Sözün gücü - məzhəb savaşının yanacağı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-05-2016, 20:00 | Şərh sayı: (0) | Baxılıb: 264
Sözün gücü - məzhəb savaşının yanacağı
Təxminən 10 il əvvəl bir dostum deyirdi ki, keçən əsr texnika əsri idi, bu əsr söz əsri olacaq. Yeni əsrdə insanları və dünyanı sözlə idarə edəcəklər. Haqlı idi, bu gün baxanda dünyanın sözlə, informasiya ilə idarə olunduğu daha aydın görünür.
Əslində sözün gücü yeni kəşf olunmayıb, daha doğrusu, ilk olub. Tanrı əvvəlcə sözü yaradıb, sonra “ol” deyib və dünyanı yaradıb. Ancaq bütün digər işlərdə olduğu kimi, insan oğlu Allahı çox pis şəkildə təqlid edib və etməkdə davam edir.
Bir neçə gündür mediada Suriyanın Hələb şəhərində öldürülən iranlı hərbçilərin foto və videoları yayılır. Düşüncə, fikir olaraq bölünüb parçalanmış dünyamızda digər minlərlə mövzuda olduğu kimi, bu hadisə ilə bağlı da insanların birmənalı rəyi yoxdur. Amma ortada məni çox düşündürən bir sual var: İranlılar Suriyada niyə ölürlər? Ümumiyyətlə, Suriyada əcnəbilərin nə işi var? Təbii ki, indi bu sətri oxuyan adamın mexaniki olaraq ağlından bir fikir keçəcək: O kadrlarda iranlıları öldürənlər də suriyalı deyil, onlar da dünyanın hansısa nöqtəsindən gəlib.
Suriyada baş verənlər müasir dünyada şayiə ilə idarəetmənin ən bariz və ən dəhşətli nəticələri olan örnəyidir. Ən pisi də odur ki, bir zamanlar Şərqin ürəyi olan Şam (Suriyanın yerləşdiyi bölgənin klassik adı – K.R) bu əsrdə müsəlman dünyası üçün vəba qədər dəhşətli məzhəbçilik mərəzinin yayılmasına (hələ də davam edir –K.R) səbəb oldu. Təəssüf ki, acı nəticələri virus kimi hələ də yayılır.
Ümumiyyətlə, Bəşər Əsədi devirmək (bu söz absurd səslənir, Yaxın Şərq başdan-başa əsədlərlə doludur - K.R) və ya onu qorumaq üçün savaşanların hər birinin öz “arqumenti” (sözü) var. Və bu “arqumentlərin” heç biri əsassız deyil, hər birinin öz məntiqi izahı var. Britaniyadan, ya da Rusiyadan və ya Avstraliyadan gəlib Bəşər Əsədi devirmək uğrunda savaşıb ölümü gözə alan adamlarla, onu qorumaq üçün ölən adamların hər birinin özünə görə məntiqi var. İndi kimsə deyə bilər ki, iranlını öz hökuməti göndərir, amma məsələ ondadır ki, yalnız hökumət göndərdiyi üçün insanlar savaşmır, daha ciddi “səbəblər” var.
Bu mənzərəni daha yaxşı anlamaq üçün hazırda Yaxın Şərqi, bütövlükdə müsəlman dünyasını, hətta dünyanı belə bölən Suriya hadisələrinin əvvəlinə getmək lazımdır. 2011-ci ildə Tunis olaylarının ardınca Liviyada, daha sonra Misirdə etirazlar başlayanda Bəşər Əsəd çox arxayın idi, hətta Qərb mediasına verdiyi müsahibəsində ərəb rejimlərinə xalqla hesablaşmağı tövsiyə edirdi. Ancaq çox az müddətdən sonra Suriyanın cənubunda (nədənsə ilk etirazlar Həma, Hums və ya Hələb kimi ənənəvi müxalif bölgələrdə başlamadı) - İordaniya sərhədlərinə yaxın Dəra şəhərində Bəşər Əsədə qarşı etirazlar başladı. Suriya hökumət qüvvələri dinc etirazları sərt şəkildə yatırdı.
Hər şey bundan sonra başladı. Aradakı siyasi prosesi qeyd etməyə gərək yoxdur. Amma sonrakı bir ildə mediada və sosial şəbəkələrdə Suriyada “ələvi-şiə rejiminin günahsız sünniləri öldürdüyü” haqda propoqanda başladı. Əlbəttə, Bəşər Əsəd hakimiyyəti dinc insanları öldürürdü, amma bunu sünni olduqları üçün deyil, hakimiyyətini qorumaq üçün edirdi. Necə ki, Liviyada sünni Qəzzafi sünni liviyalıları, Misirdə sünni Mübarək sünni misirliləri, Bəhreyndə sünni kral şiə-sünni qarışıq etirazçı vətəndaşlarını hakimiyyətini qorumaq üçün qırğına verirdi. Siyahını daha da uzatmaq olar. Amma nədənsə Suriyada olaylar başlayanda bütün bunlar görməzliyə vuruldu, daha çox Hama olayları xatırlanmağa başladı, Əsədin ələvi olub sünniləri qırması təbliğatı başladı.
Təxminən bir il sonra - 2012-ci ilin ortalarından başlayaraq mediada “amansızcasına qətlə yetirilmiş şiə uşaqların” şəkilləri, “cihadçıların” ələvi və şiələri qətlə yetirdiyi, işgəncə etdiyi, başını kəsdiyi foto və videoları yayılmağa başladı. Daha sonra sıralama ilə Suriyadakı Seyidə Zeynəb məqbərəsi, Hücr ibn Udey, Əmmar Yasirin məzarlarının dağıdılması, hətta cəsədinin qəbirdən çıxarılıb aparılması xəbərləri yayıldı. Mənzərə beləliklə tamamlandı, bir tərəfdə sünniləri öldürən qəddar şiə-ələvilər, o biri tərəfdə isə şiə-ələviləri qətlə yetirən təkfirçi terrorçular vardı. Bunun üzərinə bir az da “cihad” təbliğatı əlavə etdikdən sonra istənilən orta dərəcəli mömin müsəlmanı Suriyaya göndərib “müqəddəs dəyərlər uğuruna cihada qoşmaq” olardı və oldu da, hələ də olmaqda davam edir.
Bəşər Əsəd heç zaman dini kimliyi olmayan bir siyasətçi olub. Ailəsi, atası Hafiz Əsəd Laziqiyyə ətrafında yaşayan Nusayri (ələvilik təriqətinin Suriyada yayğın olan qolu) təriqətinə mənsub olsa da, Suriyada hakim Bəəs partiyası sol ağırlıqlı ərəb milliyyətçiliyi xəttində olub. Bəşər Əsəd isə Dəməşqdə bayram namazını belə sünni camaatla bir sünni kimi qılıb. Yəni bir dindar olaraq deyil, ölkə əhalisinin çoxluğunun inancına uyğun hərəkət edən dövlət adamı kimi hərəkət edib. Bəlkə də dindar bir sünni olub. Hakimiyyətin ələvilərdə olmasına gəlincə, Suriya hökumətinin baş naziri, eləcə də müdafiə naziri kimi əsas postları da daxil olmaqla kabinetin 30 nəfərindən 23 sünni olub. Amma təbii ki, hamısı da "Bəəs"çi olub. Suriya siyasi elitasında, biznes dairələrində Əsəd ailəsinin üzvləri vardı. Amma bu, bütün Yaxın Şərqdə belədir.
Nəhayət, İran amili. İran ilk başlarda səssiz qalsa da sonrakı dövrdə açıq şəkildə tərəf tutdu və Əsədi müdafiə edəcəyini bəyan etdi. Lakin ilk vaxtlarda bu bir məzhəb həmrəyliyi olaraq deyil, bu, regional siyasət maraqları, müttəfiq dəstəyi idi. Amma “Suriyada Bəşər Əsəd sünniləri qətlə yetirir” təbliğatı ilə sünni müsəlmanların zəif damarı tutulduğu kimi, eyni şəkildə Seyidə Zeynəbin, Əmmar Yasirin, Hücr ibn Udeyin məzarlarına hücumlar da İranın ora əsgər, şiə könüllü göndərməsi üçün “müqəddəs səbəb” verirdi. Bu gün Suriyada səngərin hər iki tərəfində dayanan, ölən də öldürən də, bu işi müqəddəs amal uğuruna, Allah yolunda, din yolunda etdiyinə inanır. Əslində yuxarıda qeyd etdiyimiz kimi, hər kəsin buna inanması üçün kifayət qədər “səbəbləri” də var.
Ən pisi də odur ki, o insanlar xilas etmək istədikləri insanları öldürürlər, əksər vaxt isə günahsız olaraq.
Bu günkü vəziyyətə baxdıqda “sözün gücü” tam olaraq nəticəsini verib. Bu gün Suriyada savaşan hər kəsin özü üçün müqəddəs bir səbəbi var. Amma məsələ yalnız Suriya ilə də yekunlaşmır, Suriyada bəslənən məzhəb nifrəti bütün müsəlman dünyasına yayılıb. Son olaraq İslam Əməkdaşlıq Təşkilatının sammitində yaşananlar göstərdi ki, dini zəmində bölücülük artıq bütün müsəlman aləmini əhatə edib.
Suriya olayları dünyamın yalan təbliğatının gücünün əyani nümunəsidir. Burda kimisə ittiham edib, bu hadisə Qərbdə hazırlandı. Müsəlmanları bölmək üçün və ya müsəlman dünyasında hansısa qüvvənin işidir demək fikrim yoxdur. Kimin tərəfindən başladılıb, kimin tərəfindən aparılmasından asılı olmayaraq bu bir nüvə silahı qədər dəhşətli nəticə verdi. Amma günümüz dünyasında yüzlərlə belə yalanlar uydurulur, insanlara təlqin olunur.
Kənan Rövşənoğlu,
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər