Zühur haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 10-06-2016, 20:23 | Şərh sayı: (0) | Baxılıb: 400
Zühur haqqında
Zühur öncəki əlamətlər
Allah-taala həzrət Mehdinin (əc.) zühurunun böyük əhəmiyyəti və habelə yanılma və sui-istifadələrin qarşısını almaq üçün, "Zühurdan öncəki nişanələr" adıyla bəzi əlаmətlər müəyyənləşdirmişdir. Zühur əlamətlərini ümumi olaraq iki qismə bölmək olar: Qəti əlamətlər və qeyri-qəti əlamətlər.
Səhih və ya mütəvatir hədislərdə gəlmiş və onların baş verəcəyinə təkid göstərilmiş əlamətlər Qəti əlamətlər adlanır; məsələn: Süfyaninin zahir olması və Nəfsi-zəkiyyənin qətli.
Qeyri-qəti əlamətlər isə ya qeyri-səhih hədislədə gəlmiş və ya məsum tərəfindən qətiliyi göstərilməmişdir; məsələn: 5 dəfə ayın və 15 dəfə günün tutulması.
Digər bir baxışdan isə, bu əlamətləri üç yerə bölmək olar: Yaranış alәmində olan qeyri-təbii əlamətlər, ictimai münasibətlərdə və insanların rəftarında olan əlamətlər və təbii fenomenlər; məsələn: Ramazan ayında ardıcıl olaraq gün və ay tutulmaları, şərq səmasında böyük alovun şölələnməsi, günəşin qərbdən doğması, fəsad və günahların artması, yalançı peyğəmbərlərin çoxalması və insanların yeddidə beşinin müharibələrdə həlak olması.
Zühur əlamətlərini araşdırarkən unutmaq lazım deyil ki, onların hər hansı birinin həyata keçməməsi zühurun təxiri demək deyil. Çünki, "Allah fərəc və zühura yalnız bircə gecədə şərait yaradacaqdır". Buna görə də daim intizarda olmaq lazımdır, belə ki, zühura hazırlıq hər gün yeniləşməlidir.
Zühur
Səmadan gələn nida bütün insanlara həzrət Mehdinin (əc.) zühur xəbərini verəcəkdir.
İmam Mehdi (əc.) öz ümumdünya qiyamına Məscidül-həramda Kəbənin yanından başlayacaqdır.
İmamın ən yaxşı köməkçiləri və müntəzirləri olan 313 nəfər, onunla beyət etmək üçün Kəbədə ətrafına toplaşacaqlar.
Həzrət İsa Məsih (ə) səmadan enib öz namazını İmam Mehdiyə (əc.) iqtida edəcəkdir.
İmam Mehdinin (əc.) dünyanın müxtəlif bölgələrindən olan köməkçiləri Məkkəyə axışıb, o həzrətin rəhbərliyi ilə İraqa doğru hərəkət edəcəklər.
Süfyaninin qoşunu "Beyda" məntəqəsində həlak ediləcək və qalib İslam ordusu bütün dünyanı fəth edəcəkdir.
Həzrət Mehdi (əc.) Kufə şəhərini öz dövlətinin paytaxtı edəcəkdir.
Zühurdan sonrakı dövr
Həzrət Mehdinin (əc.) zühurundan sonrakı dövr, məsumların hədislərində müxtəlif baxışlardan izah olunmuşdur:
1-Ümumdünya İslam hakimiyyəti
İmam Sadiq (ə) buyurmuşdur:
"Bizim qiyam edənimiz (Qaimimiz) qiyam etdikdə bütün yer üzündə Allahın birliyinə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət veriləcəkdir".
2-İlahi hökmlərin tam icrası
İmam Kazim (ə) "əl-Hədid" surəsinin 17-ci ayəsinin təfsirində buyurmuşdur:
"Allahın, yeri öldürdükdən sonra yenidən diriltməsində məqsəd, onu yağışla diriltməsi deyildir. Allah bəzi insanları göndərərək, yeri ədalət və ilahi hökmlərin icrasıyla dirildəcək-dir."
3-Quran təlimlərinin dirçəldilməsi
Həzrət Əli (ə) İmam Mehdinin (əc.) qiyamının nəticələri barədə buyurmuşdur:
"İnsanlar Quranı öz istədiklərinə uyğun şəkildə izah etdikdə, o, onların fikir və nəzərlərini Qurana tərəf yönəldəcək və Quran həqiqətlərinə xidmət göstərməyə sövq edəcəkdir. O, unudulmuş Quran və sünnəni və onun həmişəyaşar təlimlərini necə dirçəldəcəyini sizə göstərəcəkdir".
4-Zülmün məhv və ədalətin bərqərar edilməsi
Peyğəmbər (s) buyurmuşdur:
"Mehdi (əc.) mənim övladlarımdandır. O, qeybə çəkiləcək, zühur etdikdə isə, zülmlə dоlmuş yer üzünü ədalətə qərq edəcəkdir".
5-İslamın yenidən başlanması
İmam Baqir (ə) buyurmuşdur:
"Peyğəmbərin (s) etdiyi işləri o da edəcəkdir. Peyğəmbər (s) cahiliyyət adətlərini sındırdığı kimi, o da qabaqkı qanunları ləğv edəcəkdir. O, İslamı əvvəldən başlayacaqdır".
6-İnsanlar arasında elmin kamilləşməsi
İmam Sadiq (ə) buyurmuşdur:
"Elm 27 hərfdən ibarətdir. Peyğəmbərlərin gətirdiyi bütün təlimlər onun yalnız 2 hərfidir. Bizim Qaimimiz qiyam etdikdə, onun digər 25 hərfini də aşkara çıxaracaq və insanlar arasında yayacaqdır".
7-Əqli inkişaf
İmam Baqir (ə) buyurmuşdur:
"Bizim Qaimimiz qiyam etdikdə, Allah, bəndələrin ağıllarını toplayacaq, sahmana salacaq, fikir və düşüncələrini kamilləşdirəcəkdir".
8-Təhlükəsizlik
İdris peyğəmbərin (ə) səhifələrindən belə nəql olunmuşdur:
"Məhəmməd ailəsinin Qaimi (əc.) zühur etdiyi zaman yer üzünə təhlükəsizlik bəxş edəcək, insanların bir-birinə zərər yetirmələri və bir-birindən qorxmaları aradan qalxacaqdır".
Həmçinin, İmam Əli (ə) buyurmuşdur:
"O zaman bir qadın İraqdan Şama qədər piyada gedər; halbuki, heç kim və heç bir şey onu qorxutmaz".
9-İnsanlar arasında birlik və məhəbbət
Əmirəl-möminin Əli (ə) buyurmuşdur:
لو قد قام قائمنا...لذهبت الشخاء من قلوب العباد
"Bizim Qaimimiz (əc.) qiyam etdikdə kin və düşmənliklər bəndələrin qəlbindən çıxacaqdır".
10-Yer üzünün günahdan paklanması
İmam Sadiq (ə) həzrət Mehdinin (əc.) zühurundan sonrakı insanlar haqqında buyurmuşdur:
ولا يعصون الله عز وجل فى أرضه
"İnsanlar yerdə Allaha itaətsizlik göstərməzlər"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər