DÜNYA VƏ AZƏRBAYCAN KLASSİK ŞAİRLƏRİNİN ƏSƏRLƏRİNDƏ ƏHLİ-BEYT (Ə) |
Müəllif: Admin | Bölmə: Poeziya | Vaxt: 25-12-2015, 01:40 | Şərh sayı: (0) | Baxılıb: 3130
DÜNYA VƏ AZƏRBAYCAN KLASSİK ŞAİRLƏRİNİN ƏSƏRLƏRİNDƏ ƏHLİ-BEYT (Ə)
Orta əsrlər tarixində yaşamış bir sıra dünya və Azərbaycan şairlərinin əksəriyyəti demək olar ki, əhlibeyt mövzusuna müraciət etmişlər
Bəzi tədqiqatçılar bunu tarixi Azərbaycan torpaqlarında şiə məzhəbinə mənsub hökmdarların başçılıq etməsi ilə əlaqələndirir. Lakin, şairlərin bəzisinin yaşadığı dövrə baxsaq bunun tamamilə əksinə olduğunu ğörərik. Misal üçün Nizaminin Şirvanşahlar, Nəsiminin Teymurilər, Füzulinin Osmanlılar dövründə yaşadığını nəzərə alsaq bu yanaşmanin yanlış olduğu bir daha bızə sübut olar. Nəsiminin o dövrdə Yezidi qan içən it, donuz adlandırmasına heç də ötəri baxmaq olmaz . Nəsimi qeyri- Əhlibeyt ideyalı hakimlərin hökmranlıq etdiyi ölkələrdə yaşayan mütəfəkkirlər arasında bəlkə də təqiyyə etməyən yeganə şair idi. Bəhanə olaraq Nəsimini kafir kimi öldürsələr də əslində buna səbəb onun əhlibeyti (ə) təbliğ etməsi idi. Sual çıxa bilər ki, bu cəza niyə məhz Nəsimiyə şamil olundu, niyə Nəsimi bu qədər təqib olunurdu? Əlbəttə, cavab çox sadədir. Nəsiminin Əhlibeyt(ə) haqda olan ağır fəlsəfə yüklü şeirləri sanki musiqi bəstəsində idi. Başa düşən də ,başa düşməyən də bu rəvan, axıcı şeirləri dillərində zümzümə edirdi.Məclislərdə Nəsiminin qəzəlləri, qəsidələri oxunurdu. Bu şeirlər qılınc gücü ilə dəyişilməyən beyinlərə daha tez təsir edirdi. Bir sözlə Nəsiminin Əhlibeyt(ə) məzmunlu şeirləri cəmiyyət arasında daha sürətlə yayılırdı.
Onun şeirlərində əqidəsinin birbaşa izharı siyasi cəhətdən Nəsimi üçün çox təhlükəli idi.
Mən ol sadiq qulam kim, Cəfəriyəm.
Həqiqət söylərəm, həqq Heydəriyəm...
Nəsimiyəm,Yezidə lənətim var,
Əzəldən mən düçare Xeybəriyəm.
Nəsimi şeirlərinin birində dərisinin soyulmasına fətva verənləri belə adlandırmışdır. “ Şul pustimi soydu Yezid-Mərvanilər”. Buradan bir daha məlum olur ki, Nəsimi İslamda təriqətlər zəminində süni şəkildə ixtilaflar yaradan hakimlər tərəfindən təqib olunurmuş.
Nəsiminin tənqid hədəflərindən biri də özlərini arif kimi göstərən bəzi sufilər idi.
Bir məgəsdir balı yox.
Bir ağacdır barı yox
Burada Nəsimi o dövrün hakim dairələrini, əqidəsiz din xadimlərini, riyakar zahidləri özlərini balverən arıya bənzətmək istəsələr də məgəs (milçək) adlandırmış, barsız ağaca bənzətmişdir.
Nəsiminin nəsihətamiz şeirləri də tərbiyəvi cəhətdən çox mühümdür. Şeirlərinin birində ədib təriqət çaşqinlığında qalanlara belə buyurur:
Ey könül hər bivücuddan can umursan, nə əcəb.
Bikərəmdən lütfilən, ehsan umursan, nə əcəb.
Bişəriətlər nə bilsün ənbiyanın şərtini,
Bitəriqətdən rəhe ərkan umursan, nə əcəb?!
Bibəsrdən məniye şövqe kəmale mərifət,
Bixəbərdən söhbəte ürfan umursan, nə əcəb?!
Hər qayanın ləli olmaz, hər dənizin gövhəri,
Hər sədəfdən loloye mərcan umursan, nə əcəb?!
Çun Əzrayil əhsəne təqvimə baş endirmədi,
Onda sirre kəbeye Hənnan umursan, nə əcəb?!
Divuna məhrum ke, tutmaz isme Əzəmdən xəbər,
Əhriməndən rəhməte Rəhman umursan, nə əcəb?!
Heçmiş zöhdü və zerqi, zahidin əfsanəsi.
Şul fəqihdən məniye Quran umursan, nə əcəb?!
Umma hər qəlbi zoğaldan aşiqin əsrarını.
Kafirin könlündə sən iman umursan, nə əcəb?!
Ey Nəsimi, bivəfadan umma gəl rəsme vəfa.
Bivəfadan əhdilən peyman umursan, nə əcəb?!
Füzulinin də yaşadığı dövr Əhlibeyt(ə) mövzusuna müraciət etmək baxımından çox təhlükəli idi. 100 il özündən qabaq yaşamış Nəsiminin başına gələnlər dahi Füzuliyə həyəcan siqnalı idi. Buna baxmayaraq özündən sonrakı şairlərə bu mövzuda meyar ola biləcək əsərini yazır. Kərbəla hadisəsindən bəhs edən “Hədiqətüs-süəda” o dövr üçün Füzulinin siyasi baxımdan şedevr əsəri sayıla bilər.
Həmçinin, dünya klassik şairlərinə də nəzər salsaq onların da eyni ilə Azərbaycan ədiblərinin “günündə” olduğunu görərik. Misal üçün Firdovsinin, Sədinin, Ruminin yaşadıqlari dövrə və yazdıqları əsərlərə diqqət etsək bunun tam şahidi olarıq . Ruminin bəzi məzhəblər arasında ixtilaflı məsələ olan “son xilaskar”əqidəsi tamamilə Əhlibeyt(ə) ideyesına uyğundur. Misal üçün şeirlərinin birində on ikinci imamın adının Mehdi (ə), həmçinin Həzrət Əlinin (ə) nəslindən olacağını bildirir.
Həmişə yaşar İmam, həm Vəliyyi qaimdir!
O Əli nəslindəndir, mətanəti daimdir!
Mehdidir, Hadidir o, əməli düz İmamdır,
Həm gizlidir görünmür, həm də ali-məqamdır. (tərc. Şirinov Səfər)iuy
Ruminin fars dilində yazdığı məşhur əsəri olan “Məsnəviye Mənəvi”nin ilk iki misrasına nəzər salaq.
Beşeno əz ney çun hekayət mikonəd
Vəz codayiha şekayət mikonəd.
Eşit neydən hekayət edir
Ayrılıqdan şikayət edir (Tərc. Vüsal Hətəmov)
Əsər “beşeno” (fars dilində eşitmək sözünün ikinci şəxsin təkində əmr formasındadır) kəlməsiilə başlayır. Tədqiqatçıların nəzərincə əsərin “beşeno” kəlməsi ilə başlanmasında məqsəd Həzrət Əlidir(ə) . Qurani-Kərim “Bismilləhir rahmənir rahim ” ayəsi ilə başlayır. Bu ayənin ilk hərfi “Be”dir . “Be” hərfinin nöqtəsi isə Həzrət Əliyə(ə) şamil edilir. (ərəb əlifbasnda “B” səsini hərf kimi ifadə etmək üçün altında nöqtəsi olan işarədən istifadə edilir).Rəvayətə görə Həzrət Əli(ə) dərdini heç kimə deyə bilmədiyindən bir quyu qazır və dərdini həmin quyuya danışır. Vaxt keçir həmin quyuda bir ney (qamış) bitir. Bir gün oradan keçən bir çoban həmin qamışı kəsir və ondan tütək (ney) düzəldir. Elə ki, tütək dilə gəlir əslindən (qamışlıqdan) ayrıldığı üçün fəryad edir.
Əlbəttə, burada Rumi insanın İlahidən ayrı düşməsinə işarə edir. “Vəhdətül-vücud” fəlsəfəsinə görə insan əslən İlahidən ayrılıb və sonda İlahiyə qovuşacaqdır. Ruminin ürfan məsələsində Əhlibeytə(ə) müraciət etməsi təsadüfi deyildir. Tarixdəki bütün ariflərin Əhlibeytlə(ə) əlaqədə olmaları zövq əhlinə məlumdur. Ruminin “Məsnəviye Mənəvi”dəki məsumlar barədə olan fikirləri əsərin ideyasını, həmçinin ədibin əqidəsini demək olar ki, müəyyən edir.
Əsərdə Müaviyə ilə iblisin görüşü də diqqətəlayiq dərəcədə maraqlıdır.
Görkəmli Əhlibeyt(ə) şairlərindən biri də Seyid Əzim Şirvanidir. Səxavətin mənbəyini Həzrət Əlinin(ə) timsalında göstərən Şirvani eyni zamanda məzhəb məsələsində də ayrı-seşkilik salmamış və şeirlərinin birində “ Mən nə sünniyəm, nə şiə” ifadəsini işlətmişdir. Bu ifadəni eyni ilə İmam Hüseynə(ə) aid çox sayda mərsiyyələr yazmış və Seyid Əzim Şirvanin davamçısı sayılan Mirzə Ələkbər Sabir də şeirlərinin birində işlətmişdir. Bu da birbaşa sübut edir ki, Əhlibeyt(ə) şairlərinin ümdə məqsədlərindən biri də məzhəblərarası ixtilafların həllidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər