Rüşvət və korrupsiyaya yol verən yüksək vəzifəlilər cəzalanmalıdırlar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-11-2015, 12:01 | Şərh sayı: (0) | Baxılıb: 306
Rüşvət və korrupsiyaya yol verən yüksək vəzifəlilər cəzalanmalıdırlar
Ölkədə daha yüksək vəzifəli insanlar tərəfindən rüşvət və korrupsiya hallarına yol verilirsə, hüquq-mühafizə orqanları qanunun verdiyi imkanlardan istifadə etməklə onları cəzalandırmalı və bununla cəmiyyətə göstərilməlidir ki, hətta ən yuxarı təbəqədə də belə neqativ hallar varsa, onlara qarşı da mübarizə aparılır. Ölkə başçısının bu istiqamətdə son aylarda atdığı addımlar isə rüşvət və korrupsiyaya qarşı mübarizənin effektivliyini daha da artıracaq.
Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə prezident İlham Əliyevin Azərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizədə heç kimin toxunulmaz ola bilməməsi barədə fikirlərinə münasibət bildirərkən deyib.
Millət vəkili hesab edir ki, Azərbaycanda rüşvət və korrupsiyaya qarşı aparılan mübarizə kampaniya xarakterli deyil: "Kampaniya xarakterli o halda olardı ki, 1-2 adamı tutardılar, bununla da dayanardılar. Sovet dövründə belə bir şey vardı ki, hansısa satıcını, həkimi və ya aşağı vəzifəli şəxsi tutardılar və deyərdilər ki, ölkədə rüşvət faktı və buna qarşı mübarizə aparılır. Amma indi elə deyil. Hamı görür ki, cənab prezident bununla bağlı siyasi iradəsini ortaya qoyub, Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin başçılığı ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası fəaliyyət göstərir, bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradılıb, onlara geniş səlahiyyətlər və əlavə ştatlar verilib. Bütün bunlar hamısı ölkədə rüşvət və korrupsiya ilə mübarizənin daha səmərəli aparılması üçün atılan addımlardır".
Ç.Qənizadənin fikrincə, bu mübarizədə vətəndaşlar da fəal olmalı, əllərini, qollarını sallayıb hər şeyi ölkə başçısından və dövlət orqanlarından gözləməli deyillər: "Cənab prezident də deyib, biz də deyirik ki, bu gün də ölkədə rüşvət var. Ayrı-ayrı şəxslər vəzifəyə təyin olunarkən öz üzərinə düşən vəzifəni yox, nə qədər pul qazanacaqları barədə fikirləşir, gecə-gündüz bu xəyallarla yatıb-dururlar. Amma biz də dövlət başçısına dəstək olmalı və hər şeyi ondan ummalı deyilik. Harada belə neqativ faktlar varsa, dərhal müəyyən "qaynar xətlər"ə müraciət etməli, məlumat verməli, bunu ictimailəşdirməliyik. Bu məsələdə mətbuatın da böyük rolu var.
Cənab prezident ictimai nəzarət məsələsinə dəfələrlə toxunub. İctimai nəzarət ona görə lazımdır ki, ölkədə rüşvət və korrupsiyadan tutmuş digər neqativ hallara qədər nə varsa, cəmiyyət hamısını açıqlasın və lazım gələndə bu barədə cənab prezidentə müraciətlərlə məlumat versin".
Qeyd edək ki, noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev çıxışı zamanı deyib ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır: "Mən bu məsələlərlə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, müvafiq göstərişlər verilmişdir. Burada biz öz işimizi üç istiqamət üzrə davam etdirməliyik. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılırlar. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək.
Çünki əfsuslar olsun ki, buna hələ ehtiyac var. Ancaq bununla bərabər, əlbəttə ki, sistem xarakterli, institusional islahatların aparılmasına böyük ehtiyac var. Biz korrupsiya, rüşvətxorluq üçün, əgər belə demək mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün".
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər