ABŞ Azərbaycanı “Şər oxu” ölkələri sırasına daxil edib? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 09:57 | Şərh sayı: (0) | Baxılıb: 302
ABŞ Azərbaycanı “Şər oxu” ölkələri sırasına daxil edib?
Hikmət Hacızadə: “Rusiya Helsinki Komissiyasının təşəbbüsündən aranı qızışdırmaq üçün istifadə edir”
Rusiya telekanalı ilginc iddia ilə çıxış edib. Telekanalının iddiasına görə, ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycanı Şimali Koreyaya bərabər tutub və Azərbaycana qarşı sanksiyaları olduqca sərt ola bilər. Musavat.com-un məlumatına görə, bu mövzuya toxunan Rusiyanın “Rossiya 24" telekanalının analitiki belə deyib.
Telekanalın qənaətincə, Konqresin Helsinki Komissiyası Azərbaycanı öncələr ABŞ-ın “Şər oxu” adlandırdığı ölkələrə bərabər tutub. “Şər oxu”na Səddam Hüseyn devrilənədək İraq daxil idi. “İraqdan sonra İran və Şimali Koreya qalıb ki, onlara qarşı da çox ciddi məhdudiyyətlər tətbiq olunur” - qeyd edib Rusiya telekanalı.
Yada salaq ki, az öncə ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kris Smit “Qanunun aliliyi və insan haqları naminə Azərbaycan Demokratiya aktı” adlı sənədi Konqresə təqdim edib. Bununla bağlı yayılan bəyanatda deyilirdi ki, “Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, müxalifət siyasətçilərinin və vətəndaş cəmiyyəti qruplarının səslərinin susdurulmasına yönəldilmiş və illərlə davam edən sistematik səylərinin ardınca Helsinki Komissiyasının sədri, respublikaçı Kris Smit ”Azərbaycanda demokratiya 2015" (H.R.4264) adlı qanun layihəsini təqdim edib".
Qanun Azərbaycan hökumətinin yüksək çinli rəsmilərinə Birləşmiş Ştatlara səfər vizalarının verilməsindən imtina edilməsini nəzərdə tutur. “Biz ölkələrimiz arasında mühüm milli təhlükəsizlik və iqtisadi bağların mövcud olduğunu başa düşürük, lakin Birləşmiş Ştatlar Azəbaycanda baş verən dəhşətli insan haqları pozuntularına bundan sonra da göz yuma bilməz” - konqresmen Smit bildirmişdi.
“Azərbaycanda Demokratiya Aktı” Birləşmiş Ştatların insan haqları və təməl azadlıqlara ciddi yanaşdığını nümayiş etdirir" deyən komissiya sədri əlavə eləmişdi ki, ABŞ siyasi müxalifəti və medianı repressiya edən hökumətə heç bir şəkildə güzəşt etməyəcək. Qanunda vizaların verilməsindən imtina edilməsindən başqa Azərbaycan hökumətinin vəzifəli rəhbərlərinə, hakimiyyətin təhlükəsizlik və ədliyyə qollarına daxil olan rəsmilərə qarşı maliyyə cərimələrinin tətbiq edilməsi də nəzərdə tutulur.
“Sanksiyalar yalnız, Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsində, vətəndaş cəmiyyətinin qısnanmasına son qoyulmasında, habelə azad və ədalətli seçkilərin keçirilməsindəəhəmiyyətli tərəqqi etdiyi halda qaldırıla bilər”-sənəddə vurğulanırdı.
Bəs, Rusiyanın tanınmış telekanalının ABŞ-ın Azərbaycanı “Şər oxu” ölkələri sırasına daxil etdiyi barədə iddialar əsaslıdırmı?
Politoloq Hikmət Hacızadə bildirdi ki, ABŞ Azərbaycanı “Şər oxu” ölkələri sırasına daxil etməyib və belə bir şey hazırda nəzərdə tutulmur. Rusiya telekanalı sadəcə, ara qızışdırır, çalışırlar ki, Azərbaycanın ABŞ-la münasibətləri tamam pozulsun: “İstəyirlər ki, Azərbaycan yenə təzədən getsin Rusiyanın qucağına. Əlbəttə ki, ABŞ-la Azərbaycan hakimiyyəti arasında son zamanlar müəyyən gərginlik var. Amma bu, heç də o demək deyil ki, Azərbaycan ABŞ üçün ”Şər oxu" ölkələri sırasındadır. “Şər oxu” ölkələri o ölkələrdir ki, onlar ABŞ-ın təhlükəsizliyinə təhlükə yaradırlar, terrorizmə dəstək verirlər, Amerikanın maraqlarını ciddi zədələyirlər, cürbəcür münaqişələri qızışdırırlar. Azərbaycan əlbəttə ki, belə ölkələr sırasında deyil. Azərbaycanda insan haqları ilə bağlı problemlər var ki, bu da ABŞ-ı narahat edir. Bu məsələ həll olunası məsələdir. Rusiya Konqresin Helsinki Komissiyasında hazırlanan məlum layihədən istifadə edib ara qızışdırmağa çalışır".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər