Müasir cəmiyyətdə dinə münasibət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-11-2015, 01:30 | Şərh sayı: (0) | Baxılıb: 495
Müasir cəmiyyətdə dinə münasibət
"Din cəmiyyəti qorxu və təzyiq altında saxlamaq üçün vasitədir". Bunu materialist alimlər deyiblər. Onlar hesab edirdilər ki, inkişaf etmiş cəmiyyətlərin dinə heç bir ehtiyacı yoxdur və cəmiyyət inkişaf etdikcə din yavaş-yavaş aradan çıxacaqdır. Lakin qatı ateist K. Marks məhdudiyyətsiz vicdan azadlığının təmin edilməsini dövlət-din münasibətlərində zəruri şərt kimi irəli sürərək "Qota proqramının tənqidi" əsərində yazırdı: "Hər kəsə öz dini, habelə cismani ehtiyaclarını ödəmək üçün elə bir imkan verilməlidir ki, polis bu işə öz burnunu soxmasın". Çünki o başa düşürdü ki, istənilən cəmiyyətin ən böyük xüsusiyyətlərindən biri onun fərdlərinin hansı dinə mənsub olmasından ibarətdir.
Bu gün rəsmi məlumatlara görə, Azərbaycan əhalisinin 95 faizi İslam dininə sitayiş edir. Lakin sirr deyil ki, cəmiyyətimizdə dinə, daha konkret demək İslama münasibət heç də birmənalı deyil. Bunun da öz ictimai-sosioloji səbəbləri var. Ateist təlimini dövlət ideologiyası kimi təbliğ edən sovet sisteminin çökməsindən bu gün 15 ildən də çox vaxt keçməsinə baxmayaraq, cəmiyyətimiz hələ də dinlə tanışlıq mərhələsindədir. Bu tanışlıq isə müxtəlif vasitələrlə həyata keçirilir. Xüsusilə dövlət tərəfindən dinin tədrisi təşkil olunmadığından, bu sahəni doldurmağa çalışanlar ilkin dövrlərdə həddindən artıq çox olmuşdur. Bu isə müxtəlif ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən təşkilatların əl-qolunun açılmasına böyük imkan verirdi. Bunun yaratdığı neqativ təzahürlər bu gün artıq öz bəhrəsini verməkdədir. Məsələn, maraqlıdır ki, ölkədə fəaliyyət göstərən bütün qeyri-islami dini icmaların mərkəzləri ölkədən kənarda yerləşir və həmin dini icmalar öz mərkəzlərinə yüksək intizamla bağlı qaldığı kimi, bütün fəaliyyət planlarını da oradan alırlar. Bu isə onların milli maraqlarımızı qulaqardına vurmasına gətirib çıxarır.
İslamın təbliği ilə bağlı isə daha çox problemlər mövcuddur. Belə ki, bu gün hər bir müsəlman müsəlman kimliyi daşımaqla bərabər, həm də hansısa cərəyanın (və ya qrupun) üzvü sayılır. Söhbət təbii ki, ənənəvi məzhəblərdən getmir. İslamın əsasında inzibati üsul-idarə sistemi olmasa da, bu gün İslama siityaiş edən şəxslər (söhbət bütün müsəlmanlardan deyil, İslamın qaydalarına tam əməl edən möminlərdən gedir) həm də hansısa bir qrupa və həmin qrupun liderinə bağlı hesab olunur. Bu isə özü-özlüyündə həmin qrupun və ya liderin təmsil etdiyi ölkəyə qarşı simpatiyanı doğurur. Bunun əsas səbəbi İslamın təbliği sahəsində heç bir xarici mənbədən maliyyələşməyən, sırf Azərbaycana bağlı təşkilatların yox səviyyəsində olmasıdır. Buna görə də dinini xarici təşkilatların, ya da onların burdakı ardıcıllarının vasitəsilə öyrənən şəxs, hətta onların təsirinə düşməsə belə o cərəyanın ardıcılı hesab olunur. Məsələn, Nurçu cərəyana mənsub olan tədris müəssisələrində oxuyan, dinini əsasən türkcə yazılmış kitablardan öyrənən, Azərbaycanda olan türk məscidlərinə daha çox gedən şəxslər, əslində belə oldu, olmadı, "nurçu" adlandırılırlar. Bunun əksinə olaraq islamı ərəb fondlarının vasitəsilə, ərəbcə yazılmış kitablardan öyrənən, daha çox ərəblərin tikdiyi "Əbu Bəkr" məscidinə gedənlər "sələfi", bir az da irəli gedilərək "vəhhabi" adlandırılırlar. Ümumiyyətlə ölkədə uzun saqqal vəhhabiliklə assosiasiya olunaraq bütün uzun saqqallılar vəhhabi adlandırılırlar.
Bütün bu proseslərin nəticəsində artıq hansısa dini cərəyana obyektiv münasibət mümkün deyil. Ya onlara simpatiya bəsləməlisən, ki, bu o deməkdir ki, onların üzvüsən, ya da onları sevməməlisən, ki bu da o deməkdir ki, başqa cərəyana mənsubsan. Bu isə özü-özlüyündə ona gətirib çıxarıb ki, bu kimi qruplar cəmiyyətə adaptasiya olunmaq əvəzinə get-gedə cəmiyyətdən təcrid olunurlar. Məsələn bu cür qrupların üzvləri əsasən bir-birləri ilə ünsiyyət qurmağa, ailə qurarkən bir-birləri ilə qohum olmağa, hətta alverlərini də bir-birlərinin dükanlarından etməyə çalışırlar.
Ölkədəki cərəyan fərqliliklərinin bu cür təzahüründə xaricə dini təhsil almağa gedən gənclərin də rolu var. Belə ki, müvafiq olaraq Türkiyəyə, İrana, və ya ərəb ölkələrinə gedən gənclər çox vaxt konkret bir cərəyanı öyrənərək təbdiğ edirlər. Bu onların ölkəyə qayıtdıqdan sonra da fəaliyyətlərində əsas xətti təşki l edir.
Bütün bunların bir neçə il sonra ölkədə dini sahədə partlayışa səbəb olacağı şübhəsizdir. Çünki bu gün İslamı təbliğ edən şəxs daha çox İslam dinindən deyil, mənsub olduğu cərəyandan danışır, onun digər cərəyanlardan üstünlüyünü, başqa cərəyan mənsublarının doğru yolda olmadığını və onlara qarşı mübarizə aparmağın vacibliyindən söz açırlar. Hətta ölkədə artıq bir-birlərini küfrdə ittiham edən qruplar formalaşmaqdadır.
Yekun olaraq belə bir nəticəyə gəlmək olar ki, ölkənin dini sahəsində gedən proseslər çox yüksək sürət əxz edib. Hər bir cəmiyyətin lokomotivi gənclər hesab olunur. Bu gün Azərbaycan cəmiyyətində dinə və dinin radikal formasiylarına daha çox gənclərin üz tutması faktına bu rakursdan yanaşsaq, onda vəziyyətin nə qədər ciddi olduğunu təsəvvür edə bilərik. Bu gün bir-birindən təcrid olunmuş şəkildə formalaşan bu qruplar arasında hələ ki, nisbi sakitlikdir. Amma din sahəsi həssas sahə olduğunu nəzərə alsaq bu sakitliyin nə qədər sürəcəyini heç kim deyə bilməz. Rafiq Tağının hələ keçən il "Sənət" qəzetində dərc olunmuş "Avropa və biz" adlı məqaləsinin yaratdığı rezonansdan da gördüyümüz kimi, kiçik bir qığılcım din adamının hisslərini alovlandırmağa kifayətdir. Elə isə çalışmaq lazımdırki, belə bir qığılcım yaranmasın. Qarşı tərəfi kor-koranə ittiham etməzdən əvvəl onu dinləməyi bacaraq. Unutmayaq ki, müxtəlif vasitələrlə cəmiyyətdən təcrid etməyə çalışdığımız bu qruplaşmaların hər bir üzvü bu vətənin vətəndaşıdır. Unutmayaq ki, müharibə şəraitində olan ölkəmizdə sabah onların hər biri torpaqlarımız uğrunda bir döyüşçü, namusumuzun bir keşikçisidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər