Həzrət İsanın (ə) missiyası nədir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-02-2016, 10:07 | Şərh sayı: (0) | Baxılıb: 1915
Həzrət İsanın (ə) missiyası nədir?
1. Həzrət İsada başqa peyğəmbərlərdə olmayan bir xüsusiyyət var. Atasız dünyaya gəlməsi, ölüləri diriltməsi və səmaya qalxması onu fərqləndirən səciyyələrdir.
2. Onun diriliyi İmam Mehdinin (ə.f) qeybə çəkilməsini mümkün edən dəlillərdəndir. Çünki həzrət Məsihin yaşı iki min ili aşdığı halda, hələ ki İmam Mehdi (ə.f) bu qədər yaşamamışdır. Həzrət Xızırın ömrünün uzunluğu da rəvayətlərdə belə izah olunur.
Şeyx Səduq “Kəmalud-din” kitabında İmam Sadiqin (ə) dilindən belə nəql edir: “Bəli, Allah həzrət Qaim (Mehdi (ə.f)) üçün uzun bir ömür müəyyənləşdirəndə bilirdi ki, bu həqiqət bəndələri tərəfindən inkar olunacaq. Ona görə də Qaimin (ə) ömrünün uzunluğuna dəlil olsun deyə, saleh bəndəsinin ömrünü uzatdı...”[1]
Ümumdünya ədalət hökumətinin təşkilində həzrət Məsihin iştirakının səbəbi nədir?
Həzrət Məsihin İmam Mehdinin (ə.f) təşkil edəcəyi hökumətdə iştirakının bir sıra səbəbləri var:
1. Məsihilər (xristianlar) dünya əhalisinin böyük bir hissəsini təşkil edir. Ona görə də həzrət Məsihin səmadan nazil olması və İmam Mehdiyə (ə.f) iqtida etməsi bütün məsihilərin İmama (ə.f) təslim olması ilə nəticələnəcək.
2. Həzrət Məsihin bu hökumətin təşkilində iştirakı və bütün məsihilərin İmam Mehdiyə (ə.f) tabe olması ilə ədalət qiyamı daha tez və asan qələbə qazanacaq. Məsihilər İmam Mehdiyə (ə.f) iman gətirdiyindən yer üzünün böyük bir hissəsində qan tökülmədən ədalət bərqərar olacaq.
Quran və İncilin buyuruqlarına əsasən, səmaya qalxmış həzrət İsa tarixin sonunda yerə enəcək.
Yuhanna İncilində deyilir: “Sizə deyirəm eşidin: Mən gedirəm və yenidən sizə doğru qayıdacağam“.[2]
Quranda da həzrət İsanın qayıdışına işarə olunmuşdur:
1. “O (İsa) beşikdə və qoca vaxtında xalqla danışar”.[3]
Bildiyimiz kimi, həzrət İsa göyə qalxdığı vaxt onun 30 yaşı vardı. Onun qoca yaşında xalqla danışması səmadan enəcəyinə işarədir.
2. “Bütün məsihilər ölümündən qabaq ona (məsihə) iman gətirər və Qiyamət günü (İsa) onlara şahid olar”.[4]
Ayədəki “bihi” və “məvtihi” əvəzlikləri həzrət İsaya işarədir. Ayədən aydın olur ki, həzrət İsa dünyanın axırlarında səmadan nazil olacaq və xalq ona iman gətirəcək.[5]
3. ”Həqiqətən, İsa Qiyamət üçün aşkar bir əlamətdir. Ona şəkk etməyin”.[6]
Şiə və sünni rəvayətlərində də həzrət İsanın qaydışına işarə olunmuşdur:
Buxari Peyğəmbərin (s) dilindən belə nəql edir: “İmam aranızda olduğu halda, Məryəm övladı yanınıza enən zaman nə edəcəksiniz?!”[7]
Şeyx Səduq Məhəmməd ibn Müslim Səqəfiyə istinad edərək İmam Baqirin (ə) dilindən belə nəql edir: “Qaim (xilaskar) bizdəndir... İsa ibn Məryəm enib onun arxasında namaza duracaq”.[8]
Rəvayətlərdən məlum olur ki, həzrət İsa dünyanın axırlarında Dəməşq ərazisinə enəcək.
Təbərani Peyğəmbərin (s) dilindən belə nəql edir: “İsa ibn Məryəm Dəməşqdə bəyaz minarənin kənarında enəcək”.[9]
İbn Kəsir deyir: “Dəccal (zalım hakim) meydana çıxar və həmin vaxt həzrət Məsih səmadan enər. O sübh namazı vaxtı Dəməşqdə bəyaz minarənin kənarında nazil olar”.[10][11]
[1] Kəmalud-din, səh.357
[2] Əhdi-cədid, Yuhanna İncili, səh.339
[3] Ali-İmran, 46
[4] Nisa, 159
[5] Səhihe-buxari, c. 4, səh.143
[6] Zuxruf”, 61
[7] Səhihe-Buxari, c. 4, səh.143
[8] Kəmalud-din, 331
[9] Əl-Məcəmul-Kəbir,c.1, səh.217
[10] Əl-fətn vəl-məlahim, səh.172
[11] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər