Əmirəlmömininin (ə) sui-qəsddən sonrakı ən mühüm tövsiyələri |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 25-09-2015, 12:49 | Şərh sayı: (0) | Baxılıb: 1452
Əmirəlmömininin (ə) sui-qəsddən sonrakı ən mühüm tövsiyələri
Vəsiyyətin sonrakı cümlələrini Əmirəlmöminin (ə) ümumi şəkildə buyurur: "Siz iki oğluma, bütün övladlarıma, ailəmə və bu vəsiyyətnamənin çatdığı hər bir kəsə vəsiyyət edirəm".
Buna əsasən, burada əyləşən sizlər və bu vəsiyyətnaməni oxuyan mən də Əmirəlmömininin (ə) müraciət tərəfi sayılırıq. Buyurur ki, sizin hamınıza vəsiyyət edirəm. Nəyi? Yenə Allah təqvasını - yenə təqva! Əmirəlmömininin (ə) birinci və axırıncı sözü təqvadır. Onun ardınca buyurur: "Və işinizdə nizam-intizamlı olmağı vəsiyyət edirəm". Bu nə deməkdir? Yəni həyatda gördüyünüz bütün işlər nizam-intizamlı olsun? Mənası budur? Bu da ola bilər, amma buyurmadı ki, "işlərinizi" nizam-intizama salasınız, buyurdu ki, "işinizi". Yəni nizam-intizama salınmalı məsələ bir şeydir. Bunu cəm formasında deməmişdir. İnsan anlayır ki, bu iş hamı üçün müştərək bir məsələdir. Mənim fikrimcə, burada məqsəd İslam quruluşu, İslam hakimiyyətidir. Yəni hökumət və quruluş məsələsində nizam-intizamlı və planlı rəftar edin.
İslam dünyası həmin nizamsızlıqlara və xudpəsəndliklərə görə bu vəziyyətə düşdü. Əgər Əmirəlmöminin (ə) İslam dünyasının rəhbəri seçiləndə, bütün İslam ümməti ona beyət edəndə həmin beyətə sadiq qalsaydılar, bu fəlakət və bədbəxtliklər baş verməzdi. Peyğəmbər (s) buyurub ki, əgər bir şəxs imam olsa, xalq onu qəbul etsə və bu işdə Allahın razılığı olsa, heç kimin ona qarşı çıxmağa haqqı yoxdur. Əgər Peyğəmbərin (s) bu cümləsinə əməl olunsaydı, o döyüşlər baş verməzdi; nə Cəməl döyüşü, nə Siffeyn döyüşü, nə Nəhrəvan döyüşü. Bəzi adamların öz istəklərinə görə xalqı sarsıtmaları, o tərəf-bu tərəfə çəkmələri, hakim sistemi və ölkənin ümumi nizam-intizamını pozmaları böyük fəlakətdir. Əmirəlmöminin (ə) vəsiyyətnamənin bu hissəsində onu qadağan edir və əksini tapşırır.
Vəsiyyətin ikinci hissəsində buyurulan üçüncü qayda mehriban yaşamaqdır; yəni bir-birinizlə mehriban olun, ürəklər bir olsun, söz birliyiniz olsun, aranızda ixtilaf və ayrılıq olmasın. O, bu cümləni buyurarkən Peyğəmbərin (s) sözündən bir məsəl də çəkir. Bəlli olur ki, bu məsələ üzərində xüsusi təkidi var və ondan qorxur. Bu o demək deyil ki, insanların mehribanlığı işin nizam-intizamlı olmasından daha əhəmiyyətlidir, əslində bu cəhətdən təhdidin daha güclü olduğuna görədir. Ona görə Peyğəmbərdən (s) belə bir sitat gətirir: "Sizin babanızdan belə bir söz eşitmişəm: "İnsanlar arasında mehribanlıq hər bir namaz və orucdan yaxşıdır". Demir ki, bütün namaz və oruclardan yaxşıdır; buyurur ki, hər bir namaz və orucdan yaxşıdır. Siz öz namaz və orucunuzla məşğul olmaq istəyirsiniz, amma fəziləti bunların hər ikisindən çox olan bir iş var. O nədir? O, insanlar arasında mehribanlıq yaratmaqdır. Əgər İslam ümməti arasında ixtilaf və ayrılığın olduğunu görsəniz, gedib onu düzəldin. Bu, namaz və orucdan daha dəyərlidir.
Əmirəlmömininin (ə) vəsiyyətində yetimə nəvazişin əhəmiyyəti
Bu cümlədən sonra qısa, dərin və yanıqlı sözlərlə buyurdu ki, yetimlərin qayğısına qalın, onları heç zaman unutmayın. Bu çox mühüm məsələdir. Görün bu insanşünas, allahşünas, psixoloq və xeyirxah insan necə xırdalıqları görür! Bəli, yetimlərin qayğısına qalmaq yalnız fərdi və adi duyğusal mərhəmət deyil. Həyatın ən zəruri ehtiyaclarından biri olan atasını əldən vermiş uşağın uyğun ehtiyacını hansısa bir yolla təmin etməlisiniz. Bunu təmin etmək mümkün olmasa da, atasını itirmiş gəncin, yeniyetmənin və uşağın əldən çıxmasına imkan verməməlisiniz. "Yetimlərin qayğısına qalın, onları ac qoymayın!" Yəni belə olmasın ki, onlar hərdən yeməyə bir şey tapsınlar, hərdən yox. Onların məişət məsələsi ilə maraqlanın. "Siz ola-ola onlar tələf olmasınlar", yaddan çıxmasınlar. Əgər siz olmasanız, xəbərsiz olsanız, heç, amma siz ola-ola heç bir yetim diqqətdən kənarda qalmasın. Məbada hər kəs öz işinin ardınca getsin və yetim uşaq yalqız qalsın.
Qonşuların hüququ
Sonra buyurur ki, qonşularınızın qayğısına qalın, bu məsələni kiçik saymayın. Bu, çox mühüm məsələdir, böyük bir ictimai rabitədir. İslam dini insanların fitrətinə uyğun olan bu məsələyə böyük diqqət ayırmışdır. İnsan fitrətindən uzaq olan sivilizasiyalarda isə bu dəyərlər itmişdir. Biri bir neçə il bir evdə yaşayır, amma qonşusunun kim olduğunu və necə yaşadığını bilmir. Problem və müsibətlər zamanı insanların ehtiyacları ilə kim maraqlanmalıdır?!
Qonşularınızla maraqlanın. Burada məqsəd yalnız iqtisadi və maddi cəhət deyil. Sözsüz ki, bu da mühüm məsələdir, amma məqsəd bütün insani cəhətlərdir. O zaman cəmiyyətdə necə ülfətin yarandığını və çarəsiz dərdlərin necə sağaldığını görəcəksiniz. Sonra buyurur: "Bu, peyğəmbərinizin (s) vəsiyyətidir. O, qonşuları o qədər tapşırırdı ki, biz qonşu üçün də irsin təyin olunacağını düşünürdük".
Quranı dərk və ona əməl etmək
Sonra buyurdu ki, Quranı sizə tapşırıram; digərləri, Qurana etiqadı olmayanlar ona əməl etməkdə sizdən önə keçməsinlər və siz ona etiqadlı olduğunuz halda əməl etməyib geridə qalmayın. Bu hal indi yaranmışdır. Dünyada öndə gedənlər yorulmazlıqla, müntəzəm fəaliyyətlə, yaxşı çalışmaqla və Allah-Taalanın sevdiyi digər xüsusiyyətlərlə önə keçdilər, fəsadları, şərabları və zülmləri ilə yox.
Mən dəfələrlə demişəm: Əgər dünyada elmi inkişaf etdirən bu Qərb ölkələrində bəzi yaxşı xüsusiyyətlər olmasaydı, bu inkişaflara nail olmazdılar və başqalarına etdikləri zülm onları məhv edərdi. Yaxşı xüsusiyyətlər onların qalıb inkişaf etmələrinə bais oldu. Biz o xüsusiyyətləri tərk etmişik. Onlar işlərdə davamlıdırlar, vaxta qiymət verirlər, istehsal etdikləri məhsula əhəmiyyətli yanaşırlar. Əgər bizim fəhləmiz, tələbəmiz, müəllimimiz, ruhanimiz, tacirimiz, əkinçimiz və digər təbəqələrimiz bu müsbət və yaxşı xüsusiyyətlərə yiyələnsələr, ölkə birdən-birə gülüstana çevrilər. Biz yaxşı və müsbət xüsusiyyətlərə yiyələnməliyik və bu, Qurana əməl etmək deməkdir. Buyurur: "Digərləri Qurana əməl etməkdə sizdən önə keçməsinlər". Bu o demək deyil ki, Əmirəlmöminin (ə) kiminsə Qurana əməl etməsini istəmir. Əgər bütün dünya Qurana əməl etsə, o həzrət daha çox sevinər. Deyir məbada Qurana etiqadı olmayanlar ona əməl edərək sizə hakim olsunlar, önə keçsinlər, siz isə geridə qalasınız. Davamında buyurur: "Namazdan ehtiyatlı olun. Həqiqətən o, dininizin sütunudur. Allahın evindən ehtiyatlı olun. Nə qədər ki, varsınız, onun boşalmasına qoymayın. Əgər o boşalsa, sizə möhlət verilməyəcək (yaxud yaşamaq imkanınız əldən çıxacaq".
Allah yolunda malla, canla və dillə cihad etmək
"Allah yolunda malla, canla və dillə cihad etməyi sizə vəsiyyət edirəm". Bu işi tərk etməyin. Bu həmin cihaddır ki, İslam ümməti onu etdiyi zaman dünyanın nümunəvi xalqı idi, əldən verəndən sonra isə xar oldu. Məsihi yazıçılar İncil kitablarında Məsihin dilindən belə yazmışlar: "Əgər bir üzünə sillə vursalar, o birini gətir"; "Biz əsla müharibə tərəfdarı deyilik, mütləq şəkildə barış və mehribanlıq tərəfdarıyıq". Bu onların şüarıdır. Hələ də deyirlər. Hələ də utanmadan müsəlmanları məzəmmət edirlər ki, siz cihad, müharibə və xəncər tərəfdarısınız. Bunu o qədər dedilər ki, axırda müsəlmanlar utandılar; müsəlman yazıçı və alimlər dedilər ki, bizdə cihad yoxdur, bizim cihadımız əslində müdafiədir. Allah-Taala deyir ki, cihad et, müsəlman alim isə deyir ki, cihad müdafiədir. Allah buyurur: "Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!" Onlara arxa çevrməyin, onlarla vuruşun: "Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun!" Müsəlman yazıçı deyir ki, Allah yolunda cihad əslində cihad deyil, hücum deyil, müdafiədir. Bütün bunlar məsihilərin təbliğatının təsiridir. Sülh və barışdan o qədər danışdılar, o qədər "Müharibə pisdir, döyüş pisdir, heç kimə hücum etməyin" – dedilər ki, cihad tərəfdarı olan və cihadla izzətlənmiş müsəlmanları təcrid etdilər. Lakin sülh tərəfdarı olan o cənabların özləri harada imkan tapdılarsa, müsəlmanların günlərini qara etdilər. Bu gün Bosniya-Herseqovinada və işğal olunmuş Fələstinin Xəlil ər-Rəhman məscidində müsəlmanları qırmaqda olanlar Amerika və Avropadan gələnlərdir. Həmin avropalılar, amerikalılar və qərblilər bir ömür müsəlmanlara dedilər ki, siz cihad tərəfdarısınız və cihad pisdir. Eyni zamanda xaç yürüşlərindən bu yana məsihilər bir formada, o birilər də başqa formada bacardıqları qədər müsəlmanlara qarşı mübarizə apardılar, vuruşdular və öldürdülər.
Bu hadisələri biz burada deməli deyilik. Xülasə, qəribə hadisələrdir. Tarixi oxuyan və bilən şəxs belə hadisələrdən ötrü qan ağlayar; həm edilən zülmlərə görə, həm də ikiüzlülüklərə görə. Sülhdən bu qədər dəm vururlar, eyni zamanda bu qədər gizli və aşkar xəncərləri var.
Sözsüz ki, müəyyən həddi-hüdudu olan İslam cihadı isə zülm deyil. Cihadda insanların hüquqlarına zülm və təcavüz yoxdur. Cihadda yeri gəldi-gəlmədi onu-bunu öldürmək yoxdur. Cihadda müsəlman olmayan hər bir kəsi öldürmək yoxdur. Cihad – Allahın çox möhtəşəm bir hökmüdür. Əgər cihad olsa, xalqlar başıuca olarlar.
Sonra buyurur ki, bir-birinizlə əlaqəniz olsun, bir-birinizə kömək edin, əl tutun, bir-birinizə arxa çevirməyin, əlaqələrinizi kəsməyin. Buyurur ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək əməlini heç vaxt tərk etməyin. Əgər tərk etsəniz, yaxşı işlərə dəvət edən və pis işlərdən çəkindirən olmasa, pislər iş başına gələr, hakim olarlar. Əgər insanlar pisləri və pislikləri məzəmmət etməyə adət etməsələr, pislər hakimiyyətə gələrlər. Sonra siz yaxşılar "İlahi! Bizi bu pislərin şərindən qoru!" – deyə dua edərsiniz, amma duanız qəbul olunmaz.
Əmirəlmöminin (ə) bu vəsiyyətində təxminən iyirmi ən mühüm mövzunu bəyan etmişdir. Sonra da əsaslı və həssas bi məsələyə toxunur. O əsas məsələ nədir? İntiqam almaq məsələsidir. Buyurdu ki, ey Əbdülmüttəlib övladları! Ey özlərini qisas sahibi bilən qohumlarım! Məndən sonra onun-bunun canına düşməyin, möminlərin əmiri öldürülüb deyə, kiminlə haqq-hesabınız varsa, ortaya atıb insanları məhv etməyə çalışmayın. Əgər ölsəm, məndən sonra yalnız qatilimi öldürün. Əgər bu yaradan dünyamı dəyişsəm, ona yalnız bir zərbə vurub qisas alın; bir zərbəyə qarşı yalnız bir zərbə.
Bədbəxt və xəbis İbn Mülcəmin üstünə düşüb, onu tikə-tikə etmək qorxusu vardı. Buna görə allahşünas, Allahı axtaran və diqqətli insan olan Əmirəlmöminin (ə) camaatın qəzəb və qisas hissi ilə düşməni parçalamasından ehtiyatlanıb buyurdu: "Onun bədən üzvlərini kəsməyin. Mən Allah Rəsulunun belə dediyini eşitmişəm: "Hətta quduz iti də parçalamayın!"
Bu, Əmirəlmömininin (ə) son vəsiyyətidir və onun müraciət tərəfi bizik. Biz bu vəsiyyətə əməl etməliyik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər