Rəsmi Bakı “erməni soyqırımı”na dair qanun layihəsinə niyə susur? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:45 | Şərh sayı: (0) | Baxılıb: 263
Rəsmi Bakı “erməni soyqırımı”na dair qanun layihəsinə niyə susur?
Yevda Abramov: “Ciddi münasibət bildirmək lazım deyil”; Hikmət Hacızadə: “Ölkəmiz tərəfindən mütləq müraciətlər olmalıdır”
Bir qrup rusiyalı deputatın “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı Rusiya Dumasının spikeri Sergey Narışkinə etdikləri müraciət ətrafında müzakirələr getdikcə qızışır. Əsasən “Ədalətli Rusiya” partiyasının üzvləri olan deputatların müraciətindən sonra Xocalı soyqırımı yaxınlaşdıqca, ermənilər bu qanun layihəsinin qəbul edilməsi üçün dəridən-qabıqdan çıxırlar. Bir növ bununla əllərinə düşmüş şansı həyata keçirmək üçün Xocalı faciəsinin üzərinə kölgə salmaq istəyirlər.
Xüsusilə Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda qardaş ölkəyə təsir etmək üçün rus deputatlarının müraciətlərinin Rusiya Dumasında qəbul ediləcəyi ilə bağlı narahatedici xəbərlər yayılmaqdadır. Rəsmi Bakının bu məsələdəki susqunluğu narahatçılığı daha da artırır. Təsadüfi deyil ki, artıq rus deputatlarının Dumaya müraciətlərindən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, Azərbaycan hökuməti bununla bağlı hələ də rəsmi mövqe bildirməyib. Doğrudur, qanun layihəsinin nə zaman müzakirəyə çıxarılacağı məlum deyil. Amma istənilən xoşagəlməz hal baş verə bilər. Çünki qanun layihəsi müzakirə edilərsə, onun qəbuluna səsverəcək deputatların əksəriyyətinin ermənipərəst olduğu heç kəsə sirr deyil.
Heç şübhəsiz ki, bu məsələdə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun da fəaliyyəti çox önəmlidir. Amma bu qurum da hələ ki bu məsələdə istənilən mövqeyi əks etdirmir. Bu qurumun Rusiya Dumasına müraciət etməli olduğu halda rəsmi mövqe sərgiləməməsi başadüşülən deyil.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, yəhudi əsilli Yevda Abramov müraciət etməyə ehtiyac olmadığı qənaətindədir: “Rusiya bəyəm bu məsələni tanıyır? Mənə elə gəlir ki, bu məsələni həddindən çox qızışdırmaq, yaxud gündəmə gətirmək lazım deyil. Heç nə məsləhət görmürəm. Xüsusi qruplar hər dəfə beynəlxalq aləmdə ölkələr arasında münasibətləri qızışdırmaq üçün bu tipli məsələlərdən istifadə edirlər. Ölkələr arasında bazarlıq etmək istəyirlər. Bu baxımdan bu məsələyə ciddi münasibət bildirmək lazım deyil. Onlar heç nə edə bilməzlər. Nəinki Rusiyada, digər ölkələrdə də Ermənistan məsələsinə görə hazırlıqlar aparırlar. İnanmıram ki, Rusiya buna ciddi yanaşsın. Sadəcə, çalışırlar ki, bu məsələ qızışsın, digər problemlər kölgədə qalsın”.
Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə hesab edir ki, dövlət səviyyəsində bu məsələ ilə bağlı qonşu ölkəyə müraciət ünvanlanmalıdır: “Hər səviyyədə müraciətlər edilməlidir. Həm deputatlarımız, həm tanınmış şəxslərimiz, həm də Xarici İşləri Nazirliyi məsələyə mütləq münasibət bildirməlidir. Ya nota, ya da bəyanat verilməlidir. Qeyd etmək istəyirəm ki, o qanunun heç bir gücü olmayacaq. Çünki Avropa Məhkəməsi belə qanunların düzgün olmadığını və Avropa Konvensiyasına uyğun gəlmədiyini təsdiqləyib. Bununla bağlı məhkəmə qərarı qəbul edib. Bu qanunun heç bir qüvvəsi olmayacaq. Amma bununla belə, ölkəmiz tərəfindən mütləq hərtərəfli müraciətlər olmalıdır”.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, mümkün olmadı. Zənglərimizə cavab verən tapılmadı.
Qeyd edək ki, deputatların Dövlət Dumasına müraciətlərində kifayət qədər ciddi cəza tədbirlərinin görülməsi nəzərdə tutulur. Partiya üzvləri “soyqırım”ı inkar edənləri 5 il müddətinə azadlıqdan məhrum etməyi, yaxud onları 500 min rubl (8 min 50 manat) məbləğində cərimələməyi istəyirlər. “Soyqırım” faktını inkar etməyə, eyni zamanda “bu cinayətlərin” təqdir edilməsinə görə 300 min rubl (4 min 830 manat) və ya 2 il ərzində əməkhaqqı dəyərində cərimələməklə, yaxud 3 il müddətinə azadlıqdan məhrum etməklə cəzalandırmaq təklif edilir. Əgər bu, kütləvi informasiya vasitələrinin köməyi ilə edilibsə, cərimənin ən yüksək həddini 500 min rubla (8 min 50 manat) qədər artırmağın mümkün olduğu bildirilib. Belə olan halda azadlıqdan məhrum olma müddəti isə 5 ilə qədər artırıla bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər