Ölkədə dini sabitliyi pozmaq cəhdləri iflasa uğrayacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-11-2015, 13:42 | Şərh sayı: (0) | Baxılıb: 371
Ölkədə dini sabitliyi pozmaq cəhdləri iflasa uğrayacaq
Müasir dövrdə tranzitar proseslərin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini zamanın aktual məsələlərindən birinə çevirib. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində müasir dünyada mənəviyyat problemləri də kəskinləşib. Milli özünəməxsusluğu qoruma instinkti və yaxud da bəhanəsi altında son nəticədə başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük, ksenofobiya halları artır.
Azərbaycan prezidenti İlham Əliyev ilk gündən azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısı respublikada bütün milli və dini azlıqların birgə yaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla bildirir. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməyib. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.
Təəssüflə vurğulamaq lazımdır ki, hələ də islam əxlaqı, islam həyat tərzi, habelə bütövlükdə islam dininə dözümlü münasibətin qloballaşan dünyada birgəyaşayışın əsas normalarından birinə çevrilməsinə mane olan qüvvələr var. Bəzi qüvvələr isə din pərdəsi altında özlərinin məkrli məqsədlərini həyata keçirmək üçün bütün imkanlardan istifadə etməyə çalışırlar. Dünyada cərəyan edən proseslər onu göstərir ki, radikal ekstremist qruplaşmalar islama qarşı terrorun coğrafiyasını genişləndirərək müsəlman ölkələrinə yaymaq istəyirlər. Ancaq onların niyyəti Azərbaycanda baş tutmayacaq. Ölkəmizdə funksional dövlət aparatı var və hüquq-mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. Digər bir tərəfdən, Azərbaycanda islamı obyektiv əsaslarda dərk edən intellektual cəmiyyət və savadlı dindarlar var. Bu iki faktor ölkəmizin beynəlxalq terror şəbəkəsinin poliqonuna çevrilməsinə heç zaman imkan verməyəcək. Radikal dini qüvvələr unutmamalıdırlar ki, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan dövləti və cəmiyyəti ölkədə dini sabitliyə zərbə vurmağa cəhd göstərən, onlar üçün yaradılmış əlverişli şəraitdən süni istifadə edərək dini sabitliyi pozmağa, ölkəni dinlərarası ziddiyyətlər meydanına çevirmək istəyən şər qüvvələrə qarşı barışmaz mövqe tutub. Buna cəhd göstərən radikal dini qüvvələr heç nəyə nail ola bilməyəcək və çirkin əməllərinə görə qanun qarşısında cavab verəcəklər.
Regionda əsas söz sahibi kimi çıxış edən Azərbaycanın son illər əldə etdiyi davamlı uğurlarını həzm edə bilməyən müəyyən bədxah qüvvələrin hədəfi dəyişməz olaraq qalır: nəyin bahasına olursa-olsun Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq. Səbəb kifayət qədər sadədir: son illər Azərbaycanın iqtisadi və siyasi baxımdan güclənməsi, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə ölkəyə çevrilməsi antimilli dairələri ciddi narahat edir. Azərbaycanda mütləq əksəriyyətin etimadını qazanan, sürətli sosial-iqtisadi inkişafı təmin edən, ictimai-siyasi sabitliyi qoruyub saxlayan, qlobal enerji layihələrinin gerçək təminatçısına çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirən güclü hakimiyyətin mövcudluğu antiazərbaycançı şəbəkəyə qətiyyən sərfəli deyil. Regionda maraqlarını gerçəkləşdirmək istəyən müəyyən dairələrin zaman-zaman uğursuz ssenarilərlə spekulyasiyalar etmələri də buna görədir. Ancaq qüdrətli Azərbaycan dövləti antimilli qüvvələrə və onların buyruq qullarına həmişə tutarlı cavab verib.
Ümumilikdə müşahidələr göstərir ki, bu gün tolerantlıq prinsipinə ən böyük təhlükə Şərqdən deyil, məhz Qərbdən gəlir. Bu gün Avropa ölkələrində onlara pənah gətirən qaçqınlara olan kobud münasibət deyilənlərə bir daha misaldır. Yaxın və Orta Şərqdən gələn qaçqınların sərhədlərdə incidilməsi, təhqir edilməsi və polis zorakılığına məruz qalmaları bu coğrafi arealda ən adi insani normaların işləmədiyini bir daha sübuta yetirir. Avropa dövlətləri getdikcə özləri tolerantlıq prinsipinin ən böyük düşmənlərinə çevrilirlər. Fərqli fikir və düşüncəyə qarşı başlanmış "səlib yürüşü" ilk növbədə bu geosiyasi arealda sivilizasiyalararası qarşıdurma meyillərini gücləndirir. Bəzi hallarda terrora rəvac verən başlıca amillərdən biri də milli-etnik və dini tolerantlığın lazımi səviyyədə inkişaf etməməsidir. Əslində, bu problem təkcə dövlətlərin demokratik inkişaf səviyyəsi ilə deyil, həm də ayrı-ayrı millətlərin, xalqların milli yaşam tərzi, psixologiyası ilə bağlıdır. Lakin dini, siyasi, irqi və s. tolerantlığın zəifləməsi bəşəriyyətin tarixən can atdığı sivil dəyərləri sarsıdır. Sivilizasiyaların toqquşması isə son nəticədə sivil dünyanın təhlükəsizliyinə potensial təhlükə meyillərini artırır.
Azərbaycanda tolerantlıq - irqi, milli, dini və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bugünün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. Ən əsası, tolerantlıq bu gün Azərbaycan xalqı üçün demokratik dəyərə çevrilib.
"Azərbaycan" qəzeti
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər