Sünni-şiə "Cəngi"si: “zurnaçı” kimdir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-11-2015, 11:49 | Şərh sayı: (1) | Baxılıb: 1805
Sünni-şiə "Cəngi"si: “zurnaçı” kimdir?
İslamın ən əsas problemlərindən biri ümmət arasında birliyin olmamasıdır. Bu dünən də belə olub, bu gün də belədir. Əlbəttə, yazmaq olardı ki, sabah da belə olacaq. Amma məsələnin belə qalacağı təqdirdə İslamın sabahı olduqca qaranlıqdır.
Nə qədər vəhdətə çağırılsa da, nə qədər məzhəblərin aparıcı simaları pərakəndəliyin əslində ümumən İslama zərbə vurduğunu dilə gətirsələr də, faktiki olaraq ciddi dəyişiklik yoxdur. Bir zamanlar hamam mədəniyyətinə malik olmadıqlarına görə daim bit-birə ilə mübarizə aparan avropalılar indi Marsda həyat axtarırlar. Onlara hamam mədəniyyətini öyrədən müsəlmanlar isə hələ də namazda əllərin necə qərar tutması, səcdədə alının hara qoyulması məsələsində ilişib qalıblar. Digər dinlərin mənsubları, dinsizlər irəlilədikcə , müsəlmanlar dayandıqları yerdə qalmaqdadırlar. Nəyinki qalmaqda, hətta hər ötən il, ay, gün tədricən batırlar. Qəribədir ki, bu batmanı görənlər də var. Fəqət bunu fəlakət kimi deyil, nailiyyət kimi dəyərləndirirlər: “Batırıq, deməli sona az qalıb, deməli Xilaskar yaxındadır!”
Amma bu məzhəb dözümsüzlüyünün əsl mahiyyətinə varmaq istəsək, görərik ki, onun təməlində heç də orijinal İslam axtarışı dayanmayıb. Əslində İslamın daxilində gedən qarşıdurmalar dinlə dinsizliyin mübarizəsidir. Dinin bir fenomen kimi aradan getməsini qarşısına məqsəd qoyan qüvvələr bunu elə müsəlmanların vasitəsi ilə həyata keçirmək istəyirlər.
Nəsillər dəyişib, amma proseslər getməkdədir. Özü də nəzərə almaq lazımdır ki, İslamla mübarizə aparan heç də, belə desək, liberal dinsizlik, liberal sekulyarizm deyil. Yəni dini terminlərdən istifadə etsək, bu gün qarşıdakı səngərdə fasiqlər deyil, kafirlər və müşriklərdir. Onlar dünyəvi dövlət tərəfdarı kimi çıxış edərək, əslində bu mənanı ehtiva edən faktorları inkar edirlər. Yəni hazırda qəbul edilən dünyəvi dövlət strukturunda dini atributlara və dini ayinlərə haqq tanınır. Gəl ki, bu gün İslam daxilində təlatümə səbəb olan “qara qüvvələr” bu haqqı tanımayanlardır. Onlar dinin itməsinə, itməsə də, transformasiyaya uğrayaraq tamamilə tanınmaz görkəm almasına çalışırlar. Və bu yolda da artıq müəyyən, bəlkə də ciddi uğurlar qazanıblar. Nümunələr üçün çox da baş sındırmağa ehtiyac yoxdur. Vəhhabilik, “Əl-Qaidə”, “Boko Haram”, İŞİD, “Taliban” bu uğurun atributları deyilmi?
Bəs müsəlmanlar? Müsəlmanlar bu savaşda necə iştirak edirlər, döyüşə nə ilə gedirlər, təcavüzə nə ilə cavab verirlər? Artıq buna aydınlıq gətirməyə çalışdıq. Boğazdan yuxarı deyilən vəhdət şüarları ilə də vəziyyəti düzəltmək mümkün deyil. Bunu hər kəs nəinki anlamalı, bunu yaşamalıdır, daxilindən keçirtməlidir. Hər kəs, hər bir sıravi müsəlman. Anlamalıyıq ki, gələcək nəsillərə məzhəbçiliyi, təəssübü, dözümsüzlüyü bir dəyər formasında çatdırmaqla əslində Allaha, Onun dininə xəyanət etmiş olacağıq. Onun lütfünə, rəhmətinə və bərəkətinə təpik atmış olacağıq.
Bəs neyləyək? Allaha qayıdaq! Mənsub olduğumuz məzhəbin üstünlüklərini vəsf etmək əvəzinə Allahın gözəl sifətlərini vəsf edək. Məzhəbimizn haqq olduğunu isbatlayan hədislərdənsə Allah bəndələrini bir çətir altında birləşməyə çağıran hədisləri geniş auditoriyalarda nəql edək. Allahın nemətlərini xatırlayaq və xatırladaq. Başqa cür İslama xidmət mümkün deyil. Nəhayət başa düşməliyik, ən azından Azərbaycan müsəlmanları bunu yəqin etməlidirlər ki, məzhəblərə parçalanaraq heç nə əldə etmək mümkün deyil. Ancaq vəhdət. Dildə yox, əməldə. Zatən Allah da Müqəddəs Kitabımızda bizdən bunu tələb edir: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali-İmran, 103).
P.S. Xristianlar Qurana iman gətirməsələr də, son zikr olunan ayəyə əməldə iman gətiriblər. Bir zamanlar katoliklər və protestantların döyüş meydanına çevrilən Avropada indi bu savaşdan əsər-əlamət yoxdur. Amma müsəlmanlar Qurana iman gətirsələr də, əməldə... Çox təəssüf!
P.P.S. Rusiya çarı I Pyotrun 1725-ci ildə yazılmış, 1735-ci ildə elan edilmiş vəsiyyətlərindən:
“...Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Vaxtı fövtə vermədən çalışıb İstanbula, Qərb torpaqlarına sahib olmaq lazımdır. Əlbəttə, İstanbula sahib olan çar dunyanın da sahibi olacaqdır. Bu məqsədi həyata keçirmək üçün həmişə Osmanlı imperiyası və Səfəvilər arasında fitnə-fəsad, dava-dalaş salmaq lazımdır. Bu işdə sünni-şiə ixtilafları yaxşı bir vasitədir. Osmanlılar ilə Səfəvilər arasında müvazinətləri elə pozmaq lazımdır ki, onlar bir-birilə dil tapa bilməsinlər. Nə Səfəvilərə, nə də Osmanlılara Avropa xalqları ilə təmas tapmağa imkan vermək olar. Əgər bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını qansalar, bu bizə böyük bir zərbə olar. Həm Osmanlı, həm də Səvəfi xanlarını ələ almaq, onların vasitəsilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır... “.
Eyni siyasəti həmin dövrdə Yaxın Şərqdə öz iştirakını gücləndirməyə çalışan Britaniya və Fransa da aparırdılar. Biri Osmanlıya, biri isə İrana guya dəstək verərərək, əslində onları bir birinə qarşı qızışdırır, onların arasında müharibənin bir an da olsun zəifləməsinə imkan verməməyə çalışır, silah satırdılar. Əsas məqsəd də bu iki güclü müsəlman dövlətinin zəifləməsi, regionun isə Avropanın təsiri altına düşməsi idi.
Tarixi mənbələrdə yazıldığına görə İran şahlarından biri o zaman bunu anlayıb ingilis səfirinə “axı sən kimsən ki, Osmanlıya qarşı bizə belə can yadırırsan?” deyə soruşmuşdu. Səfirin “mən sizin dostunuzam” sözünə, şah tarixə düşmüş “xristian dostdansa, müsəlman düşmən yaxşıdır” cavabını verərək, onların xidmətindən imtina etmək qərarı verdi. Amma, artıq gec idi. Uzun illər davam edən qarşıdurmanı saxlamaq çətin idi...
Az qala 300 il ötüb. Müsəlmanlar isə hələ də ta qədimdən düşmənlərin çaldığı musiqiyə oynamaqdadırlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər