"Alimlər sizin üzərinizdə höccətdir..." |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-10-2015, 10:25 | Şərh sayı: (0) | Baxılıb: 404
"Alimlər sizin üzərinizdə höccətdir..."
Qeyb dövründə alimlərə müraciət olunması barədə hədisə irad tutulacağını nəzərə alıb hədislə bağlı araşdırmanı sizə təqdim edirik:
ابن بابویه ( شیخ صدوق)، عَنْ مُحَمَّدِ بْنِ مُحَمَّدِ بْنِ عِصَامٍ عَنْ مُحَمَّدِ بْنِ یَعْقُوبَ عَنْ إِسْحَاقَ بْنِ یَعْقُوبَ قَالَ سَأَلْتُ مُحَمَّدَ بْنَ عُثْمَانَ الْعَمْرِیَّ أَنْ یُوصِلَ لِی کِتَاباً قَدْ سَأَلْتُ فِیهِ عَنْ مَسَائِلَ أَشْکَلَتْ عَلَیَّ فَوَرَدَ التَّوْقِیعُ بِخَطِّ مَوْلَانَا صَاحِبِ الزَّمَانِ ع أَمَّا مَا سَأَلْتَ عَنْهُ أَرْشَدَکَ اللَّهُ وَ ثَبَّتَکَ إِلَى أَنْ قَالَ وَ أَمَّا الْحَوَادِثُ الْوَاقِعَةُ فَارْجِعُوا فِیهَا إِلَى رُوَاةِ حَدِیثِنَا فَإِنَّهُمْ حُجَّتِی عَلَیْکُمْ وَ أَنَا حُجَّةُ اللَّهِ
İbn Babuveyh (Şeyx Səduq) Muhəmməd ibn Muhəmməd İbn Asimdən, o da Muhəmməd ibn Yaqubdan (Kuleyni), o da İshaq ibn Yaqubdan, o da Muhəmməd ibn Osman Əmridən İmam Zamanın (ə.f) belə buyurduğunu nəql edir:
“ ... Baş vermiş hadisələrdə bizim hədislərimizi nəql edən ravilərə (fəqihlərə) müraciət edin. Onlar mənim sizlər üzərinizdəki höccətim, mən isə Allahın onlar üzərindəki höccətiyəm”.[1]
Hədis ravilərini (nəql edənləri) araşdıraq:
Şeyx Səduqun etimadlı bir şəxs olması barədə heç bir şəkk-şübhə yoxdur. O, şiə aləminin böyük və əzəmətli alimlərindəndir.[2]
Muhəmməd ibn Muhəmməd ibn Asim. Rical kitablarında bu şəxs nə məzzəmət olunur, nə də mədh olunur. Ona görə də bu şəxs bizim üçün məchuldur (naməlumdur).
Muhəmməd ibn Yaqub əl-Kuleyni. Onun isə etimadlı bir şəxs olması barədə tərəddüd yoxdur. Şiə aləminin 4 böyük hədis kitablarından biri sayılan “əl-Kafi” kitabının müəllifidir.[3]
İshaq ibn Yaqub barədə rical kitablarında bir şey yazılmayıb. Ona görə də o da bizim üçün məchuldur.
Muhəmməd ibn Osman. İmam Zamanın (ə.f) xüsusi naiblərindən biri olmuşdur.
Hədisin sənədində adı keçən iki nəfər bizim üçün məchuldur. Lakin aşağıda qeyd edilən bu iki nəfəri etimadlı şəxs adlandırmaq olar:
a) Muhəmməd ibn Muhəmməd ibn Asim Şeyx Səduqun hədis ustadlarındandır. “Vəsailuş-şiə” və digər kitablarda Şeyx Səduq ona vasitəsiz istinad edərək bir çox hədislər nəql edir. Butün bu rəvayətləri də Muhəmməd ibn Asim Şeyx Kuleynidən nəql edir. Başqa sözlə desək, onun özü məchul bir şəxs olsa da, şiənin iki böyük və etimadlı mühəddisi sayılan Şeyx Kuleyni onun müəllimi, Şeyx Səduq isə şagirdi olmuşdur. Buna görə də “Rical” elmindəki iki qaydaya əsasən (“hədis icazəsi verən şeyxlərin (mühəddislərin) etimadlı şəxs olması”, “etimadlı şəxslərin bir nəfərdən çox hədis nəql etmələri həmin şəxsin də etimadlı olmasına dəlildir”.) onu etimadlı şəxs hesab etmək olar.[4]
b) İshaq ibn Yaqub da Kuleyninin hədis ustadlarındandır. Kuleyni həmin dönəmdə hədisdən də çox mühüm və əhəmiyyətli olan İmam Zaman (ə.f) tərəfindən göndərilən məktubları onun dediklərinə etimad edərək və ona istinadən nəql etmişdir.[5] Əlavə olaraq qeyd edək ki, bu məktubların birində İmam (ə.f) ona dua edir. “Kəmalud-din” kitabında nəql olunan sonuncu məktubda isə İmam (ə.f) belə buyurur:
السلام علیک یا اسحاق بن یعقوب و علی من اتبع الهدی
“Ey İshaq ibn Yaqub, salam olsun sənə və hidayət yoluna tabe olanlara”.[6]
Bəziləri isə onu mərhum Kuleyninin qardaşı hesab etmişlər.[7]
Sual oluna bilər ki, İshaq ibn Yaqubun İmam Zamandan (ə.f) məktub alması haradan məlumdur? Bəlkə onun barəsindəki bu dua yalandır və özü quraşdırıb?
Cavabında deyə bilərik: Bu hadisəni ondan nəql edən Kuleyni (deyilənləri nəzərə almaq şərti ilə) onu etimadlı şəxs hesab edirdi. Yoxsa heç vaxt belə bir iş görməz və ona istinadən hədis nəql etməzdi. Bu xüsusiyyətləri nəzərə alsaq, bu hədisin sənədində heç bir irad və şübhəyə yer qalmır.[8] Deməli, o zaman üçün İmam (ə.f) tərəfindən bir şəxsə məktubun göndərilməsi həmin şəxsin etimadlı birisi olmasına dəlildir.[9]
Hətta hədis barədə qeyd olunan bu dəlillərin qəbul edilməməsini fərz etsək belə, şiə alimlərinin tarix boyu bu hədisə etimad edib onu nəql etmələrinin özü bir dəlildir.
Məşhur “Cəvahir” kitabının müəllifi Ayətullah Şeyx Muhəmməd Həsən Nəcəfi bu barədə deyir: “Bu hədisin məzmunu alimlərin icması tərəfindən həm təsdiqləmiş, həm də nəql olunmuşdur”.[10]
Bir çox fəqihlər öz kitablarında bu hədisi sənədinə irad tutmadan nəql etmişlər. O cümlədən:
Şeyx Mürtəza Ənsari[11]
Ağa Rza Həmədani[12]
Ayətullah Seyid Muhəmməd Kazim Yəzdi[13]
Ayətullah Mirza Muhəmməd Hüseyn Naini[14]
Ayətullah Seyid Muhəmməd Hadi Milani[15] və s.
Bəhruz Camal
imamzaman.az
[1]Hürr Amili, Muhəmməd bin Hüseyn, Vəsailüş-şiə, c.27, səh.140
[2] Nəcaşi, Əbul Abbas, “Rical” kitabı, “mim” hərfi,“Muhəmməd ibn Əli ibn Hüseyn” başlığı altında.
[3]Həmin mənbə.
[4]Cəfər Sübhani, “Kulliyat fi elmul-rical”, səh.333, 353
[5]Bu barədə geniş məlumatı Mehdi Hadəvinin “Vilayət və diyanət” kitabında əldə edə bilərsiniz.
[6]Şeyx Səduq, Kəmalud-din, c.2, səh.458.
[7]Məhdi Hadəvi Tehrani, Vilayət və diyanət, səh. 99
[8]Seyid Kazim Hairi, Vəlayətil-əmr fi əsril-ğeybə, səh.122-125
[9]Bu fikir bir şəxsin etimadlı olduğunu təsdiqləməkdən ötrü ümumi yollardan biri kimi Mehdi Hadəvi Tehraninin “Təhrirul məqal fi kulliyyat elmur-rical” kitabında qeyd edilir. Təhrirul məqal fi kulliyyat elmur-rical, səh.109-111.
[10]Muhəmməd Həsən Nəcəfi, Cəvahirul-Kəlam, c.11, səh.90.
[11]Şeyx Ənsari, əl-Qəza vəş-şəhadat, səh.70.
[12]Ağa Rza Həmədani, Misbahul-fighiyyə, c.14, səh.289
[13]Muhəmməd Hüseyn Təbatəbai, Təkmilətu Ürvətil-vüsqa, c.2, səh.6
[14]Mirza Muhəmməd Hüseyn Naini, əl-Məkasib vəl bey, c.2, səh.337.
[15]Seyid Muhəmməd Hadi Milani, əl-Muhazirat fi fighil-imamiyyə, c.4, səh.277.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər