Füzuli niyə “namaz əhli ilə durub-oturma” yazırdı? |
Müəllif: Admin | Bölmə: Poeziya, Slide | Vaxt: 15-02-2017, 09:15 | Şərh sayı: (0) | Baxılıb: 426
Füzuli niyə “namaz əhli ilə durub-oturma” yazırdı?
Azərbaycan klassik ədəbiyyatında ən çox təhlil və təbliğ edilən şairlərdən biri Füzulidir desək, səhv etmərik. Həqiqətən, Füzuli ədəbiyyat tariximizdə yeni bir səhifə açmış, təzə nəfəs yaratmış və özündən sonrakı şairlərin yaradıcılığına çox güclü təsir göstərmişdir.
XVI əsrdən sonra yaşamış elə bir əruz şairi tapmaq çətindir ki, Füzulidən bəhrələnməmiş olsun. Özü də bu xüsusiyyət yalnız Şimali Azərbaycan ədəbiyyatına deyil, həm də Cənubi Azərbaycan, Osmanlı və Orta Asiya ədəbiyyatına şamil edilə bilər.
Füzuli yaradıcılığında dini motivlər qırmızı xətt kimi keçir, bu xəttin mərkəzində isə Əhli-beyt sevgisi durur. İstər şairin üç dildə (azərbaycan, fars və ərəb) yazdığı qəzəl və qəsidələrdə, istərsə də “Hədiqətüs-süəda” və “Mətləül-etiqad” kimi əsərlərdə bunun bariz nümunəsi görünməkdədir. Üstəlik, Füzulinin müqəddəs torpaqlarda yaşayıb-yaratması, Kərbəlada İmam Hüseyn (ə) hərəmində xidmət etməsi və orada da torpağa tapşırılması onun dini dəyərlərə sadiq olduğunu iddia etməyə əsas verir.
Bu məqalədə şairin haqqında müəyyən şübhələrə səbəb olan bir məqam haqqında söz açacağıq. Söhbət Füzulinin:
Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma,
Namaz əhlinə uyma, onlar ilə durma, oturma!
beyti ilə başlayan qəzəlindən gedir. Sovet dövründə təhsil alanlar yaxşı xatırlayırlar ki, orta məktəbin yuxarı sinif ədəbiyyat dərsində bu qəzəli Füzulinin dinsiz və ateist düşüncəyə sahib olmasının sübutu kimi tədris edirdilər. Təəssüf ki, qəzəlin mənası barədə yetərincə izahlar hələ də verilmir. Təqdim edilən bəzi şərhlər isə həqiqətdən çox uzaqdır. Belə ki, siyasət xadimlərimizdən biri bu qəzələ istinad edərək Füzulini kafir adlandırır. Hörmətli akademiklərimizdən biri isə öz müsahibəsində nəinki qəzəlin mənasını açmağa cəhd etmir, əksinə, öz şərhi ilə məsələni daha da şübhəli şəklə salır.
Əvvəla, bunu qeyd edək ki, hər şairin düşüncəsindəki irfani istilahlar fərqlənə bilər. Sözün hansı mənada işlənməsi çox zaman şairin tutumundan, mənəvi halətindən asılıdır. Eləcə də, təsəvvüf lüğətlərində bəzi istilahlara müxtəlif mənalar vermişlər. Ona görə də, Füzulinin məlum qəzəlində və digər əsərlərdə bəzi kəlmələrin məna yükü oxucunu çaşdırmasın. Müəyyən söz bir baxımdan küfr ittihamına səbəb olsa da, digər baxımdan simvollar yolu ilə izah edilə bilər. Biz də Füzulinin bu qəzəlində rast gəlinən və ilk baxışdan dinə zidd görünən məsələlərdən bəzilərinə aydınlıq gətirməyə çalışacağıq.
Bizim qənaətimizə görə, Füzuli bu qəzəli klassik təsəvvüf ənənəsinə uyğun mövqedən, simvolların dili ilə qələmə almışdır. Bu qəzəl şairin bəzi başqa əsərləri ilə məna və üslub baxımından yaxın olsa da, bəzi əsərlərindən seçilir. Belə ki, şairin bir çox əsərləri bu cür simvollardan uzaq, daha qəti fikirləri özündə ehtiva edir. Ona görə də, belə bir ehtimalı istisna etmirik ki, bəlkə də bu qəzəl Füzuli yaradıcılığında müəyyən bir dövrün məhsulu olmuşdur.
Nəzərdən qaçırmayaq ki, haqqında danışılan qəzəl Füzuli divanının heç də bütün mötəbər nüsxələrində mövcud deyil. Belə ki, Füzulinin azərbaycanca divanının hələ ki ən mükəmməl nəşri sayılan və mərhum professor Həmid Araslı tərəfindən hazırlanmış 1958-ci il nəşrində (beşcildliyin birinci cildi) qeyd edilir ki, tədqiqat zamanı istifadə edilmiş 7 nüsxənin üçündə bu qəzəl yoxdur.
Qəzəl barədə mülahizələrə başlamazdan əvvəl bir suala cavab verməyin faydalı olduğunu düşünürük. Niyə orta əsrlərdə yaşayıb-yaratmış, yüksək əxlaq və əqidə sahibi olmuş böyük şairlərin əsərlərinin əksəriyyətində əyyaşlıq məclislərinə xas olan, dini dəyərləri inkar edən ifadələrə bol-bol rast gəlirik? Mey, şərab, meyxanə, saqi, badə, piyalə, peymanə, xumar, canan, ləb, busə, zülf, xəttü-xal, qumar, zünnar, bütxanə, tərsabeçə kimi sözlər bu şairlər tərəfindən niyə rəğbətlə xatırlanıb? Əksinə, məscid, zahid, abid, təsbih, həya, vaiz kimi müsbət mənalı sözlər isə məzəmmətlə yad edilib?
Bu sualın cavabı barədə fərqli fikirlər mövcuddur. Bir nəzəriyyəyə görə, ariflər özləri üçün sanki şifrə olunmuş bir dil yaratmışlar. Bu yolla onlar öz düşüncələrini hazırlıqsız, yad insanlardan gizlətmək istəyirdilər. Çünki həqiqətən, o halları yaşamadan həmin yazıları oxumaq insanın əqidəsində ciddi çaşqınlıqlar yarada bilər. İkinci nəzəriyyəyə görə, qədim sufilər qəsdən belə bir yola əl atmışlar. Onlar istəmirdilər ki, xalqın gözündə böyük görünsünlər, həmişə diqqətlə əhatə olunsunlar. Bu, onların mənəvi təkamülünə, təvazösünə və riyazətinə (fiziki-mənəvi çalışmalarına) mane ola bilərdi. Əksinə, onlar xalqın gözündə əskik görünmək, tərk olunmaq marağında idilər. Bununla onlar öz mənəmliklərini öldürüb, xudbinliyə qalib gələ bilirdilər, tənha və qapalı həyat tərzinə davam etməyə imkan tapırdılar. Buna görə sufilər cəmiyyət içində əyyaşlara xas olan, dini dəyərlərə uyğun gəlməyən sözlər danışır, özlərini sərxoş kimi göstərir, zahidləri məsxərəyə qoyurdular. Sonralar get-gedə bu üslub təsəvvüf ədəbiyyatının dilinə çevrildi və əsrlər boyunca ona riayət olundu.
Hər halda, bunu unutmayaq ki, orta əsrlərin yetirməsi olan, fars, türk və sairə dillərdə yazıb-yaradan elə bir şair tapmaq çətindir ki, bu cür “şifrələrdən” istifadə etməsin. Həmin şeirləri zahiri mənada qəbul etmək, Hafiz Şirazi, Mövlana Rumi, Həkim Sənai, Əttar Nişaburi, Əbdürrəhman Cami, Şəms Təbrizi, Mahmud Şəbüstəri, Saib Təbrizi kimi nəhəng şairlərin dindən uzaq olduqlarını iddia etmək mənasına gəlir. Həmçinin, belə bir düşüncə ilə Şeyx Bəhai, Feyz Kaşani, Molla Hadi Səbzəvari kimi böyük din alimlərinin şəxsiyyəti, yazdıqları irfani şeirlər üzündən şübhə altına düşür...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər