"Bu, münasibətləri gərginləşdirə bilər" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 01:21 | Şərh sayı: (0) | Baxılıb: 273
"Bu, münasibətləri gərginləşdirə bilər"
ABŞ Konqresində Azərbaycana qarşı sanksiyanın qəbul olunacağına inanmıram. Belə bir vəziyyətin yaranması iki ölkə arasında münasibətləri gərginləşdirə və ümumən münasibətlərə xələl gətirə bilər. İnanmıram ki, ABŞ münasibətlərin bu şəkil almasında maraqlı olsun.
Bunu uzun illərdir Azərbaycanı beynəlxalq təşkilatlarda fəal təmsil edən Milli Məclisin komitə sədri Fuad Muradov Milli.Az-a açıqlamasında ABŞ Konqresində Azərbaycanda bəzi şəxslərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılacağı ilə bağlı xəbəri şərh edərkən deyib.
Komitə sədri bildirib ki, belə bir halın yaranması beynəlxalq müstəvidə Qarabağla bağlı aparılan danışıqları, ümumilikdə isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesini ləngidə bilər: "Azərbaycanın üzləşdiyi təcavüzlə bağlı məsələ beynəlxalq miqyas alıb. Bu mənada düşünürəm ki, belə bir vəziyyət yaranarsa, beynəlxalq müstəvidə məsələnin həlli üçün işə salınan elementlər dona bilər. Bu gün Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Azərbaycanın ərazi bütövlüyü pozulub. İyirmi faiz torpaqlarımız işğal altındadır. Bu məsələ ilə beynəlxalq müstəvidə ATƏT-in Minsk qrupu məşğul olur. ABŞ isə qrupun 3 həmsədrindən biridir. Ona görə də düşünürəm ki, bu, həm də birmənalı olaraq ermənipərəst qüvvələrin fəallaşmasına gətirə bilər".
Qeyd edək ki, Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının (ATƏT) rəsmi saytında Amerika Birləşmiş Ştatlarının Azərbaycana sanksiyalar tətbiq edəcəyi barədə məlumat yer alıb.
Bildirilir ki, ABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini artıq Konqresə təqdim edib. Qeyd edilir ki, "Azərbaycanda Demokratiya Aktı" adlı qanun layihəsini Konqresə Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Kris Smit təqdim edib. Kris Smitin təqdim etdiyi sənədin girişində qeyd olunur ki, qanun layihəsi Azərbaycan hökumətinin müstəqil jurnalistləri, müxalif siyasətçiləri və vətəndaş cəmiyyəti fəallarını susdurmaq üçün uzun illər ərzində göstərdiyi sistemli cəhdlərdən sonra hazırlanıb.
Layihədə təklif edilir ki, Azərbaycan hökumətinin yüksək vəzifəli məmurlarına, hakimiyyətə yaxın biznesmenlərə, təhlükəsizlik və məhkəmə sisteminin üzvlərinə ABŞ-a viza verilməsindən imtina olunsun və eyni zamanda onlara qarşı maliyyə sanksiyaları tətbiq edilsin.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər