Smitin ABŞ konqresinə təqdim etdiyi bədnam layihənin qəbulu ehtimalı sıfıra bərabərdir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-12-2015, 19:53 | Şərh sayı: (0) | Baxılıb: 264
Smitin ABŞ konqresinə təqdim etdiyi bədnam layihənin qəbulu ehtimalı sıfıra bərabərdir
"ABŞ konqresinə təqdim olunan "Azərbaycan Demokratiya aktı" layihəsi konqresin mövqeyi deyil, bu, erməni lobbisinin təsiri və maddi dəstəyi ilə idarə olunan ermənipərəst bir deputatın hiyləgər cəhdidir". Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin dünən keçirilən iclasında səsləndirib.
O qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının siyasəti, təəssüf ki, erməni lobbisinin sifarişini yerinə yetirən şəxsin girovuna çevrilmiş siyasət kimi təqdim oluna bilər: "Bu, çox mənfi haldır, həm də Amerikanın özünə çox mənfi təsir göstərən amillərdən biridir. Təəssüflər olsun ki, ABŞ konqresinin Helsinki komissiyasının həmsədrinin təqdim etdiyi layihə reallıqdan tamamilə uzaqdır. Helsinki komissiyası ATƏT-lə əməkdaşlıq etmək üçün ABŞ-da yaradılmış federal agentlikdir. Bu, konqreslə əlaqəsi olan, lakin konqresə aid olmayan bir qurumdur. Bu detalları ona görə diqqətinizə çatdırıram ki, K.Smit özü bu qanun layihəsini təqdim edərək böyük bir təxribatın yaradılması üçün əlindən gələni edir".
S.Seyidov məsələ ilə bağlı iki mühüm sənəd barədə danışıb. Bildirib ki, birinci sənəd Helsinki komissiyasına aiddir. İkincisi isə konqresə təqdim olunan qanun layihəsidir: "Birinci sənəddə konkret olaraq yazılıb: Helsinki komissiyası məlumat verir ki, onun üzvü konqresə qanun layihəsini təqdim edib. Yəni komissiyanın digər üzvlərindən heç biri o sənədi imzalamayıb. Deməli, bu, erməni diasporunun ABŞ-da xüsusi rəğbətini qazanmış K.Smitin ABŞ konqresinə təqdim etdiyi sənəddir. Bu şəxs hiyləgər bir iş görür. Bu həm də ABŞ-ın maraqlarına ziddir. Bu sənəd ABŞ qanunlarına əsasən, konqresin Beynəlxalq Münasibətlər Komitəsinə baxılması üçün göndərilməlidir. Orada isə alt komitənin sədri K.Smitin özüdür. O, özü öz adına sənəd göndərir. İkincisi, sənədin başlığına bu sözləri yazır: "Amerika Birləşmiş Ştatlarının strateji təhlükəsizlik maraqlarını və xarici siyasətini təmin etmək üçün mən bu sənədi təqdim edirəm". Sənədin içərisində ABŞ-ın strateji əməkdaşlıq etdiyi Azərbaycanla, Azərbaycanın xarici siyasəti ilə birgə fəaliyyəti tamamilə darmadağın edilir. Yəni faktiki olaraq bu insan erməni fikirlərini, erməni lobbisinin mövqeyini konqresdə əks etdirmək və Azərbaycana qarşı çıxış etmək üçün ABŞ-ın strateji maraqlarına, xarici siyasətinə və Azərbaycan-Amerika münasibətlərinə xələl gətirən bir sənəd hazırlayaraq konqresə təqdim edir".
Komitə sədri vurğulayıb ki, ABŞ konqresinə statistika üzrə ildə dörd minə yaxın belə qanun layihəsi daxil olur. Lakin onlardan ABŞ-ın maraqlarına, xarici siyasətinə uyğun olan cəmi 120-130 sənəd qəbul edilir. Bu şəkildə, bu tərzdə, bu tonda, bu ifadələrlə göndərilmiş sənədin qəbul olunması ehtimalı, demək olar ki, sıfırdır. Onlar nəyə əsaslanırlar, niyə bu işi görürlər? Birincisi, Azərbaycanda insan haqları ilə bağlı müntəzəm və yüksək səviyyəli işlərin aparılması dünya ictimaiyyətinin gözü qabağındadır. İkincisi, Azərbaycanda ənənəvi olaraq ilin sonunda əfv fərmanları imzalanır. Erməni diasporu, antiazərbaycan qüvvələri ölkələrimiz arasında münasibətləri pozmaq üçün yalnız ABŞ-da yox, başqa ölkələrdə, o cümlədən digər təşkilatlarda öz qərəzli işlərinə başlayıblar. Mən Helsinki komissiyasındakı dinləmələrə çox diqqətlə qulaq asmışdım. Orada K.Smitin çıxışında bir ifadəsini nəzərinizə çatdırmaq istəyirəm: "Əziz dostlar, bu gün (yəni dekabrın 16-sı) biz Avropa Şurasında baş katibin Azərbaycana qarşı qəbul etdiyi məsələni dəstəkləyirik və onlarla birgə fəaliyyətə başlamalıyıq". Bu, K.Smitin rəsmi stenoqrama düşmüş fikridir. Üzərindən bir neçə saat keçəndən sonra isə Avropa Şurasının baş katibinin məlum qərarı elan olundu. Ümumi məqsəd isə Azərbaycanı Avopa Şurasında yenidən hədəfə çevirmək idi.
S.Seyidov deyib: - Mən AŞ PA-nın baş katibi cənab Yaqlandla birlikdə dekabr ayının 14-də Londonda büro iclasında iştirak etmişəm. Yaqland öz çıxışında təəssüflə dedi ki, Avropa Şurasına daxil olan bütün ölkələrdə konvensiyaların yerinə yetirilməsi ilə bağlı böyük bir problem yaranıb. Səbəb odur ki, dövlətlər beynəlxalq səviyyədə qəbul olunmuş konvensiyalara yox, yerli qanunvericiliyə üstünlük verərək xaosdan, vəziyyətin gərginliyindən çəkinirlər. Cənab Yaqland Böyük Britaniyanı buna misal kimi çəkdi. Bildirdi ki, Britaniyada Avropa İnsan Haqları Konvensiyasının məhbuslarla bağlı müddəalarının yerinə yetirilməsi problem yaradır. Yaxud, bu yaxınlarda Polşada keçirilmiş seçkilər nəticəsində hakimlərin təyinatı ilə bağlı müəyyənləşən normalar da konstitusiyaya ziddir. O, Macarıstanda da konstitusiyaya və insan haqlarına zidd problemlərin yaşandığını qeyd etdi. Həmçinin, Rusiya Federasiyasında Konstitusiya Məhkəməsinin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yalnız millətin, dövlətin maraqlarına uyğun olduğu halda həyata keçirilməsi ilə bağlı qərarını da xatırlatdı. Mən iclasda çıxış edərək bildirdim ki, bu yaxınlarda Avropa İnsan Haqları Məhkəməsi Çıraqov məsələsini də müzakirəyə çıxarıb, bu barədə qərar qəbul edib. Lakin Ermənistan dövləti rəsmi olaraq bu qərarın icrasından imtina edir. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, məhz Ermənistan Azərbaycan torpaqlarının işğalı ilə bağlı birbaşa məsuliyyət daşıyır. Bu, Avropa İnsan Haqları Məhkəməsinin qərarıdır.
Cənab Yaqland sonda qeyd etdi ki, çətin vəziyyətdə ölkələrlə dialoqu davam etdirərək bu konvensiyaların yerinə yetirilməsi ilə bağlı problemləri həll etməliyik. Üzərindən iki gün keçir və K.Smit Avropa Şurasının baş katibinin çıxışına zidd olaraq Azərbaycanla bağlı belə bədnam layihəni irəli sürür.
Sonda S.Seyidov bir daha qeyd edib ki, bu layihə ABŞ konqresinin mövqeyi deyil, ermənipərəst konqresmenin təxribatıdır və erməni lobbisinin təsiri və maddi dəstəyi ilə həyata keçirilir.
"Azərbaycan" qəzeti
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər