Hökumət böhran büdcəsinə keçə bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 10:53 | Şərh sayı: (0) | Baxılıb: 231
Hökumət böhran büdcəsinə keçə bilər
Azər Mehtiyev: “İri idman layihələrindən, dövlət qurumları üçün binaların, ofislərin tikilməsindən imtina olunmalıdır”; Qubad İbadoğlu: “Variantlardan biri də o ola bilər ki, yerli icra nümayəndəlikləri ləğv olunsun”
Neftin qiymətinin 35 dollardan aşağı düşməsi hökuməti böhran büdcəsi haqqında düşünməyə vadar edə bilər. 2016-cı il üçün proqnozlaşdırılan dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülsə də, hazırda dünya bazarında “qara qızılın” dəyəri 35 dollar civarındadır. Bəs görəsən, neftdən daxilolmaların azalması büdcədə nəzərdə tutulan xərcləmələrin tam şəkildə həyata keçirilməsinə imkan verəcəkmi?
Onu da nəzərə alaq ki, büdcə proqnozlaşdırılarkən dollarla daxil olan neft gəlirləri 1.05 manat kursu ilə hesablanırdı. Manatın devalvasiyası isə bu gəlirləri avtomatik olaraq 50 faiz artırdı və beləcə büdcə gəlirləri manatla ifadəsində 50 faiz artmış oldu.
Lakin bu faktın özü də büdcənin tam reallaşması üçün əsas sayılmır. Hökumət böhran büdcəsi ilə bağlı qeyri-rəsmi göstərişlər verməkdədir. Qeyri-rəsmi məlumatlara görə, idarə və müəssisələrə ciddi ixtisarlara başlamaqla bağlı tapşırıqlar verilib. Büdcədə neftin qiymətinin 35 dollardan hesablanması, idarəetmə xərclərinin də azalacağından və bir çox nazirliklərdə ciddi ixtisarların gedəcəyindən, bəzi qurumların isə tamamilə ləğv ediləcəyindən və ya birləşdiriləcəyindən xəbər verir.
Parlamentin növbəti, fevral ayında baş tutacaq iclasında bu məsələlərin müzakirəsi nəzərdə tutulur. Lakin daha tez, növbədənkənar iclasın keçiriləcəyi də istisna deyil.
İqtisadçı ekspert Azər Mehtiyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hökumət şişirdilmiş idarəetmə strukturlarında ciddi şəkildə ixtisarlar aparmaqla bu xərcləri minimuma endirməlidir: “Neftin qiyməti ucuzlaşmaqda davam edir. Dövlət büdcəsinin gəlirlərinin ciddi bir hissəsi neftdən gələn dollarlar hesabına formalaşdığı üçün neftin qiymətindən ciddi şəkildə asılıdır. Söhbət həm Neft Fondundan köçürmələrdən gedir, həm də xarici neft şirkətlərinin mənfəət vergisindən əldə etdiyi vəsaitdən gedir. Burada neftin ucuzlaşması ikitərəfli təsir göstərir, həm ölkəyə daxil olan neft gəlirlərinin, eləcə də bundan daxil olan mənfəət vergisinin azalması, həm də Neft Fondunun gəlirlərinin azalması. Düzdür, devalvasiyadan sonra həmin gəlirlərin manatla ifadəsində artması xərclərin ödənilməsinə müsbət təsir edə bilər. Lakin bu da mövcud büdcə proqnozlarının icrasını mümkünsüz edir.
Hökumətin hazırda atmalı olduğu iki vacib addım var. Bunlardan birincisi, son zamanlar manatla və iqtisadi böhranla bağlı baş verən sosial gərginliyin artmasının qarşısını almaq, əhalinin az gəlirli təbəqələrinə kompensasiyaların verilməsidir. Çünki hazırkı proseslər ölkədə yoxsulluq səviyyəsini də artıracaq ki, bu da həmin sosial sahəyə əlavə vəsaitlərin yönəldilməsini tələb edir. Bu halda büdcəyə yenidən baxılması və sosial məqsədlər üçün əlavə vəsaitlərin verilməsinə ehtiyac var. Büdcədə investisiya xərclərini ixtisar etmək də hökumət üçün çətin addımdır. Çünki bu sahədə baş verən dəyişikliklər dolayısı ilə iş yerlərinin ixtisarına, vergilərin azalmasına aparıb çıxarır. Bu da dolayısı ilə büdcə gəlirlərini azaldan amildir. Bu baxımdan investisiya xərclərinin azaldılması yenidən büdcəyə zərbə vurur".
A.Mehtiyevin sözlərinə görə, əsas ixtisar olunmalı məsələlər ölkənin heç bir fayda götürmədiyi və ya ən azı ciddi fayda götürə bilməyəcəyi layihələrdir: “O cümlədən buraya iri idman layihələrini, son zamanlar dəb halını almış infrastruktur layihələrini aid etmək olar. Dövlət qurumları üçün binaların tikilməsi, ofislərin tikilməsi kimi xərclərdən imtina olunmalıdır. Digər layihələrin xərcləri də qənaət rejiminə uyğunlaşdırılmalıdır. Biz uzun zaman öncə deyirdik ki, büdcədə şişirdilmiş xərclər çoxdur və onlara qənaət edilməsinə ehtiyac var. İndiki halda da bu problemlərin həllində əsas yol bədxərcliyin aradan qaldırılmasıdır. Ölkədə son dərəcə şişirdilmiş idarəetmə aparatı var. Sadəcə, iş yerlərinin sayını artırmaq məqsədilə büdcə təşkilatlarının nəzdində son dərəcə artıq iş yerləri yaradılıb. Bunların da ixtisarına ehtiyac var. Düzdür, işsizlərin sayını artırmaq sosial gərginliyə səbəb ola bilər. Bu işsiz qalan insanların iş yerləri ilə təmin olunması üçün özəl sahibkarlıq mühitinin formalaşmasına ehtiyac var. Həmçinin hökumət daha çox sahibkarlıq sahəsində mühitin yaxşılaşdırılması istiqamətində addımlar atmalı, onlara sərbəstlik verməklə vergi ödəyicilərini fəallaşdırmalıdır ki, büdcəyə daha çox vəsait toplansın”.
İqtisadçı ekspert Qubad İbadoğlu isə büdcə vəsaitlərinin ixtisar edilməsi fonunda nəqliyyat və rabitə xərclərinin artırılacağını proqnozlaşdırdığını bildirdi: “Dövlət büdcəsində xərclər maksimum kəsilib, investisiya xərcləri ixtisar olunub. Bir çox əlavə xərclərin də kəsilməsinə ehtiyac var. Eyni zamanda bir çox sahələrdə bahalaşma ola bilər. Mən nəqliyyatda və rabitə xərclərində dəyişikliyin olacağını gözləyirəm. Büdcə gəlirləri azaldığı üçün hökumət buna getmək məcburiyyətində qalacaq. Əslində büdcənin gəlirlər hissəsində neftin qiyməti ilə bağlı dəyişikliklər proqnozlaşdırılmır. Çünki neftin qiymətinin aşağı düşməsi Neft Fondundan transferlərin aşağı düşməsinə gətirib çıxarmayacaq. Mən düşünürəm ki, indiki halda büdcəyə dəyişiklik etmək zaman baxımından doğru deyil və bir qədər gözləmək lazımdır. Təkcə neftin qiymətini deyil, digər tendensiyaları da izləmək lazımdır ki, il ərzində bir dəfə dəyişiklik olsun. Yoxsa ilin əvvəlində bir dəfə, ortasında bir dəfə dəyişiklik olsa bu əlverişli deyil”.
Qubad İbadoğlunun sözlərinə görə, idarəetmə xərclərində də çox ciddi ixtisarlar etmək mümkündür: “Məsələn, variantlardan biri o ola bilər ki, yerli icra hakimiyyətləri ləğv olunsun, onsuz da yerlərdə bələdiyyə fəaliyyət göstərir. Yerli icra hakimiyyətlərinin saxlanılması üçün milyonlarla manat vəsait nəzərdə tutulur. Həmin xərclərin ləğv olunması büdcənin optimallaşmasına gətirib çıxara bilər. Həmçinin paralel dövlət strukturlarının ləğvi də gündəmdədir. Düşünürəm ki, dövlət aparatları həddindən artıq şişirdilib və buna külli miqdarda vəsait xərclənir. Hesab edirəm ki, hüquq-mühafizə orqanlarından Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, məhkəmə hakimiyyəti orqanlarından da ixtisarlar etmək mümkündür. Məsələn, Rusiya buna getdi və daxili işlər orqanlarından 10 min nəfəri ixtisar etdi. Bu yolla büdcəyə qənaət etdi”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər