyada iştirak edərkən sessiyanın aparıcısı, CNN-in redaktoru Con Defteriosun suallarını cavablandırıb. Ölkə başçısı deyib ki, devalvasiya qərarı qaçılmaz idi. “Bacardığımız qədər bunun qarşısını almağa çalışdıq. Milli Bank ehtiyatlarımızın bir hissəsini itirdik. Ancaq bu addımı atmalı idik”-ölkə başçısı əlavə edib. Prezident aksiyalara da toxunub. “Bu səbəbdən qiymətlərin artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib idi. Son 10 ildə iqtisadiyyatımız 300 faiz artmışdı və zənnimcə bu, bizim üçün bir qədər yüksək göstərici idi. İndi də bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq” - deyə, İ.Əliyev əlavə edib: “Təəssüflər olsun ki, hər OPEC üzvlərinin görüşündən sonra neftin qiyməti aşağı düşür. Bu səbəbdən də yeni mümkün görüşdən ehtiyatlanırıq”.
Davos Forumu və Azərbaycan prezidentinin səsləndirdiyi fikirlərə yanaşmalar müxtəlifdir.
“Turan” Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, ölkə başçısının dedikləri təbliğat məqsədi daşıyır: “Məsələn, turizmin inkişafından danışıldı. Azərbaycanda turizmin inkişafı harda var ki? Mən bilirəm ki, Gürcüstanda var, bunu gözümlə də görmüşəm. Ancaq Azərbaycanın yerli əhalisi xaricə qaçır, xaricilər də bura gəlmirsə, hansı turizmdən söhbət gedə bilər? Milyardlarla pullar gedib. Yaxud qeyri-neft sektoru inkişaf edibsə, neftin qiyməti düşməklə niyə bütün bazar çöküb? Yerli istehsaldan danışılır. Ancaq bizə yerli çay adı ilə bazara çıxarılan çay Hindistandan, şəkər Braziliyadan, taxıl Rusiyadan gətirilir. Ona görə də qiymətlər qalxmalıdır. Ölkədə 70 faiz yerli istehsalın olduğu barədə deyilənlərlə razılaşmaq olmaz. Çünki beynəlxalq qurumlar Azərbaycanda vəziyyətin necə olduğunu kifayət qədər gözəl bilirlər”. M.Əliyev Davos Forumunun Azərbaycan üçün ciddi əhəmiyyətinin olmayacağı qənaətindədir: “Azərbaycan indi öz məsələləri ilə məşğul olmalı, problemləri həll etməlidir. Hökumət dövləti və xalqı böhrana salıb. Bu tipli böhran bizdə olmamalıydı. Bu böhran onu göstərdi ki, bu hökumət neftsiz heç nə edə bilmir. Gəlsinlər problemləri həll etsinlər. Çünki vəziyyət getdikcə pisləşir”.
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə hesab edir ki, prezident İlham Əliyevin Davos Forumunda iştirakı Azərbaycanın beynəlxalq aləmdə, iqtisadi münasibətlərdə fəal oyunçu olduğunu göstərir: “Cənab prezidentin geniş, əhatəli görüşləri, panel çıxışı onun dünya ilə bağlı Azərbaycanın prinsipial mövqeyini ortaya qoyduğunu və milli maraqlarımızı müdafiə mövqeyindən çıxış etdiyini göstərdi. Bu da auditoriya tərəfindən çox maraqla qarşılandı”. A.Mirzəzadə Forumun Azərbaycan üçün əhəmiyyətindən də danışdı: “Birincisi, biz dünyanın bir hissəsiyik. Dünya üçün xarakterik olan uğurlar və çətinliklər Azərbaycan üçün də var. Azərbaycan bu situasiyada özünün maraqlarını həmişə çox yüksək səviyyədə qoruyur. Eyni zamanda Azərbaycan hökuməti dünyanın böyük şirkətlərinin marağını daim Azərbaycana cəlb etməyə çalışır və bu istiqamətdə uğurlar əldə edib. Həmçinin bu gün Azərbaycan özü artıq dünya əmək bölgüsündə fəal iştirak edir, dünyaya təkcə neft yox, qeyri-neft ölkəsi kimi də çıxır. Ona görə də bu görüşlərin və münasibətlərin iqtisadi problemlərin həllində, ümumən region və dünya üçün uğur gətirəcək həll yollarının tapılmasında Azərbaycanın böyük marağı var”.
“Şərq-Qərb” Araşdırmalar Forumunun rəhbəri, politoloq Ərəstun Oruclu Davos Forumunu “sıradan bir forum” adlandırdı: “Orda qeyri-adi bir şey olmadı. Konkret olaraq İlham Əliyevin çıxışına gəlincə, əslində sosial-iqtisadi vəziyyətlə bağlı kifayət qədər informativ və açıq bir çıxış idi. Çıxışda reallıq qismən əksini tapmışdı. Əvvəlki çıxışlarında İlham Əliyev ölkədəki sosial-iqtisadi vəziyyəti tam fərqli dəyərləndirirdi. Amma həmin çıxışında beynəlxalq auditoriya qarşısında yetərincə açıq şəkildə, bəzi məqamlar sətiraltı deyilmiş də olsa, hər halda açıq şəkildə mesaj verildi ki, Azərbaycanın sosial-iqtisadi vəziyyəti hansı mərhələdədir, hansı səviyyədədir. Əslində bu, müxtəlif beynəlxalq maliyyə institutları və investorlarında Azərbaycana maraq doğura bilər. Məsələ burasındadır ki, investorların ölkəyə maraq göstərməsi üçün şərtlər təmin olunmalıdır. İlk növbədə investisiyaların qorunmasına dair qanunvericilik aktları, paketi olmalıdır. İkinci növbədə həmin o qanunvericilik aktlarını qoruyan, təmin edən məhkəmə sistemi olmalıdır. Nəhayət, Azərbaycanda investorlarla, xüsusən xarici investorlarla bağlı çox qəribə addımlar atılır. Məsələn, son müşavirədə İlham Əliyev dedi ki, biz investorları cəlb eləməli, dəvət etməliyik. Onun səhəri günü Mərkəzi Bank parlamentə valyuta dövriyyəsi haqqında qanunla bağlı düzəliş təklif etdi - ölkədən çıxarılan valyutaya 20 faiz rüsum tətbiq olunması ilə bağlı. Bu, absurddur. Belə bir şey investor nəinki ölkədən qaçırır, heç onu gəlməyə qoymur”.
Ə.Oruclu qeyd etdi ki, vəziyyət parodoksaldır: “Ölkə hökumətinin bu gün sosial-iqtisadi durumla bağlı hansısa planlarının olması görünmür. Mən 5, ya 7 illik planlardan danışmıram, söhbət 2-3 həftəlik, 1-3 aylıq planlardan gedir. Ona görə də sağa-sola addımlar atılır, 1 həftə, 10 gün sonra verilən sərəncamın təsiri dayandırılır, qərar ləğv olunur. Davosdakı çıxışdan da açıq görünürdü ki, Azərbaycan hökumətinin sosial-iqtisadi vəziyyətlə bağlı hər hansı bir strateji planı, proqramı yoxdur. Daha çox neft qiymətlərinə hesablanmış ümidlər, gözləntilər. Bu isə olmayacaq. Mən inanmıram ki, bu il neftin qiyməti 35-40 dollardan yuxarı qalxacaq. Gələn il isə builkindən də ucuz olacaq, çünki alternativ enerji mənbələri sürətlə işə salınır, artıq enerji bazarında öz yerini tutmağa başlayıb. Ondan başqa da enerji bazarına daxil olan yeni oyunçular, o cümlədən konkret olaraq İran hələlik bu gün yarım milyon - 1 milyon barel həcmində bazara neft çıxarır. Ancaq onun bu imkanı 7-8 milyon barel neft çıxarmağa çatır. Belə olan halda neftin bahalaşacağını gözləmək reallıqdan uzaqdır”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər