Xaricdə dini təhsil alanlar Azərbaycanda dini mərasimlər apara bilməyəcəklər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 20:27 | Şərh sayı: (0) | Baxılıb: 2490
Xaricdə dini təhsil alanlar Azərbaycanda dini mərasimlər apara bilməyəcəklər
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
İxlas.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, qanun layihəsi barədə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
Layihəyə əsasən islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlər aparması qadağandır. Eyni zamanda ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.
S. Novruzov bildirib ki, qanunun əvvəlki redaksiyasında da xaricdə dini təhsil alanların Azərbaycanda dini ayin və mərasimlər aparılmasına qadağa qoyulub: “Ancaq belə şəxslər daha sonra Azərbaycanda 2 il dini təhsil alaraq dini ayin və ibadətləri aparmağa başlayıblar. Yəni vəziyyətdən özləri üçün çıxış yolu tapmışdılar. Bunun qarşısı alınacaq. Buna görə də qanunun 21-ci maddəsi yeni redaksiyada verilir, xaricə dini təhsil alanların ümumiyyətlə, Azərbaycanda dini ayin və mərasimlər aparmasına qadağa qoyulur".
Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə (168-1 maddə) edilib. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Bu barədə qanun layihəsi də Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər