“Amerika Azərbaycanda sabitliyin olmasında maraqlıdır” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-12-2015, 20:44 | Şərh sayı: (0) | Baxılıb: 294
“Amerika Azərbaycanda sabitliyin olmasında maraqlıdır”
Elxan Şahinoğlu: “Ölkəmizdə xaos yaransa, bu vəziyyətə ya Rusiya hakim olacaq, ya da İran”
“ABŞ Konqresinə təqdim olunan antiazərbaycan akt Azərbaycanda dövlət çevrilişinə hesablanmış bir sənəddir və məqsəddə Azərbaycanda dövlət çevrilişinə hüquqi zəmin yaratmaqdır. Bu sənəd qəbul edilərsə, ABŞ-ın bütün dövlət strukturları bu sənədin icrasına başlayacaqlar”.
Bu fikirləri Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev moderator.az saytına açıqlamasında bildirib. A.Məsiyevin sözlərinə görə, ABŞ-ın Azərbaycana tətbiq etmək istədiyi sanksiyaların hədəfi budur.
Təsadüfi deyil ki, bəzi ictimaiyyət nümayəndələrinin çıxışlarında da bu fikirlərin səslənməsinin şahidi oluruq. Sanki, ictimai rəydə “Amerika Azərbaycanda dövlət çevrilişi etmək istəyir” fikri yaradılır.
Bəs, görəsən, həqiqətən də Amerikanın Azərbaycanda dövlət çevrilişi etmək fikri varmı?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”ın sualını cavablandırarkən bildirdi ki, səslənən bu fikirlər əsassızdır: “Mən heç bir fakta əsaslanmayan bu cür açıqlamaları şərh etmək istəməzdim. 10 il bundan öncə də danışırdılar ki, Amerika Azərbaycanda rəngli inqilab etmək istəyir, indi də deyirlər ki, çevriliş etmək istəyir. Amerikanın Azərbaycanda çevriliş etməyə nə marağı var?! Azərbaycanda çevriliş baş versə, xaos yaransa, Azərbaycan Suriyanın gününə düşsə, Amerika bundan nə yarar görəcək? Bu xaosda ya Rusiya hakim olacaq, ya da İran. Bu, Amerikanın maraqlarına nə dərəcədə uyğundur? Əksinə, ABŞ Azərbaycanın bütövlüyündə və sabitliyində maraqlıdır. Elə olmasaydı, ölkə başçısı İlham Əliyev Antalyadakı məlum çıxışında deməzdi ki, biz Amerikaya verdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk. 90-cı illərdə enerji layihələrinə Amerika dəstək verdi. Rusiya və İran bu layihələrin reallaşmasını istəmirdi. İndi də Amerika TAP və TANAP layihələrində Azərbaycana dəstək verir.
O başqa məsələdir ki, insan haqları və demokratiya məsələləri ilə bağlı Amerikanın Azərbaycana tənqidləri çoxdur. Konqresdəki son qanunlar da ondan xəbər verir. Lakin bunun dövlət çevrilişi ilə heç bir əlaqəsi yoxdur ki, Vaşinqton Azərbaycanda çevriliş etmək istəmir. Çünki Azərbaycanda çevriliş olsa, beynəlxalq terrorçular sərhədimizə gəlib dirənəcək. Amerika onsuz da Suriya və İraqdakı olaylardan kifayət qədər dərs aldı. Bundan sonra haradasa inqilab ssenarisi həyata keçirmək məncə, Amerikanın maraqlarında deyil.
Ərəb ölkələrində və Ukraynadakı çevrilişləri də Amerikanın ayağına yazırlar. Ancaq bu belə deyil. Mən Ukraynadakı hadisələrin canlı şahidiyəm. Ukraynada prezident Yanukoviç vəd verdi ki, Avropa ilə Assosiativ sazişi imzalayacaq. Lakin bundan imtina etdi və Rusiyanın təsir dairəsinə düşdü. Bundan sonra tələbələr küçələrə axışdılar. Bunu Amerikamı təşkil etdi ki, tələbələr küçələrə axışsınlar? O başqa məsələdir ki, növbəti mərhələdə demokratik qüvvələrə Amerika dəstək verdi. Ancaq Amerika Yanukoviçi devirmək kimi bir ssenari həyata keçirmədi. Ərəb dövlətlərində də Amerika hansısa ssenari yazıb, Əsədi, Qəddafini devirmək üçün fəaliyyətə keçmədi. Əvvəlcə insanların narazılığı baş qaldırdı. Ondan sonra isə Amerika demokratik qüvvələrə dəstək verdi. Suriyada çevrilişi Amerika başlamadı. Orada insanlar küçəyə çıxdı, islahat tələb etdi. Lakin Əsəd öz ordusu vasitəsilə həmin insanlara güllə atdı. Ondan sonra qətliamlar baş verdi. İŞİD kimi terrorçu qüvvələr bundan istifadə edib aktivləşdi”.
E.Şahinoğlu Amerikanın beynəlxalq siyasətdə səhvlərinin olduğunu da qeyd etdi: “Bəli, İraq əməliyyatını isə Amerika başladı, Səddam Hüseyni devirdi, lakin bu, uğursuz oldu. Hazırda ölkə bir neçə yerə parçalanıb. Terrorçu qüvvələr ölkəni ələ alıb. Burada Amerikanın günahı var. Lakin bütün günahları Amerikaya yükləmək də düzgün deyil. Harada çevriliş baş verirsə, onun arxasında Amerika izi axtarmaq düzgün yanaşma deyil. Gürcüstanı, Ukraynanı Amerikamı parçaladı? Rusiyanın da fəaliyyəti göz qabağındadır, Amerikanın fəaliyyəti də.
Bu məsələdə, Avropa Birliyi ölkələrinin rolu o qədər də aktiv deyil. Onlar dünyada baş verən proseslərə münasibətlərini bildirirlər, lakin Amerika kimi proseslərə müdaxilə etmirlər. Avropanın özünün o qədər problemi var ki, o başqa problemlərə qarışmır. Avropa Birliyi yalnız hansısa islahatlar paketi təklif edə bilər ki, onu Azərbaycana da təklif edib”.
Azərbaycana sanksiyaların verilməsinin səbəbinə gəlincə, Elxan Şahinoğlu vurğuladı ki, bunun səbəbi siyasi məhbus və “mübahisəli” məhbus adlandırılan bir neçə şəxsin adının olmasıdır: “Amerika və AB o adamların buraxılmasını istəyir. Gözlənilirdi ki, onların da adı əfv siyahısına düşəcək və həm də Kristofer Smitin təşəbbüsünü ortadan qaldıracaq. Lakin əfv fərmanında həmin isimlər siyahıya salınmadı. Ancaq mən düşünürəm ki, hələ gec deyil. Biz bir qrup siyasi məhbusu azad etməklə biz münasibətlərin gərginləşməsini önləyə bilərik.
Amerika ilə münasibətlərin gərginləşməsi Rusiya və İranın xeyrinədir. Mən anlamıram ki, biz bu iki dövləti niyə sevindiririk. Son bir ildə Amerikadan Azərbaycana yetərincə səfərlər olub və münasibətlərdə istiləşmə qeydə alınıb. İndi münasibətlər yenə də çox gərgin mərhələyə qədəm qoya bilər”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər