Qubad İbadoğlunun rayonlarla bağlı açıqlaması mübahisə doğurdu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 19:44 | Şərh sayı: (0) | Baxılıb: 174
Qubad İbadoğlunun rayonlarla bağlı açıqlaması mübahisə doğurdu
O haqlıdır, yoxsa qərəzli?
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu etiraza qalxan rayonların mövcud vəziyyətinə dair verdiyi şərh ötən gün həm mətbuatın və həm də ictimaiyyətin diqqətində olub. Qubad İbadoğlu bildirib ki, 2004-2014-cü ildə regionların inkişafına 31,5 milyard manat vəsait ayrılıb.
Lakin hazırda həmin regionların sosial- iqtisadi göstəriciləri acınacaqlı vəziyyətdədir
Ekspert etirazların keçirildiyi Siyəzən, Ağcabədi, Ucar, Füzuli rayonlarının sosial-iqtisadi göstəricilərini təqdim edərək bunun heç də ayrılan vəsaitə uyğun olmadığını bildirib.
Qubad İbadoğlunun məlum dəyərləndirməsinə münasibət bildirən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı onu hökumətə qərəzli münasibətdə ittiham edib: “Baxmayaraq ki, mənim Qubad İbadoğluna böyük hörmətim var, onun fikirlərinə mənim münasibət bildirməyim düzgün olmazdı. Bunu iqtisadçılar daha obyektiv qiymətləndirə bilərlər. Qubad İbadoğlu müstəqil ekspert kimi çıxış edib, lakin onun fikirlərində qərəz var. Ən azından gedib Azərbaycanın regionlarını gəzmək lazımdır. On il bundan öncəki rayonlarla bugünkü rayonları müqayisə edin, o zaman görərsiniz ki, nə qədər inkişaf var. Azərbaycan 15 ildir ki, müstəqilliyi uğrunda apardığı mübarizənin nəticələri görür. Qarabağ müharibəsinin ağır nəticələri, daxili çəkişmələr, hətta daxili mübarizələr, qeyri-qanuni qruplaşmalar bu inkişafa mane oldu. Azərbaycan dövləti bu inkişafa nail olmaq üçün mübarizə aparıb.
Hazırda yaranmış olan çətinliklərdən istifadə edərək Azərbaycan hökumətinin üzərinə getmək, təəssüf doğurur. Dünyada gedən qlobal böhranın içərisində Azərbaycan da var. Biz dünyadan təcrid olunmamışıq. Neftin ucuzlaşması ölkənin gəlirlərini azaldıb. İndi bu durumda müəyyən möhtəkirlər, işbazlar pul qazanmağa çalışırlar. Sanki biz eyni millətin övladları deyilik. Biz çalışmalıyıq ki, insanlara yanlış informasiya verməyək. Qubad İbadoğlunun açıqlaması kökündən yanlış açıqlamadır. Özünü informasiyalı , analitik təfəkkürə malik şəxs kimi göstərərək, hansısa vəziyyətdən istifadə edib regionların üzərinə getmək kökündən yanlışdır. Qubad İbadoğlu gedib regionlarda müşahidə aparmalıdır. İşsizlik probleminə gəlincə, bu bütün dünyada var, elə bir ölkə yoxdur ki, orada işsizlik olmasın. Amerika və Avropa kimi inkişaf etmiş ölkələrdə də işsizlik var. Bunu əldə bayraq edərək dövlətin üzərinə getmək çox böyük haqsızlıqdır”.
KXCP sədr Mirmahmud Mirəlioğlu isə Q.İbadoğlunun açıqlamasını təsdiqləyərək, regionlara ayrılan vəsaitlərin ünvana çatmadığını vurğulayıb: “Biz öz müşahidələrimizdə də görmüşük ki, dövlət büdcəsindən ayırmalardan əlavə, ölkə başçısı da rayonlara səfərindən əvvəl şəxsi fondundan milyonlarla manat vəsait ayırıb. Bizdə olan məlumata görə,bu ayrılan vəsaitlər heç zaman təyinatı üzrə xərclənməyib.Bu hadisələr baş verdikdən sonra belə, Bakıda mərkəzi küçələdən tutmuş digər küçələrdə də asfalt yamamaq kompaniyası gedir. Bu isə pul silməkdən başqa bir şey deyil. Rayonlara ayrılan vəsaitlər də təyinatı üzrə xərclənmir. Bunun nəticəsi də ortadadır. Azərbaycan mediası da, bəzi siyasətçilər də belə hesab edirlər ki, bizim hansısa problemin həlli istiqamətində verdiyimiz təkliflərlə hakimiyyətə yardım etmiş oluruq. Amma əslində bu problemlərin həlli insanımıza , millətimizə yardım etmək məqsədi güdür. Təəssüflər olsun ki, nə Azərbaycan hakimiyyəti təkliflərimizə diqqətlə yanaşır, nə də, xalq bunun fərqindədir. Biz illərlə deyirdik ki, yollar təkrar-təkrar təmir olunur, vəsaitlər silinir, yollara qoyulan kapitalların böyük əksəriyyəti təyinatı üzrə xərclənmir, binaların üzlənməsi, körpülərin salınması da həmçinin.
Bu etiraz dalğası bununla bitməyəcək. Hansısa bölgədə bunu ordu ilə qarşısı alınsa da, başqa yerlərdə davam edəcək. Nə də un məmulatlarından ƏDV-ni götürməklə də bunun qarşısını almaq mümkün deyil”.
Sabiq deputat İltizam Əkbərli isə “Yeni Müsavat”a açıqlamasında regionlarda vəziyyətin acınacaqlı olduğunu bildirib: “Rayonların sosial iqtisadi inkişaf proqramı çərçivəsində İmişli rayonuna daxil olan vəsait haqqında səhih bilğim olmadığından konkret rəqəmlərlə danışmaq imkan yoxdur. Ancaq biz rayona ayrılan pulların taleyi ilə əlaqədar dəfələrlə mətbuatda çıxışlar etmişik. Təəssüf ki, bizim bu həyəcan siqnallarımız həmişə iqtidar tərəfindən qulaqardı edilibdir. Nəticə isə göz qabağındadır. İnkişaf əvəzinə rayonun kənd təsərrüfatı iflic vəziyyətinə düşüb, yeni iş yerləri yaradılmayıb, küçələr, səkilər bərbad vəziyyətə düşüb. Görüntü xatirinə rayonun mərkəzindən keçən küçə boyu 3m hündürlüyündə yöndəmsiz hasarlar çəkən, 50-ci illərdə tikilmiş və istismar müddəti çoxdan qurtarmış 5-6 binanı aqlayla üzləyən, rayon mərkəzində park adlanan çox kiçik ərazidə ardıcıl olaraq bir neçə il təmir işləri aparan rayon rəhbərliyi keçən illər ərzində mətbuata müsahibələr verərək, rayonun sosial iqtisadi inkişafından ağız dolusu danışsa da, faktlar tamam fərqli mənzərəni göstərir. Büdcəsi cəmi 20 mln. 900 min manat olan, 124 min əhalinin yaşadığı İmişlidə bu illər ərzində həyat səviyyəsi pisləşməkdə davam edib, işsizlik pik həddinə çatıb, insanlar pensiyaların və banklardan götürdükləri kreditlərin ümidinə buraxılıb. Son devalvasiyalar, bahalıq isə insanların yaşayışını dözülməz həddə qədər pisləşdirib”.
Nərgiz LİFTİYEVA
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər