Ermənilər referenduma qarşı birləşirlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-10-2015, 15:42 | Şərh sayı: (0) | Baxılıb: 260
Ermənilər referenduma qarşı birləşirlər
Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 6-da ölkə Konstitusiyasına edilən dəyişikliklərlə bağlı referendumun keçirilməsi barədə qərar qəbul edib. İslahatlar ölkənin idarəçilik üsul-idarəsinin dəyişməsini, prezidentlik institutunun parlament respublikası ilə əvəzlənməsini nəzərdə tutur. Müvafiq qanun layihəsi bu günlərdə parlament tərəfindən təsdiq olunub. İndi isə söz əhalinindir. Heç bir hüququ olmayan erməni xalqı buna "hə" deyəcək, yoxsa "yox", bunu zaman göstərəcək. Hələ ki əhali sənədə sərt reaksiya göstərilir və etiraz aksiyaları keçirilir.
Yeni Konstitusiya layihəsinə görə, səlahiyyətləri azaldılacaq Ermənistan prezidenti mövcud 5 ilin əvəzinə, 7 illik müddətə, ümumxalq səsverməsi ilə deyil, parlament tərəfindən seçilməli olacaq. Bunun üçün namizəd deputatların dörddə üçünün səsini qazanmalı olacaq. Əgər birinci turda bu baş verməsə, onda ikinci turda səslərin sayı beşdə üçə endiriləcək. Prezident cəmi bir dəfə seçilə biləcək. Dəyişikliklərdən sonra icra hakimiyyətinin ən ali orqanı hökumət olacaq. Parlament də hökuməti təsdiq edəcək. Əgər siyasi partiyalar hansısa səbəb üzündən bu məsələdə razılığa gələ bilməsələr, onda parlament buraxılacaq. Qeyd edək ki, beş il müddətinə seçilən parlament ən azı 101 deputatdan ibarət olacaq və ora milli azlıqların seçilməsi də nəzərdə tutulub. Maraqlıdır, milli azlıq dedikdə kimlər nəzərdə tutulur - monodövlətə çevrilən ölkədə ermənilərdən başqa xalq qalıbmı?
Beləliklə, ilk baxışda hər şey yaxşı görünür. Lakin görək məsələyə müxalifətin mövqeyi necədir. Hakimiyyətin opponentləri bunu iqtidarın öz ömrünü daha bir neçə il uzatmaq cəhdi ilə əlaqələndirir. Onlar prezidentlik müddəti 2018-ci ildə başa çatacaq Serj Sarkisyanı öz hakimiyyətini daha bir neçə il müddətə uzatmaqda günahlandırırlar. Düzdür, prezident bəyan edib ki, istefa verdikdən sonra nə prezident, nə də baş nazir olacaq. Amma onun əleyhdarları bildirirlər ki, onun təqdim etdiyi konstitusiya islahatı ölkənin partiya formasında idarəçiliyinə gətirib çıxara bilər. Belə bir variant isə Respublika Partiyasının sədri kimi Sarkisyanın ölkənin birinci şəxsi qismində qalmasına mane ola bilməz. Bu fikri ölkənin ikinci prezidenti olmuş Robert Köçəryan da bölüşür. O, internet resurslardan birinə müsahibəsində bildirib ki, ölkənin qarşısında duran həlli vacib məsələləri elə mövcud konstitusiya ilə də həll etmək olar. Və heç kim də onun funksional olduğunu şübhə altına ala bilməz: "Yeni layihə faktiki olaraq ölkəni birpartiyalı keçid sisteminə yuvarladır. Bu da siyasi monopoliya və durğunluq deməkdir".
Hazırkı qüvvələr balansını qiymətləndirən "İrs" Partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyan isə Ermənistan əhalisini kütləvi itaətsizliyə çağırıb. "Referendumun nəticələri saxtalaşdırılacaq. Onun keçirilməsi üçün qoyulan vaxtdan hakimiyyəti devirmək üçün istifadə etmək gərəkdir. Üçgünlük etiraz aksiyası Sarkisyan və Respublika Partiyasının devrilməsi üçün kifayət edəcək", - deyən partiya funksioneri əlavə edib ki, "İrs" Partiyası partiyalar və ayrı-ayrı siyasilərlə məsləhətləşmələrə başlayıb. Postancyan müxalif parlament partiyalarının ölkədə baş almış konstitusiya islahatı əleyhinə "Yox" və "Keçməyəcək" təşəbbüslərində birləşən onlarla ictimai və siyasi qüvvələrlə birlikdə referendumda konstitusiya dəyişikliyi əleyhinə təbliğat və itaətsizlik kampaniyasına qatılacaqlarını bəyan edib. "İrs" Partiyasının lideri Raffi Ovanisyan isə hesab edir ki, 6 dekabr yeni Ermənistanın formalaşmasında yeni mərhələ olacaq. İslahatlara qarşı çıxan "Yeni Ermənistan" cəbhəsini alqışlayan partiya sədri "vahid gündəlik-vahid meydan" formulunun tərəfdarı olduğunu bəyan edib. "Yalnız birləşmiş səylərlə Ermənistanın quberniya və birpartiyalı sistemə keçməsinin qarşısını almaq mümkündür", - deyə partiya sədri vurğulayıb.
"Sarkisyan dekabrın 6-da referendum elan etməklə ictimai rəyə və çoxluğun mövqeyinə bir növ tüpürmüş olub". Bu sözləri isə Erməni Milli Konqresinin fraksiya rəhbəri Levon Zurabyan bəyan edib. Onun sözlərinə görə, reallıqda konstitusiya islahatı ilə bağlı hakimiyyətlə hər hansı bir konsensus yoxdur. "Bu daha çox geriyə olan bir konsensusdur. Böyük əksəriyyət buna qarşıdır. Reallıqda bu referendumu az bir qisim istəyir - Serj Sarkisyan və onun partiyası. Bu islahatlar ölkənin mövcud əsaslarını dağıdır və avantürist bir qərardır. Məqsəd hakimiyyətin mövqelərinin gücləndirilməsidir".
Belə bir iddia var ki, konstitusiya islahatını ortaya atmaqla hakimiyyət başqa məqsəd də güdür. Söhbət Qarabağ problemindən gedir. Onun müəllifləri hesab edirlər ki, ola bilsin, münaqişənin həlli ilə bağlı hansısa bir variant yaransın. Bu sırada erməni tərəfinin hansısa güzəştlərə gedə bilməsi göstərilir. Bununla, qəbul ediləcək qərarın məsuliyyətinin ümumi şəkildə bölüşdürülməsi nəzərdə tutulur. Bu cür ssenari ilə isə Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan razılaşmır. "Danışıqlar prosesi elə bir mərhələ və vəziyyətdə deyil ki, hansısa bir güzəştdən söhbət getsin. Kompromis variant mövcud deyil", - deyə o, rusiyalı nəşrlərdən birinə müsahibəsində bəyan edib.
Kaspi.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər