O çətinliyin savabını Allah 20 saat oruc tutana əlavə olaraq verəcək - ilahiyyatçı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-06-2016, 20:16 | Şərh sayı: (0) | Baxılıb: 675
O çətinliyin savabını Allah 20 saat oruc tutana əlavə olaraq verəcək - ilahiyyatçı
Ramazan ayına artıq sayılı günlər qalıb. Tezliklə Allahın rəhmət və məğfirət ayı başlayacaq. Bu ayın vacib ibadəti olan orucluqla bağlı zaman-zaman müxtəlif suallar meydana gəlir. Bu suallardan bir-neçəsini ilahiyyatçı Hacı Samir Ağayevə ünvanladıq.
- Dünyanın, demək olar ki, bütün dövlətlərində müsəlmanlar yaşayır və Mübarək Ramazan ayında oruc tutacaqlar. Amma fərqli ölkələrdə gün ərzində orucun davamlılığı fərqlidir. Məsələn, bəzi ölkələrdə müsəlmanlar 20 saat oruclu olduqları halda, digərlərində bu vaxt 10 saatla məhdudlaşır. Bu baxımdan bir müsəlmanın digərindən daha çox oruclu olması ona daha çox savab qazandırırmı?
- İnsan orucu Allaha xatir tutmalıdır. Allah da bəndələrinə buna görə savab verir. Savab isə niyyətə bağlıdır. Ola bilsin ki, insan 8-9 saat oruc tutur, şərait bunu tələb edir. Amma 20 saat tutmaq lazım gəlsəydi belə, yenə də ibadətindən qalmazdı. Rəbbimiz də savabda bütün bu amilləri nəzərə alır. Bir daha təkrar edim ki, savab niyyətə bağlıdır. Amma bir məsələni də nəzərə almaq lazımdır: iş nə qədər çətin olsa Allahın yazdığı savab da bir o qədər çox olar.
- Deməli, 20 saat oruc tutanın savabı daha çoxdur?
- Bunu tam belə ifadə etmək olmaz. Hər ikisi oruc tutub. Birinin şəraiti belədir, digərininki başqa cür. Odur ki, oruc tutmaq baxımından savablar eynidir. Amma təbii ki, o çətinliyin savabını Allah 20 saat oruc tutana əlavə olaraq verəcək.
- Bəzi insanlar səhhətləri ilə əlaqədar günün məhdud saatını oruc halında qala bilirlər. Məsələn, 10 saat. Təbii ki, bu insan sutkanın gündüz vaxtı 9-10 saat olan bölgələrdə tam kamil şəkildə oruc tuta bilərdi. Amma bəzən belə insanlar gündüzün daha çox davam etdiyi ərazilərdə yaşayırlar. Şəriət bu insanlar barədə nə deyir?
- Əgər səhhəti yol vermirsə, oruc olmaq insana həddindən artıq əzab-əziyyət verirsə, o zaman oruc tutmamalıdır. Bu iş ona haramdır. Yəni şəraitdən asılıdır. 10 saat oruc tuta bilən adam gündüzün 20 saat davam etdiyi bölgədə yaşasa, o zaman oruc ona vacib deyil. Amma elə həmən adam gündüzün 9-10 saat davam etdiyi ərazilərdə yaşasa və oruc qalmaq onun səhhətində bir problem meydana gətirməsə, orucunu tam şəkildə tuta bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər