Hərbçilərə verilən kirayə pulu artırıla bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-10-2015, 18:20 | Şərh sayı: (0) | Baxılıb: 266
Hərbçilərə verilən kirayə pulu artırıla bilər
Azərbaycanda hərbi qulluqçulara verilən kirayə haqlarının məbləğinin artırılması məsələsi Milli Məclisdə yenidən qaldırılacaq.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.
Ombudsman Elmira Süleymanovanın bununla bağlı təklifini dəstəklədiyini deyən millət vəkili də hesab edir ki, hərbçilərin kirayə haqlarını artırmaq lazımdır: "Çox istərdim ki, Maliyyə Nazirliyi bu məsələni nəzərdən keçirib müvafiq tədbir görsün. Şübhəsiz ki, bu məsələni Milli Məclisin plenar iclasındakı müzakirələr zamanı bir daha qaldıracağıq".
Qeyd edək ki, ombudsman Elmira Süleymanova Milli Məclisdə bir neçə komitənin iştirakı ilə keçirilən 2016-cı ilin büdcə müzakirələri zamanı hərbi qulluqçulara verilən kirayə haqlarının məbləğinin artırılmasını təklif edib: "Hazırda hərbi qulluqçulara kirayə haqqı olaraq rayonlarda verilən 30 manat, Bakı şəhəri üzrə isə 47 manat real vəziyyəti əks etdirmir. Bu qiymətlərə nə rayonlarda, nə də Bakıda ev kirayələmək mümkündür".
Bununla bağlı hərbi ekspert Üzeyir Cəfərov Milli.Az-a açıqlamasında da qeyd edib ki, bu qiymətlərin indiki şəraitdə real olmadığı qənaətindədir: "Ona görə də hərbçilərə verilən kirayə haqlarının məbləğinin artırılması və eyni zamanda vəziyyətdən çıxış yollarını axtarmağın tərəfdarıyam. Bundan həm vətəndaş, həm də dövlət qazana və yararlana bilər".
Ekspertin fikrincə, müvafiq güc strukturlarının rəhbər şəxslərinin bu məsələ ilə bağlı maraqlı və cəlbedici təkliflərlə çıxış etmələri də yaxşı olardı: "Çünki MDB ölkələrində Azərbaycandakı kimi genişmiqyaslı tikinti-quruculuq işləri aparılan ikinci bir ölkəyə rast gəlmək mümkün deyil. Əlbəttə ki, bu, Azərbaycanın iqtisadi imkanlarının hesabına başa gələn bir məsələ olduğuna görə belə bir real mənzərə ilə üz-üzəyik. Biz nəinki hərbi qulluqçularımızın, hətta digər dövlət və hökumət strukturlarında çalışan və mənzilə ehtiyacı olan şəxslərin də problemlərini həll edə bilərik. Sadəcə bu istiqamətdə işləmək, dəyərli təkliflər vermək, yollar aramaq lazımdır".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər