Bizi onlar kimi "bəxtəvər" etmək istəyirlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-10-2015, 12:22 | Şərh sayı: (0) | Baxılıb: 321
Bizi onlar kimi "bəxtəvər" etmək istəyirlər
Qərb ölkələri Yaxın Şərq və Şimali Afrika ölkələrini "bəxtəvər" edəndən sonra indi də postsovet məkanını hədəfə alıblar.
ABŞ və Avropa Birliyinin son aylarda Azərbaycana göstərdiyi aşkar təzyiqlər, Bakıdakı durumla bağlı ən müxtəlif dinləmələrin keçirilməsi, "insan haqlarının pozulması və demokratik dəyərlərin tapdanması" ilə bağlı suçlamalar - bütün bunların bir məqsədi var: Bakıdakı hakimiyyəti dəyişmək, Qərbin göstərişlərini şəksiz və sözsüz yerinə yetirəcək rejimi bərqərar etmək, sonra isə ölkəni asanlıqla idarə olunan metropoliyaya çevirmək.Böhranlı bölgələrdə diktatorluq həvəsi
ABŞ prezidenti Franklin D. Ruzvelt Amerikanın Nikaraqua diktatoru Anastasio Somozanı dəstəkləməsi ilə bağlı verilən suala, deyilənə görə, belə cavab vermişdi: "O, şərəfsiz ola bilər, ancaq o, bizim şərəfsizimizdir". Bu sözlərin, həqiqətən də, prezident tərəfindən deyilib-deyilmədiyi məlum olmasa da, Qərbin əksər ölkələrə necə yanaşdığını və ABŞ-ın soyuq müharibə ərzində yeritdiyi xarici siyasəti əks etdirir.
Tarix Qərb liderlərini əks istiqamətə yönəltmiş olmalıydı. Vaxt keçdikcə, soyuq müharibənin himayədarlıq anlayışı ideal olmadığını sübut etdi. Əslində, bir çox hallarda uzunmüddətli təhlükə və nizamsızlıq yarandı. Buna misal olaraq, İran şahını, Kambocada Lon Nolu, Çilidə Auqusto Pinoçeti və Konqo Demokratik Respublikasında Mobutu Sese Sekonu göstərmək olar.İspaniyanın sabiq xarici işlər naziri, Dünya Bankının keçmiş vitse-prezidenti Ana Palasio "Project Syndicate"də dərc olunmuş "The Despotic Temptation" məqaləsində bildirir ki, ancaq indi vəziyyət çıxılmaz hal alıb. Nəticələri Avropada getdikcə daha çox hiss olunan, yaxın Şərq və Şimali Afrikanı bürümüş zorakılıq, əziyyət və xaosu məhdudlaşdıra bilməyən Qərb liderləri yenidən soyuq müharibə tələsinə düşürlər. Onların istədiyi tək şey "kiminsə" güc tətbiqi ilə də olsa, nizam yaratmasıdır.
Bu çarəsizlik ən çox Suriyada nəzərə çarpır. İllərlə Suriya prezidenti Bəşər əl-Əsədin problemlərə səbəb olduğunu təkid edən Qərb siyasətçiləri və strateqləri indi onun problemi həll edə biləcəyini irəli sürürlər.
Almaniya kansleri Angela Merkel ötən ay Suriyanın gələcəyi ilə bağlı danışıqlarda Əsədin də iştirak etməsinin zəruriliyini qeyd etdi. Eyni şəkildə, ABŞ-ın dövlət katibi Con Kerri və Britaniyanın baş naziri Devid Kemeron nəzərdə tutulan keçid dövründə Əsədin də müəyyən rol oynamasını qəbul edirlər. İspaniyanın baş naziri Mariano Raxoy isə "İslam Dövləti"nə qarşı mübarizədə bütün dünyanın Əsədə "arxalana" biləcəyini deyib.
Bu dəyişiklik stabilliyə duyulan ehtiyac və Liviyanın idarəsindəki boşluqla xüsusilə Avropada güclənən istəyi əks etdirir. Eyni istək artıq Qərbi Misirdə mənşəyi şübhəli olan Əbdül Fəttah əl-Sisi rejimini də dəstəkləməyə vadar edib.
Anarxiya ilə qarşılaşdıqda hansı yolla olur-olsun, stabilliyin təmin edilməsi istəyi başadüşüləndir. Ancaq bu, fəlakətli nəticələr verə bilər.Əlbəttə, bu vəziyyət Rusiya prezidenti Vladimir Putin kimi avtoritar liderlərin işinə gəlir. Bolqarıstanlı siyasi analitik İvan Krastevin bu yaxınlarda qeyd etdiyi kimi, Əsədin uzun müddətdir müttəfiqi olan və Qərbin yaxşı idarəçiliyi təbliğ etmək cəhdlərinin gözlənilməz vəziyyətlərə gətirib çıxardığı ideyasını yaymaq üçün əlindən gələni edən Putin BMT-nin Baş Assambleyası qarşısında etdiyi son çıxışında deyib: "İslahatlar gətirmək əvəzinə, aqressiv xarici müdaxilə zorakılıq, yoxsulluq və sosial fəlakətlə nəticələnib". Putinin sözlərindən belə çıxır ki, Əsəd tərəfindən idarə olunan güclü bir hökumət əks nəticə verərdi. Rusiya hal-hazırda Suriyanın özündə bu fikri sübut etməyə çalışır.
Bu ideya nə qədər cəlbedici, Qərb isə nə qədər yorğun olsa da, soyuq müharibə dövrünün və bu dövrdən sonrakı hadisələrin də göstərdiyi kimi reallıq budur ki, tiranlıq heç vaxt stabilliyi uzun müddət saxlaya bilməz. Yaxşı idarəçiliyin əsasını təşkil edən insana ləyaqət və hörmət istəyi basdırıla bilməz, xüsusilə də, insanların internet və mobil texnologiyalar vasitəsilə istədikləri məlumatı əldə edə bildikləri bir dövrdə.
Beləliklə, yaxşı idarəçilik uzunmüddətli stabilliyin əsasıdır. Ancaq stabillik kimi yaxşı idarəçiliyin təmin edilməsi də kənardan müdaxilə ilə mümkün olmur, əksinə, yaxşı idarəçilik cəmiyyət daxilində sağlam kök ataraq təbii şəkildə yaranmalıdır.
Bu, o demək deyil ki, Qərb hökumətlərinin edə biləcəkləri heç nə yoxdur. Əksinə, xarici qüvvələr yerli və milli səviyyələrdə güclü vətəndaş cəmiyyətinin yaradılmasına kömək etməklə böhranla üzləşən ölkələrdə yaxşı idarəçilik üçün güclü bünövrə qoyulmasında mühüm rol oynaya bilərlər.Bu il Tunisin Milli Dialoq Kvarteti 2011-ci il inqilabından sonra ölkənin demokratiyaya keçid prosesində oynadığı rola görə Nobel sülh mükafatına layiq görüldü və bu, güclü bir vətəndaş cəmiyyətinin stabilliyin təmin edilməsində nə dərəcədə effektiv ola biləcəyini göstərdi. Bu gün beynəlxalq ictimaiyyət problemli regionlarda stabillik yaratmaq üçün Putinin Suriya və Liviya ilə bağlı xəbərdarlıqlarına aldanmaq əvəzinə Tunisi nümunə götürməli və həmin regionların stabil demokratiya yolunda irəliləməyə davam etdiklərindən əmin olmalıdır.
Təəssüf ki, böhran içində olan ölkələrdəki cəmiyyətlərlə məşğul olacaq qədər səbirli olmadıqlarını dəfələrlə göstərən Qərb liderləri hakimiyyətə bir diktator gətirməklə vəziyyətin düzələcəyini gözləyirlər. Çıxış yolu isə bu deyil.
"Marş, marş, zuav, ölüm döyüşünə!"
1831-ci il, Fransanın müstəmləkə qoşunlarının heyətində "zuavlar" adlı birləşmələr peyda olur. O vaxtlar həmin dəstələr Şimali Afrika sakinlərindən formalaşırdı və elə "zuav" adı da Fransa ordusunda ilk "aborigen" döyüşçülərə çevrilmiş bərbər tayfası zauzuanın mənsublarının adlarından yaranmışdı.
1845-ci ildən sonra müsəlman bərbərlər Fransa ordusunda əlahiddə "Əlcəzair atıcıları" alayında xidmət etməyə başladılar və elə o vaxtdan da zuavların sıralarına sadəcə, katolik fransızlar qəbul olunurdu.
Beləcə, əsası müsəlman döyüşçülərdən qoyulan zuav birləşmələri illər sonra sırf xristian döyüşçülərdən ibarət hissələrə çevrildi.Daha sonra ABŞ, Polşa, Çexiya, Braziliya, İtaliya ordularında da zuav alayları yarandı.
Qərbin Yaxın Şərq dövlətləri, ümumiyyətlə, müsəlman ölkələri ilə bağlı siyasətini də indi "zuavizm" adlandırmaq olar. Ssenari çox bəsit, hətta primitivdir: əvvəlcə müsəlmanlara azadlıq, bərabərlik, inkişaf, yüksək rifah, tərəqqi vəd olunur, daha sonra onlardan sui-istifadə edilir, sonucda da müsəlmanlar onlara ayrılmış "rol"u yerinə yetirdikləri üçün səhnədən kənarlaşdırılır və meydana Qərbin seçilmiş ifaçıları çıxırlar. Belədə, təbii ki, müsəlmanlar aldadıldıqlarını anlasalar da, müqavimətin kiçikmiqyaslı formatını seçməkdən başqa heç nə edə bilmirlər.
Bu seçim fərqli olur: ya ekstremizm, radikalizm və qiyamlar, ya da Qərbin təzyiqindən qurtulmaq üçün uzunmüddətli, məşəqqətli mübarizə.
Azərbaycan öz yolunu seçib və məhz buna görə də Qərbin bəlli çevrələrini narazı salıb. Axı təbii ehtiyatlar, geostrateji mövqe, əlaqələr və diplomatik seçim, habelə digər önəmli məsələlərlə bağlı tutulan mövqe "müvafiq" çərçivədə, istiqamətdə və məcrada deyilsə, süni problemlərin sayı mütləq şəkildə artasıdır.
Bakını belə sınaqlar çəkindirməyib və əksini düşünənlər də yanılırlar.
Orxan Hun
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər