"Yıxılma dalğası davam edəcək. Çünki onların dəstəklədikləri icra başçıları, deputatlar var" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-11-2015, 20:47 | Şərh sayı: (0) | Baxılıb: 266
"Yıxılma dalğası davam edəcək. Çünki onların dəstəklədikləri icra başçıları, deputatlar var"
Təəssüf ki, prezidentin komandasının bəzi üzvləri ona xəyanət edib. Bu, göz qabağındadır. Əgər dövlət başçısı bu addımları atmasaydı, həm özü, həm də ölkə üçün böyük təhlükələr yarana bilərdi.
Bunu Milli.Az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Pariyasının (VHP) sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı Milli Təhlükəsizlik Nazirliyi (MTN), eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) baş vermiş qanunsuzluqlardan sonra bu qurumlarda aparılan "təmizləmə əməliyyatı"na münasibət bildərərkən deyib.
S.Rüstəmxanlı bu məsələlərdə sabiq nazir Əli Abbasovu ağır cəzaya layiq bilməyib halına yansa da, onun başına gələnlərin öz səhvi ucbatından baş verdiyini deyib:
"Dünən MTN-nin çətiri altında yallanan, onun çörəyi ilə yaşayan adamlar bu gün hamıdan əvvəl ortaya düşüb bu nazirliklərin əleyhinə çıxış edirlər. Mən bu cür qüvvələri də qəbul etmirəm. Məni bu proseslərdə ən çox ağrıdan Əli Abbasovun rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən getməsi oldu. Çünki Əli Abbasov Azərbaycanın görkəmli alimlərindən biridir. Mən onu tanıyıram və o, nazirlərin içində ən çox güvəndiyim, ən çox etibar etdiyim, mədəni, elmi səviyyəsinə görə ən çox bel bağlanılası adamlardan biridir. Təəssüf ki, ətrafında olan adamlar onu güdaza verdilər. Ona görə də hesab edirəm ki, onun ətrafı cəzaya tam layiqdir. Amma Ə.Abbasov da diqqətsizlik edib, bəlkə də üzüyumşaqlıq edib, bəlkə də həmin adamlara inanıb. Onlar naziri pis vəziyyətdə qoydular. Ona görə də Əli Abbasovun vəzifədən uzaqlaşdırılmasına çox təəssüflənirəm. Qalan proseslər isə tam normaldır. Kim bir dövlət kimi Azərbaycanın mənafeyini bilmirsə, qoyulan vəzifədən sui-istifadə edirsə, cəzasını almalıdır".
Tanınmış xadim hesab edir ki, bu addımlar digərlərinə də bir ibrət dərsidir:
"Çünki bu gün maraqlı bir mənzərə yaranıb. Bu gün vəzifəyə qoyulan, heç bir şeyi olmayan, sıravi vətəndaşlardan seçilməyən adamlar sabah birdən-birə milyonçu olur, vampirə çevrilib bu ölkənin sərvətini talayırlar. Bu, çox acınacaqlı vəziyyətdir. Bunun hesabını mütləq aparmaq lazımdır. Necə olur ki, onlar üçün belə münbit şərait yaranıb, bu dərəcə haqsızlıqlar edib, bu dərəcədə ölkənin, millətin pul-parasını çapıb-talayırlar?!
Əgər bu gün iki nazirlik bu vəziyyətdədirsə, qətiyyən təminat vermək olmaz ki, yerdə qalan nazirliklər bu vəziyyətdə deyil. Mənə belə gəlir ki, Azərbaycanda nazirliklərin, məmurların vəzifə sahiblərinin çoxu elə bu vəziyyətdədir.
Ona görə də bu məsələləri dərindən götür-qoy etmək lazımdır. Azərbaycanın dövlətçiliyi baxımından pis işləyən məmurları yerində oturtmaq, belələrini vəzifələrdən yığışdırmaq lazımdır. Bu gün rayon icra başçılarının və digər yuxarı vəzifələrə təyin olunanların çoxu təqdimatla qoyulur. Seçilən deputatların çoxu onlar tərəfindən dəstəklənir. Əgər belədirsə, iş iki nazirin vəzifədən çıxarılması ilə bitmir. Bu, çox böyük prosesdir və axıra kimi aparılmalıdır.
Şübhəsiz ki, məmurların yıxılma dalğası davam edəcək. Çünki onların çevrəsi, dəstəklədikləri icra başçıları, deputatlar var. Onlar hamısı bir-birinə bağlıdırlar. Bu zəncirin halqaları bir-bir ortadan götürülməlidir".
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər