Türkiyə-Rusiya qarşıdurması nə ilə nəticələnəcək? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-11-2015, 14:12 | Şərh sayı: (0) | Baxılıb: 539
Türkiyə-Rusiya qarşıdurması nə ilə nəticələnəcək?
"Türkiyə hərbi aviasiyasının Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsini vurması hadisəsi iki ölkə arasında bir-birinə qarşı hansısa lokal addımların atılmasına gətirib çıxara bilər. Amma zənn etmirəm ki, Rusiya və Türkiyə ciddi şəkildə bir-birinə qarşı çıxsın. Bu, mümkün deyil".
Bu barədə Milli.Az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov Rusiyanın Su-24 bombardmançı-qırıcı təyyarəsinin Suriya-Türkiyə sərhədində Türkiyə tərəfindən vurulması faktının mümkün nəticələrini və türkmənlərin vəziyyəti ilə bağlı məsələləri şərh edərkən deyib.
E.Ələsgərovun fikrincə, bu hadisədən sonra Rusiya ilə Türkiyə arasında hərbi konfliktin olacağı ehtimalı yoxdur: "Türkiyə NATO-nun üzvüdür. Rusiyanın isə NATO ilə konfliktə girməsi düzgün olmazdı. Eləcə də Türkiyənin Rusiya ilə konfliktə girmək fikri yoxdur, çünki Rusiya böyük dövlətdir. Ona görə də qarşılıqlı müharibənin və ya bir-birinə qarşı hər hansı hərbi əməliyyat aparılmasını ehtimal etmirəm".
Türkmənlərlə bağlı məsələyə gəlincə, ekspert qeyd edib ki, Suriya tarixin müəyyən dövründə Osmanlı İmperiyasının tərkib hissəsi olub. Ona görə də Suriyada müxtəlif millətlərin nümayəndələri, o cümlədən şimalda islam dininin həm şiə, həm də sünni məzhəblərinə mənsub türk mənşəli türkmənlər yaşayırlar. Lakin Rusiyanın Suriyanın türkmənlər yaşadığı bölgələri bombalamasında məqsəd heç də türkmənlərə qarşı yönəlməyib: "Məqsəd türkmənləri qırmaq deyil. Sadəcə Rusiyanın silahlı qüvvələri İŞİD-ə qarşı müharibədə Suriya ordusuna, "Hizbullah"ın silahlı birləşmələrinə və İranın bölgədəki könüllülərinə dəstək vermək üçün hərbi əməliyyatların keçirildiyi ərazini genişləndirir. Suriya ordusu indi hücum əməliyyatları həyata keçirir. Onların məqsədi Türkiyə ilə sərhədi nəzarəti götürməkdir. Suriya ordusu irəlilədikcə Rusiyanın hərbi aviasiyası da həmin əraziləri bombardman edərək terrorçulardan təmizləyir".
Politoloqun fikrincə, bütün Suriyada aparılan hərbi əməliyyatlar nəticəsində türkmənlərin də zərər görməsinə baxmayaraq, Türkiyə ilə Rusiya arasında münasibətlər kəskinləşməyəcək, əksinə, bu problem bütün tərəfləri razı salacaq şəkildə həll ediləcək:
"Təbii ki, Türkiyənin də Suriyada öz maraqları var. Orada yaşayan türkmənlər həm dini, həm milli, həm də siyasi baxımdan Türkiyənin tərəfdarıdırlar. Ona görə də türkmənlər Türkiyənin köməyinə ümid edirlər. Burada milli məsələ xüsusi rol oynayır. Türkmənlər Türkiyədən dəstək alırlar. Bu, əvvəllər də olub, indi də özünü büruzə verir. İndi də Türkiyə vaxtında etiraz etdi və bölgədəki bombardmandan sonra Xarici İşlər Nazirliyi Rusiyaya nota göndərdi. Türkmənlər radikal dini yönümlü deyillər, İŞİD-i dəstəkləmirlər. Türkmənlər orada sadəcə öz milli varlığını davam etdirmək üçün yaşayırlar. Onlar gələcəkdə yaşadıqları ərazidə onlara muxtariyyət də verilməsini tələb edə bilərlər. Amma indi onlar Rusiya və Suriya ordusunun Türkiyə ilə sərhədyanı zonaların ələ keçirilməsi üçün mübarizə apardığı ərazilərdə yerləşdiklərindən müəyyən problemlər, çətinliklər yaranır. Ümumiyyətlə, Türkiyənin və Rusiyanın Suriyadakı hadisələrə baxış fərqindən irəli gəlir. Hər iki ölkə bu məsələdə fərqli siyasət yürüdür. Amma məncə, Türkiyə Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Bundan başqa, Rusiya heç vaxt Suriya məsələləri həll olunmadan Türkiyənin maraqlarına xələl gətirmək, daha bir cəbhə açmaq istəməz. Məncə, bu məsələ həm türkmənlər, həm də hər iki dövlət üçün öz həllini müsbət məcrada tapacaq və Türkiyənin maraqları nəzərə alınacaq".
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər