Ariflərin dediyi şərab nədir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 7-02-2017, 19:25 | Şərh sayı: (0) | Baxılıb: 233
Ariflərin dediyi şərab nədir?
Müqəddəs Kərbəla şəhərində, İmam Hüseynin (ə) hərəmində xidmət etmiş və hərəmin ərazisində dəfn olunmuş Mühəmməd Füzuli “Rindü Zahid” əsərində meydən, şərabdan və meyxanədən rəğbət hissi ilə söz açır. Xəbərsiz oxucu Füzulinin sözlərini sərxoşluğa dəvət kimi də qəbul edə bilər. Lakin əsəri oxuduqca aydın olur ki, şairin rəğbətlə danışdığı mey, meyxanə və saqi məfhumlarının şəriətdə haram buyurulmuş içki ilə heç bir əlaqəsi yoxdur. Çünki əsərin qəhrəmanlarından biri Zahid əsil şərab haqqında bu fikirdədir: “Ey Rind! Şərab içənlər barəsində Allahın hökmü kafi bir dəlildir və Allah əhlinin ondan ikrah etmələri sənə kafi cavabdır. Bir xəbisi ki, Allah haram edir, imtahana nə ehtiyacı? Bir cəmiyyəti ki, öz dərgahından qovur, onlarla qaynayıb-qarışmaq və onlara yaxınlaşmaq layiq deyildir”.
Meyxanənin qapısında duran Rind öz şübhəsini bildirir ki, bəlkə bu şərabın hər damlası cəhənnəm odunu söndürməyə səbəbdir? Bəlkə burada oxunan hər nəğmə Allahın zikridir? Sonra Rind öz şübhələrinə cavab tapmaq üçün meyxanəyə qədəm basır, oradakı qocanı (piri, mürşidi) sorğu-suala tutur, haram şərabla əlaqəsinin olub-olmadığını soruşur. Qoca ona cavab verir: “Allaha şükür ki, mən ora ayaq basmamışam, o cəmiyyətin tələsinə düşməmişəm. Hansı bədbəxdir ki, gözəl ağlını və anlağını o cinslə (şərabla) məşğul olub əldən versin?”
Bunu demək kifayətdir ki, pir meyxanəyə qədəm basan Rindi qarşılayarkən, “bismillah” söyləyir: “Əgər bizi istəyirsənsə, otur, bismillah!”
Meyxanədə təklif edilən mey əslində insanı təmənnalı ibadətdən, huri-qılman arzusu ilə edilən itaətdən təmizləyən, onun dünya ilə əlaqəsini kəsən, mal-dövləti artırmaq və cahü-cəlal qazanmaq istəyini yox edən bir dərmandır.
“İrfani söz, termin və ifadələr lüğəti”ndə “mey” bölməsində yazılıb ki, eşqin qələbəsinə mey deyirlər. Eləcə də, mey – haqq yolçusunun qəlbində yaranan və ona rahatlıq verən zövqdür.
Ariflərin nəzərində meyxanə - Haqqın təcəlla etdiyi, ilahi hikmətlərin aşkara çıxdığı məkandır. Burada ariflər həm dünyanın, həm də axirətin asılılığından qurtular, özlərini vəhdət aləmində, Allahın hüzurunda görərlər. Bu yerdə bütün əlaqələr qırılar, bütün istəklər məhv olar, yalnız Allahın iradəsinə təslimiyyət qalar.
Başqa bir izaha görə, meyxanənin sakinləri üzüm suyu deyil, göz yaşı içirlər. Allah-Təalanın şövqündən və günahlarının çoxluğundan dəhşətə gəlib, zar-zar ağlayan ariflər məcazi dil ilə öz qanlı göz yaşlarını al şəraba bənzətmişlər. Hafiz Şirazi divanın ilk qəzəlində deyir:
Əgər piri-muğan desə, səccadəni meylə boya,
Gərək haqq yolçusu yoldan və mənzillərin qaydasından xəbərsiz olmasın.
Bəli, ariflər namaz və dua zamanı öz səccadələrini göz yaşı ilə isladarlar, çünki bu cür riqqət və səmimiyyətlə ibadət etməyi Allah-Təala əmr etmişdir. Özü də burada adi göz yaşı deyil, səccadəni boyayan, ürək qanı ilə əlvan olan göz yaşı nəzərdə tutulur.
XIX əsr Azərbaycan klassik ədəbiyyatının ən görkəmli siması olan, Nəcəf şəhərində kamil ruhani təhsili almış, onlarla dini məzmunlu qəsidə və növhə yazmış Hacı Seyyid Əzim Şirvani: “Evlər yıxıldı dəhrdə şürbi-şərabdən” – deyərək, insanları bu böyük günaha bulaşmamağa çağırırdı:
İçmə şərabi-nabi ki, ümmül-fəsaddir,
Hər fitnədən şərab fəsadı ziyaddir.
İçmə onu ki, içmədi Peyğəmbəri-xuda,
İçmə onu ki, içmədi sultani-övliya.
Meyl etmə kim şərabə, dimağə ziyanı var,
İçməz o kimsə ki, xirədi-nüktədanı var.
Seyyid Əzim Şirvani şərabı “ümmül-fəsad” (fitnə-fəsadların mənbəyi) adlandırmaqla, Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur bir hədisinə işarə vururdu: “Bütün günahlar bir evdə toplanıb ki, o evin qapısının açarı şərabdır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər