Qubad İbadoğlu: "Mərkəzi Bank təsir imkanlarını itirir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 14:33 | Şərh sayı: (0) | Baxılıb: 315
Qubad İbadoğlu: "Mərkəzi Bank təsir imkanlarını itirir"
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, Mərkəzi Bank hər gün təsir imkanlarını, manat da dəyərini itirir.
Musavat.com xəbər verir ki, bu barədə facebook sosial şəbəkəsində məlumat verən iqtisadçı alim yazır: "Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyənatında qeyd olunur ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank “üzən məzənnə rejiminə”nə keçid barədə qərar qəbul edib. Bu keçid taktiki olaraq makroiqtisadi manevr xarakterini daşıyır, strateji olaraq isə milli iqtisadiyyatın şaxələndirilməsi strategiyasının dəstəklənməsinə yönəlib. Artıq 1 həftədir ki, ötən ilin dekabrın 21-dən elan etdiyi üzən məzənnə siyasətinə keçiddən imtina edən Mərkəzi Bank valyuta bazarında formalaşdırdığı hazırkı situasiya ilə özünü daha pis vəziyyətə salıb".
Q. İbadoğlu daha sonra qeyd edir ki, Mərkəzi Bank apardığı yanlış məzənnə siyasətini davam etdirərsə tezliklə valyuta bazarına da nəzarəti itirə bilər: "Əvvəlcə mübadilə məzənnəsini formalaşdırmaq üçün banklara sərbəstlik verən Mərkəzi Bank, sonradan mübadilə məzənnəsinin dəyişməsi 4 faizlik marja ilə limitləşdirməklə geriyə addım ataraq bəyan etdiyi prinsiplərə də zidd getdi. Bu da onun valyuta bazarında gedən proseslərə tərs imkanlarını zəiflədərək, 20 ildən sonra yenidən "qara valyuta bazar"ının yaranmasını şərtləndirdi. Hazırda Azərbaycan manatının ABŞ dollarına və Avroya qarşı məzənnəsində müşahidə olunan "qara bazar" məzənnəsi rəsmi məzənnədən 50 faizədək yuxarıdır. Bu göstərir ki, Mərkəzi Bank inzibati yollarla banklarda və mübadilə məntəqələrində dollar qıtlığı yaratdıqca fərq daha da böyüyəcək və "qara bazar" daha əlverişli mübadilə məzənnəsi təklif etməklə cəlbediciliyini artıracaq. Hətta dollarını satmaq istəyənlər belə banklara və ya onların mübadilə məntəqlərəinə deyil, "qara bazar"a üz tutacaqlar. Bu isə dekabrın 1-ə olan məlumata görə, valyuta ilə depozitlərin cəmi əmanətlərdə 76 faizə çatması ilə pul kütləsinin tənzimlənməsinə təsirini getdikcə itirən Mərkəzi Bankın əlavə olaraq valyuta bazarında da imkanları məhdudlaşır və manat üçün daha pis perspektiv vəd edir. Odur ki, Mərkəzi Bank bazarda real olaraq formalaşan məzənnəni etiraf etməli və mübadilə məzənnəsini formalaşdırmaq üçün banklara sərbəstlik verməlidir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər