İslam dünyasının dözümlülük problemi: "kafirləri" öldürmək lazımdırmı... |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-04-2016, 20:45 | Şərh sayı: (0) | Baxılıb: 411
İslam dünyasının dözümlülük problemi: "kafirləri" öldürmək lazımdırmı...
Banqladeşdə 58 yaşlı professor Rzaül Kərim Siddiq xəncərlə silahlanmış radikal qrupun hücumu nəticəsində öldürülüb. BBC-nin məlumatına görə, yerli polis hesab edir ki, cinayət son aylarda ölkədə ateist və dünyəvilik tərəfdarı fəallarına qarşı hücumlar seriyasındandır. Çünki bundan öncə Banqladeşdə daha 4 dünyəvilik tərəfdarı və ya ateist yazar xəncərli adamların hücumuna məruz qalaraq öldürülüb.
Amma Banqladeşdə hücuma məruz qalan yalnız Kərim Siddiq kimi dünyəvilik tərəfdarları deyil, eyni zamanda hindular, xristianlar, eləcə də şiələr, əhmədilər kimi məzhəblər də hücuma məruz qalır. Diqqətlərin Yaxın Şərqdə cəmləndiyi bir vaxtda bəlkə də uzaq Banqladeşdə yaşananlar dünyanı narahat etmir. Həm də artıq dünya müsəlman ölkələrində nifrət cinayətlərinə “alışıb”.
Ənənəvi (artıq biz də bu mövzuları “ənənəvi” olaraq qeyd edirik – K.R.) mövzu olsa da, bu məsələyə bir daha qayıtmaq məcburiyyətindəyik. Çünki bu, əslində bütün müsəlman dünyasının bir nömrəli probleminə çevrilib. Fərqli dini görüşlər arasında qarşılıqlı dözümsüzlük əsas bəla olaraq qalır. Müsəlman dünyasında bu cür hadisələrin arxasındakı əsas səbəb düşüncə və ya dinin bilərəkdən yönləndirilməsi mövzusundan qaynaqlanır.
İndi müsəlman liderlər, intellektuallar arasında problemlərin səbəblərini daha çox xaricdə axtarmaq dəbdədir. Təbii ki, burda həqiqət yükü də olsa, bununla bir növ içəridəki umu-küsünü kənara daşımaq cəhdi var. Bu hardasa “yeni mühafizəkarlar” kimi xaricdə düşmən yaratmaqla daxildə birliyə nail olmaq düşüncəsidir. Amma bir məsələ var ki, içəridəki “boşluqlar” aradan qaldırılmadıqca, kənardan olan istənilən müdaxilə nəticə verəcək.
Hazırda müsəlman aləminin bir nömrəli problemi dindən sui-istifadədirsə, ikinci əsas problem tolerantlıq və ya fərqli dəyərlərə dözümlü yanaşma ilə bağlıdır. Əslində iki məsələ hardasa həm də bir-biri ilə bağlıdır. Ən pisi də odur ki, bu dalğa bütün müsəlman aləmini əhatə edib, hətta ən modern müsəlman cəmiyyətləri belə bu tendensiyadan qurtula bilməyib. Qərbdə “islamafobiya” gücləndikcə, zərbələr qarşısında özünü itirən və istinad yeri olaraq öz inancına, ya da məzhəbinə sığınan müsəlman daha qəzəbli, daha mühafizəkar və təkfirçi olmağa başlayır.
Məsələnin ən pis tərəfi odur ki, siyasi hakimiyyətlərdən asılı vəziyyətdə olan din adamları da bu mövzuda hansısa addım ya ata bilmir, ya da atmaq onların da mənafelərinə ziddir. İndi Banqladeşdə olanlar bir neçə il əvvəl Misirdə oldu, İraqda, Suriyada hər gün olur. Dərəcəsinə görə fərqlənsə də, bütün müsəlman cəmiyyətləri indi bu tendensiyadan əziyyət çəkir. Bu gün müsəlman dünyasında fərqli din və məzhəblərin sərbəst, dinc-yanaşı yaşaya bildiyi ölkə nümunəsi yox səviyyəsindədir. Olan çox az bir nümunələr isə daha çox o dövlətin təsiri ilə olub. Dövlətlər güclü olanda bu cür nifrət çağırışlarını əzə bilir, təbii ki, işinə gələndə. Amma eyni şeyi düşüncə ilə bağlı demək olmaz. Və ən önəmli nöqtə budur ki, bu kimi fəaliyyətlər yalnız bir ölkə ilə məhdudlaşa bilməz, bir orqanizm olan müsəlman aləminin bu dəyərlərə köklənməsi lazımdır.
Yeri gəlmişkən, bir neçə il əvvələ qədər vəhdət çağırışları dəbdə idi. Elə indi də bir çox müsəlman intellektuallar vəhdət mövzularını önə çıxarır. Müsəlmanlar qardaşdır, eyni Allaha, eyni kitaba, eyni peyğəmbərə iman edən kimsələrin dində qardaş olduğu fikirləri yayğın idi. Amma Yaxın Şərqdə başlayan müharibələr, terror bu ideyaya ağır zərbə vurdu. Çünki hər bir halda hər nə qədər din qardaşlığı olsa da, görüş, yanaşma ayrılığının olması qaçılmazdır. Üstəlik, ortada siyasətin müdaxiləsi varsa, fərqlilik daha kəskin bir nəticə doğuracaq, necə ki doğurur.
Bütün insanların bir kişi və bir qadından törədiyini deyən, bir Allaha iman etməyə və hər kəsin əməllərinə görə əvəz alacağı konsepsiyasına malik olan İslam dini vəhdət, birlik dinidir. Hətta müsəlman olmayanları belə bir Allaha sitayiş edən, Adəm övladı olaraq birləşdirən din üçün vəhdət tez qəbul olunan tezisdir. Amma o da var ki, hər nə qədər bir kişi və bir qadından törəsə də, insan oğlu çoxaldıqca fərqli düşüncələr, baxışlara sahib olur. Quran “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...” – deyir. Yəni əslində fərqliliyi Allah da insanlar üçün məqbul sayır, hətta yaradılış fəlsəfəsi olaraq təqdim edir. Müqəddəs Quran başqa bir yerdə “Ey kafirlər, sizin dininiz sizə, mənim dinim isə mənə” – deyir. Deməli, fərqliliyi hətta kafirlik səviyyəsində də qəbul edir müqəddəs kitab.
Göründüyü kimi, məsələ heç də “dini” deyil. Qurana və sünnəyə müraciət etsə müsəlmanlar fərqli görüşlərə dözümlü yanaşmaq üçün xeyli “səbəblər” tapa bilərlər. Tapmır və ya tapanların səsi çox da eşidilmirsə, deməli, burda daha güclü maraqlı qüvvələr var. Ancaq istənilən halda indi müsəlman aləminin tolerantlığa, fərqli görüşlərə, inanclara dözümlü yanaşmasına ehtiyac var. Fərqli insanlara dözümlü yanaşmaq, müxtəlif görüşləri Tanrının bir hikməti olaraq (Quran ayəsinə əsasən) baxmaq və bununla da əslində həqiqi vəhdətə nail olmaq mümkündür. Əks halda Bir Allaha və bir kitaba etiqad edən müsəlmanlar arasında nifrət daha da dərinləşəcək, bütün işıqlı insanlar cahil, gözü dönmüş və tapındıqları “müqəddəslərin” əlində vasitəyə çevrilmiş kütlələrin bıçaqları ilə doğranacaqlar.
Kənan Rövşənoğlu
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər