On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-11-2015, 01:52 | Şərh sayı: (0) | Baxılıb: 1423
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
İslamın ana qaynaqlarında UNO (uçan naməlum obyektlər) barəsində dəqiq və birmənalı məlumatlar axtarmaq yanlış olardı. Çünki hər şeydən öncə, VII əsr ərəbinin düşüncə səviyyəsi bu cür məsələlərdən danışmağa imkan verməzdi. Yerdənkənar sivilizasiyaların axtarışı problemi həm riyazi, fiziki və astronomik biliklərin müəyyən səviyyəyə çatması, həm tələb olunan texnologiya və tədqiqat cihazlarının kəşf olunması, həm də bütünlükdə bəşər şüurunun bu cür məsələləri dərk edəcək və buna önəm verəcək həddə yetişməsi ilə birbaşa bağlıdır.
Lakin bununla belə, istər Qurani-Kərimin bəzi ayələri, istərsə də İslam müqəddəslərinin bir çox kəlamları bu gün araşdırıldıqda, onlarda yerdənkənar sivilizasiyalar, məskunlaşmış dünyalar və s. barədə işarələrin olması ehtimalı ortaya çıxır. Belə ki, müasir təfsirçilərin bir qismi hətta hamının əzbər bildiyi "Əl-həmdu lillahi rəbbil-aləmin" (Fatihə, 2) ayəsini də bu cür şərh edirlər. Bildirirlər ki, Allah bu aləmdən başqa digər aləmlərin də rəbbidir ve həmin aləmlərdə də canlılar yaşayırlar. Bundan başqa, təfsirçilər Quranın aşağidakı ayələrini də yerdənkənar sivilizasiyaların mövcudluğuna sübut kimi təqdim edirlər:
"Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən həlimdir, bağışlayandır" (İsra, 44)
"Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir" (Şura, 29)
"Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər" (Nəhl, 49)
Göründüyü kimi, bu ayələrdə göylərin və yerin canlı sakinlərindən söhbət açılır. Bu canlıların mələklərdən fərqli olduğu bildirilir. Məlumdur ki, yalnız Yer səması (birinci səma) quşlarla məskunlaşıb. Deməli, səmanın daha yüksək qatlarında başqa növ canlıların yaşadığını fərz etməyə güclü əsas vardır.
Bu mövzudakı hədisləri də dediklərimizə əlavə etsək, xeyli inandırıcı bir mənzərə ilə qarşılaşarıq.
İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "Allahın 12 min aləmi var. Hər aləm 7 səmadan və 7 yerdən daha böyükdür. O aləmlərdən heç biri sizə görünmür. Allahın bunlardan başqa da aləmi var. Mən bu aləmlərin hamısına höccətəm" ("Nuru's-səqaleyn" təfsiri, cild 1, səh. 16-17).
İmam Əlidən (ə) rəvayət edilən bir hədisdə isə belə buyurulur: "Səmada gördüyümüz bu ulduzlar yerdəki şəhərlər kimi şəhərdir. Bu şəhərlər bir-biri ilə nur sütunu vasitəsilə əlaqə saxlayırlar" ("Təfsiri-nümunə", cild 20, səh. 439; Şeyx Abbas Qummi - "Səfinətu'l-bihar", cild 2, səh. 574).
Məşhur Quran təfsirçilərindən sayılan Mucahiddən rəvayət etmişlər ki, bizim Kə'bə 14 Kə'bədən dördüncüsüdür və hər asimanda Kə'bə vardır.
Qətadə adlı ravi isə belə söyləyir: "Allah 7 səma və 7 yer yaratdı, onların hər birində vücudlar xəlq etdi. Bu səmalarda və yerlərdə Allahın tamam ayrı-ayrı hökm və əmrləri işləyir".
Ötən əsrlərdə yaşamış Quran təfsirçilərinin əksəriyyəti göylərdə və yerdə gəzib-dolaşan, Allaha həmd edən canlıların varlığı barədə ayələri izah edərkən, yerdənkənar sivilizasiyaların mövcudluğu ehtimalını inandırıcı saymışlar. Zəməxşəri, Fəxruddin Razi, Əbu's-Səud kimi məşhur Quran mütəxəssisləri həmin ayələrin təfsirində yazmışlar: "Mümkündür ki, Allah səmalarda yerdəkilərə bənzər canlılar yaratmışdır və yerdəki canlılar gəzib-dolaşdığı kimi, səmanın sakinləri də orada gəzib-dolaşır, ömür sürürlər" (Əbdülğəni əl-Xətib - "Quran və bugünkü elm", səh. 229-232).
İmam Baqir (ə) hədislərin birində buyurmuşdur ki, Allah-Təala min-min (milyon) aləm və min-min Adəm yaratmışdır. Biz bu aləmlərin sonuncusunda yaşayırıq və sonuncu Adəmin nəsliyik (Mələki Təbrizi - "Əsraru's-səlat", səh. 367).
Yenə İmam Baqirdən (ə) rəvayət edilən bir hədisə görə, Allah bizim günəşdən əlavə daha 40 günəş, bizim aydan əlavə daha 40 ay xəlq edib. Bu günəşlərin və ayların bir-birindən məsafəsi 40 illik yoldur. Onların hər birində çoxlu canlılar yaşayır və bu canlıların bizim mövcudluğumuzdan heç bir xəbəri yoxdur (Seyyid Haşim Bəhrani - "Təfsiru'l-burhan", cild 1, səh. 47).
Dilçi alimlər də məsələyə münasibət bildirmiş və yuxarıda xatırlanan "Əl-həmdu lillahi rəbbil-aləmin" ayəsini bu mövzu baxımından incələmişlər. Onlar "aləmin" kəlməsində bizim dünyamızdan savayı digər canlı aləmlərin (sivilizasiyaların) mövcudluğuna işarə olduğunu sübut etmək üçün "in" cəm şəkilçisinə diqqət yetirmişlər. Məlumdur ki, "aləm" sözünün cəmi "əvalim" və "aləmun"dur. "Aləm" - "faəl" babında olan yeganə sözdür ki, "un" şəkilçisini artırmaqla cəm yaranır (Ayətullah Xoyi - "Əl-Bəyan", cild 2, səh. 775).
Lakin ayədə aləmlərin çoxluğunu bildirmək üçün "əvalim" forması deyil, "aləmun" forması işlənmişdir. Bu isə canlı varlıqların cəmini bildirmək üçün istifadə edilir. Buna görə də bəzi dilçilər və təfsir alimləri sözü gedən ayədə məhz canlı və şüurlu varlıqlardan ibarət aləmlərin nəzərdə tutulduğunu israr etmişlər.
Qeyd etməliyik ki, İslam fikir tarixinin ayrılmaz tərkib hissəsi olan irfan və təsəvvuf ədəbiyyatında da aləmlərin sayının 18 min olması barədə məlumatlar vardır (Səccadi - "İrfani sözlər, terminlər və ibarələr lüğəti", səh. 567). İrfan sahibləri olan məşhur şairlərin əsərlərində "18 min aləm" ifadəsinə tez-tez rast gəlirik. Orta əsrlər klassik Azərbaycan ədəbiyyatının aparıcı simaları olan İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və başqalarının şeirləri də bu baxımdan diqqətəlayiqdir.
Nəsimi öz qəzəllərində "on səkkiz min aləm" ifadəsini xüsusi ədəbi və məna çalarları ilə işlətmişdir:
On səkiz min aləmə ayinə oldu surətin,
Çar ənasir surətində şəkli-insan göstərir.
Və ya:
Ki nişan içrə binişan mənəm uş,
On səkiz min cahana can mənəm uş!
Xətai isə "İdim" rədifli məşhur qəzəlində aləmlərin varlığından bu cür söz açır:
On səkiz min aləmə mən gərdiş ilə gəlmişəm,
Ol səbəbdən həqq ilə sirdar idim, sərdar idim.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər