İslamı xilas edək |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 14-06-2016, 22:13 | Şərh sayı: (0) | Baxılıb: 341
İslamı xilas edək
Hər il Ramazan ayı başlayanda təxmini belə xəbər başlıqları yayılır: "Filan terror qruplaşmaları Ramazan münasibəti ilə atəşkəs elan ediblər". Və yaxud da “Suriyada (İraq, Əfqanıstan, Yəmən və sair də ola bilər – K.R) savaşan qüvvələr Ramazan ayında atəşkəs elan etmək barədə razılığa gəliblər”.
Acınacaqlı bir durumdur. Ramazana qədər öldürən insanın, bir ay öldürməməsi və ya Allaha yaxın olmaq (!?) üçün savaşı dayandırıb oruc tutmasının nə anlamı var? Amma vəziyyət göründüyündən də pisdir...
Günəş və Ay təqvimləri (İslam təqvimi Qəməri – Ay təqvimi olduğu üçün günlərin sayı günəş təqvimində olduğundan 10-11 gün az olur – K.R) arasındakı fərq səbəbi ilə son 5 ildə Ramazan ayları yay günlərinə düşür. Qəribə də olsa hər il Ramazanın ilk günlərində havalar sərin keçir və dindar müsəlmanlar bunu orucluğun ilk günlərində bir Tanrı lütfü olaraq qəbul edirlər.
Pafoslu görünsə də, bu il də müsəlmanlar Ramazan orucunu silahların kölgəsində tutacaqlar. Müsəlman coğrafiyasının bu başından o başına qədər hər yer savaş və qan qoxuyur. Pakistan, Əfqanıstan, İraq, Suriya, Yəmən, Fələstin, Misir, Liviya, Hindistandan Atlantik okeanı sahillərinə qədər böyük bir coğrafiya od tutub yanır.
Statistikaya görə, ortalama hər gün savaşlar, terror nəticəsində 1000-ə yaxın müsəlman öldürülür. Öldürülən müsəlmanların 90 faizinin qatili öz dindaşlarıdır. Ağır statistikadır, amma reallıqdır. Və daha da pisi odur ki, indi müsəlmanlar daha çox “din uğrunda” bir-birlərini öldürülər, yəni hansısa milli dövlətlərin sərhəd anlaşılmazlıqları, ya da imperiya dövlətlərinin ekspansiya siyasəti uğurunda deyil, daha çox dini şüarlarla savaşır, öldürür və ya ölürlər. Az qala hər gün Bağdad küçələrində, ya da Hələbdə, ya da bir başqa şəhərdə baş verən partlayışlarda ölənlərin böyük çoxunun savaşla, silahla heç bir əlaqəsi yoxdur. Amma onları öldürənlər bunu Allahın razılığı etdiklərinə, öldükdən sonra dərhal Cənnətə düşəcəklərinə inanırlar.
Əslində bu acı həqiqəti hər kəs görür və indi müsəlman fikir adamları hamısı bir ağızdan deyir ki, din adı ilə terror edən, günahsız insan öldürməyə çağıranların sayı azdır. Amma qəribə də olsa bu azlıq hələ ki, müsəlman dünyasının əsas simasını müəyyən edir. Nəticədə hələ də dünyada müsəlmanlar terrorun, zorakılığın, qətlin simvoluna çevrilib. Deməli, nələrsə düz getmir, dəyişmək lazımdır.
Əlbəttə, heç bir din insan öldürməyi əmr etmir. Amma indi dünyada din uğrunda, Allah üçün ən çox insan öldürən müsəlmanlardır. Quran və hədislərin məntiqindən çıxış etsək, nəinki bu gün terror törədən müsəlmanlar olmazdı, ümumiyyətlə, heç bir müsəlman ölkəsində, kəndində, şəhərində bir kasıb, ehtiyaclı insan yox idi. Çünki müsəlmanların Peyğəmbəri (s.ə.s) və eləcə də Quran ehtiyaclıya yardım etməyi, yolda qalana kömək etməyi ən böyük, hətta vacib ibadətdən öndə qeyd edib. Deməli, bir şeylər tərs gedir, çünki reallıq İslam hökmləri ilə kəskin təzad təşkil edir.
Dini əlində alət edən, insanları istismar vasitəsinə çevirən, savaş ideologiyasına çevirənlərin nəzarətindən çıxarmaq lazımdır. Müsəlman toplumu Peyğəmbərin (s.ə.s) ən böyük tövsiyəsi olan elm, təhsil almalıdır və İslam dinini bəlli bir zümrənin əlindən almalıdır. Məhz orta əsrlərdə xristianlıq kilsənin inhisarında siyasət, savaş, istismara alət olduğu üçün sonunda insanlar onu aktiv həyatdan ayırıb kilsəyə həbs etdilər. İndi isə müsəlman dünyasında oxşar vəziyyət yaranıb. Sonunda ya müsəlmanlar öz dinlərinə sahib çıxacaqlar, ya da onu məscidlərə həbs edəcəklər. Başqa alternativ yoxdur.
Musavat.Com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər