Digər səmavi kitablarda "rəcət" |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-01-2016, 10:06 | Şərh sayı: (0) | Baxılıb: 473
Digər səmavi kitablarda "rəcət"
Şiələrin “rəcət” barədə inanclarının doğruluğunu təsdiqləyən əqli dəlillərlə yanaşı, bu mövzu İslamdan öncəki peyğəmbərlərin müqəddəs kitabları sayılan “Əhdi-ətiq”[1] və “Əhdi-cədid”də[2] də dəfələrlə təkrarlanmışdır.
“Rəcət” on iki imamçı şiələrin ən çox məhdəviyyət mövzusunda araşdırılan inanclarından biridir. “Rəcət” sözü “rəcə” kəlməsinin məsdəri olub və lüğətdə “bir dəfə qayıtmaq” mənasını verir.[3] Kəlam (teologiya) elminin terminologiyasında “rəcət” sözü Qiyamət günündən öncə dünyasını dəyişmiş bir qrup insanın yer üzünə yenidən qayıtması mənasındadır. Əhli-beyt (ə) tərəfdarlarına görə isə “rəcət” sözünün mənası İmam Zamanın (ə.f) zühurundan sonra məsum imamların (ə), saleh və mömin bəndələrin, həmçinin kafir və fasiq şəxslərin yer üzünə yenidən qayıtmasıdır.[4]
Bu söz müxtəlif və fərqli mövzularda istifadə olunmuşdur. Məsələn, ruhun maddi bədənə qayıtması və dünyada dirilməsi, ruhun Qiyamət günündə bədənə qayıtması, ruhun bədəndən ayrılaraq başqa bir bədənə köçürülməsi (tənasüx), İmam Mehdinin (ə.f) qayıdışı və onun qiyamı və s. barədə Quranda da bəzi ayələrdə söhbət açılır:
رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا
“Ey Rəbbimiz! (vəd verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik, belə isə bizi geri qaytar ki, yaxşı işlər görək…”
وَظَنُّوا أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَ
“...güman etdilər ki, Bizim hüzurumuza qaytarılmayacaqlar...”
Bu ayələr yuxarıda qeyd olunan iki mənaya (ruhun insanın maddi bədəninə qayıdaraq dünyadakı dirilməsi və Qiyamət günündəki qayıdışı) işarədir.
Lakin bu mövzuda araşdırılan məsələ Qiyamət günündən öncə dünyaya dirilərək qaytarılacaq şəxslərin qayıdışıdır. Bu yalnız şiələrin İmam Mehdinin (ə.f) zühuruna inancı ilə bağlı olan bir məsələ deyil. İslamdan öncə də digər peyğəmbərlərin müqəddəs kitablarında bu mövzuya işarə olunmuşdur. Bu inancın doğruluğunu isbatlayacaq əqli dəlillərdən əlavə mövzu ilə əlaqəli tarixi dəlillər də mövcuddur. Yazımızda bunlardan bəziləri barədə söhbət açacağıq.
Tövratda “rəcət”
“Əhdi-ətiq”də bir çox tarixi hadisələr nəql olunur ki, onlardan biri “Padşahlar” kitabında nəql olunan Yuşa (ə) peyğəmbərin əhvalatıdır. Yuşa (ə) Bəni-İsrail peyğəmbərlərindən biridir. Onun kəramət və möcüzələri barədə kifayət qədər tarixi hadisələr nəql olunmuşdur. Ümmü Davudun duası və İmam Rzanın (ə) qeyri-müsəlmanlarla münazirəsində yəhudi və məsihilərə ondan dəlillər gətirilmişdir.
“Əhdi-ətiq”də Quranın İlyas (ə) kimi tanıtdırdığı Yuşanın (ə) vasitəsi ilə dirildilmiş bir uşağın əhvalatı nəql edilir:
– Yuşa (ə) evə daxil oldu. Gördü ki, uşaq onun yatağında yatmış və dünyasını dəyişmişdir. Qapını bağlayıb Allaha dua etməyə başladı. Uşağa yaxınlaşaraq əyilib ağzını onun ağzı, gözünü gözü və əllərini isə əlləri üzərinə qoydu. Uşağın bədəni tərpəndi. Yeddi dəfə asqırdı və gözlərini açdı. [5]
İmam Rza (ə) ölüləri diriltməyi və xəstələrə şəfa verməyi İsanın (ə) Allahlığının nişanəsi hesab edən məsihi alimlərindən biri ilə münazirə zamanı buyurdu:
– (İlyas) Yuşa da (ə) bu işləri görürdü. O, su üzərində yeriyirdi, ölüləri dirildirdi, anadangəlmə korlar və ekzema xəstəliyinə tutulmuş şəxslərə şəfa verirdi. Lakin ümməti onu (siz İsanı (ə) hesab etdiyiniz kimi) Allah hesab edib ona pərəstiş etmədi. [6]
Bu hadisə isə İliyanın (ə) vasitəsi ilə dirildilən oğlanın əhvalatına işarədir:
– Ev sahibi olan qadının oğlu xəstələndi. Xəstəliyi şiddətləndi və öldü. Qadın İliyaya (ə) dedi: “Ey Allah bəndəsi! Mənimlə nə işin var? Gəlmisən ki, günahlarımı xatırladıb oğlumu öldürəsən?” İliya (ə) qadına dedi: “Oğlunu mənə ver”. Uşağı anasının qucağından götürdü, evin ikinci mərtəbəsinə (yaşadığı otağa) qaldırdı və öz yatağına uzatdı. Allaha dua edərək dedi: “Ey mənim Allahım! Bu uşağı həyata geri qaytar!” Allah İliyanın (ə) səsini eşitdi, duasını müstəcab edərək uşağı həyata geri qaytardı və uşaq dirildi. [7]
Danyal (ə) peyğəmbərin kitabının on ikinci fəsilində də “rəcət”ə aid olan bəzi məqamlara işarə olunmuşdur.[8] Bəzi tədqiqatçılar bunu İmam Mehdi (ə.f) zamanındakı “rəcət” məsələsinə aid etmişlər.
İncildə “rəcət”
“Əhdi-cədid”də bir qızın Həzrət İsanın (ə) vasitəsi ilə dirildilməsi barədə hadisə nəql olunmuşdur:
– İbadətgahın rəhbəri həmin yerə çatdı və o, İsaya təzim edib dedi: “Qızım elə indicə canını tapşırdı. Sizə yalvarıram gəlib əlinizi onun üzərinə qoyun və onu həyata geri qaytarın. İsa (ə) və şagirdləri onun evinə tərəf yola düşdülər. Evə çatdıqda bir qrup vay-şivən qoparan şəxslərlə rastlaşdılar. Həzrət İsa (ə) buyurdu: “Hamınız çölə çıxın. Bu qız ölməyib, yatıb. Hamı otaqdan çıxdıqdan sonra İsa (ə) qızın əlindən tutdu və qız sağ-salamat ayağa qalxdı. [9]
Belə nümunələrə çox işarə etmək olar. Məsələn, övladı ölmüş dul qadının oğlunun[10] və ölümündən dörd gün keçən İlaresin dirildilməsi. O, dörd gün idi ki, basdırılmışdı. Bacısı Martanın xahişi ilə Həzrət İsa (ə) Allahın izni ilə onu dünyaya qaytardı.[11]
[1] Tövrat
[2] İncil
[3] Lisanül-ərəb, İbn Mənzur, c.8, səh.114
[4] Rəcət əz nəzəre şiə, Nəcmuddin Təbərsi, səh.15
[5] Əhdi-ətiq, ikinci (“Padşahlar”) kitabı, səh.580-581, ayələr 32-38.
[6] Əl-iqaz minəl hücə, səh.114.
[7] Əhdi-ətiq, səh.560.
[8] Əhdi-ətiq, səh.1309.
[9] İsa Məsihin İncili, səh.85.
[10] Həmin mənbə, səh.80-81.
[11] Həmin mənbə, səh.130-131.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər