Qeyb dövründə kimə müraciət edək? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 27-10-2015, 10:07 | Şərh sayı: (0) | Baxılıb: 489
Qeyb dövründə kimə müraciət edək?
Hər zaman olduğu kimi indi də insanların şəri, əqidəvi, siyasi-ictimai və məişət həyatlarını əhatə edən suallarının cavabladırılması üçün ilahi bir rəhbər və imama ehtiyacı var. İmamlar iki əsrdən çox bir müddət ərzində bu işi öz öhdələrinə götürmüş və camaatın bütün suallarını cavablandırmışlar. Yaxşı, bəs İmamın (ə.f) qeybdə olduğu dövrdə camaat nə etsin və suallarını kimə ünvanlasın?
İmamlar özlərindən sonra böyük bir elm mirası qoymuş, elmin əsaslarını öyrətmiş və nəticə əldə etmək yollarını da bəyan etmişlər. Onlar tədricən məntiqi ictihad üsulunu öz seçilmiş sahabələrinə öyrədərək tərəfdarlarını onlara sarı yönəltmişlər. Beləliklə də, şiələri qeyb dövrünə hazırlamış və onları din alimlərinə müraciət etməyə öyrətmişlər.
Onlardan fiqh və ictihad üsulunu mənimsəmiş (elmdə) layiqli canişinlər şiələrin suallarını cavablandırmış və onları qeyb dövrünə hazırlamışlar. İmamların camaatı qeyb dövrünə hazırlamasına, fəqihlərə müraciət etməsinə tarixi sənədlərdə, həmçinin İmam Əlinin (ə) kəlamında da rast gəlmək olar. Həzrət Əli (ə) buyurur:
ان غاب عن الناس شخصهم فی حال هدنهم فلم یغب عنهم قدیم مبثوث علمهم
“Özləri camaatdan gizli olsalar da belə... onların vasitəsi ilə yayılan elmləri isə camaatdan gizli deyil”. [1]
Başqa bir yerdə isə İmam Əli (ə) belə buyurur:
العلماء حکام علی الناس
“Alimlər camaatın hakimidir”.[2]
İmam Hüseyn (ə) “Ərəfə” xütbəsində isə belə buyurur:
ان مجاری الامور و الاحکام، علی ایدی العلماء بالله، العلماء علی حلاله و حرامه
“Həqiqətən də, hadisələrin gedişatı və hökmlər Allahın halal və haramlarından xəbərdar olan Rəbbani alimlərin (fəqihlərin) əlindədir”. [3]
Həmçinin İmam Baqir (ə) Əbban ibn Tələbə belə deyir:
إجلس فی مسجد المدينة و أفت الناس
“Mədinə məscidində əyləşib camaata fətva ver”.[4]
İmam Sadiq (ə) Müslim İbn Həyyə ilə vidalaşarkən ona belə buyurur:
ائت أبان بن تغلب فإنه قد سمع مني حديثاً كثيراً
“Əbban ibn Tələbin yanına get, çünki o məndən çoxlu hədis eşitmişdir”. [5]
İmam Sadiq (ə) camaatın əqidəvi məsələlərdə müraciət etməsi üçün Hişam ibn Həkəm, Haşim ibn Salim, Həmran və Muninut-Taq kimi tələbələr yetişdirmişdir. İmam (ə) bir çox hallarda camaatı onlara tərəf yönəldirdi.[6] Bundan əlavə, İmamın (ə) hədis və fiqh sahəsində yetişdirdiyi Zürarə, Muhəmməd ibn Müslim, Əbu Bəsir, Bureyd, Cəmil ibn Dərrac, Haris ibn Müğeyrə və başqalarını da nümunə göstərmək olar.[7] Adları çəkilən şəxslər İmam Sadiqin (ə) Mədinədə, Kufədə və digər şəhərlərdəki silsilə dərslərində iştirak etmişlər. İmam (ə) da camaatın problemlərini həll etmək və suallarını cavablandırmaq kimi məsuliyyətli vəzifəni onların öhdəsinə qoymuşdur.[8]
II əsrin sonlarında bu ənənə o qədər adiləşmişdi ki, camaat İmam Rzadan (ə) alimlərə müraciət etməyin icazəli olub-olmaması barədə deyil, hansı alimin daha ləyaqətli olduğunu və hansına müraciət etməli olduqlarını soruşurdular.[9]
İmam Cavad (ə) və İmam Hadi (ə) zamanında da onlarla birbaşa görüşmək çətin olduğundan camaat bir çox suallarına ya məktub, ya da vəkillər və alimlər vasitəsi ilə cavab alırdılar. İmam Hadi (ə) Əhməd ibn Hatəm və onun qardaşının verdiyi suala cavabında tövsiyə etmişdir ki, dini təlimləri ömrünü Əhli-beytə (ə), imamətə sadiq olaraq keçirən və bu yolda möhkəmlənmiş şəxslərdən öyrənsinlər.[10]
Bu məqamda İmam Həsən Əskərinin (ə) şiələrin itaət və təqlid etsinlər deyə tanıtdırdığı alimlər barədə dediyi məşhur kəlamını qeyd etmək yerinə düşər:
فَأمَّا مَن كانَ مِن الفُقَهاءِ صائناً لنفسِهِ حافِظاً لِدينِهِ مُخالِفاً على هَواهُ مُطِيعاً لأمرِ مَولاهُ فلِلعَوامِّ أن يُقَلِّدُوهُ
“Camaat özünü islah edib nəfsini ələ almış, dinin müdafiəçisi, həva və nəfsinə müxalif, mövlasının əmrinə (imamına) tabe olan bir fəqihə təqlid edə bilər.”[11]
İmam Əskəridən (ə) sonra İmam Zaman da (ə.f) qısamüddətli qeyb dövründə alimlərə müraciət etmək barədə aşkar şəkildə belə buyurur:
و اما الحوادث الواقعة فارجعوا فیها إلی رواة حدیثنا فانهم حجتی علیکم و انا حجة الله علیهم
“Baş vermiş hadisələrdə bizim hədislərimizi nəql edən ravilərə (fəqihlərə) müraciət edin. Onlar mənin sizlər üzərinizdəki höccətim, mən isə Allahın onlar üzərindəki höccətiyəm.”[12]
Qeyd edilənlərdən belə bir nəticəyə gəlirik ki, imamlar hələ öz zamanlarında ümməti qeyb dövrünə hazırlamış və bəzi məsələlərdə isə onları alimlərə müraciət etməyə yönəltmişlər. İmam Zamandan (ə.f) nəql olunan hədisə əsasən isə, qeyb dövründə müsəlmanların vəzifəsi Allahın hüdudlarını aşmayan, ədalətli fəqihlərə itaət etməkdir.
Bəhruz Camal
imamzaman.az
[1]Üsuli-Kafi, c.2, səh.139
[2]Əl-Həyat, c.2, səh.449
[3]Tuhəful-Uqul, səh.283
[4]Nəcaşinin rical kitabı, c.1, səh.73
[5]Kəşşinin Rical kitabı, c.2, səh.622
[6]Əl-Kafi, c.1, səh. 74, 171
[7]Kəşşinin Rical kitabı, c.1, səh.348, 383 və c.2, səh.628.
[8]Vəsailüş-Şiə, c.24, səh.136, (“Vucubr-rucu fil-qəzai vəl-fətva ilə ruvatil hədis” fəsli).
[9]Kəşşinin Rical kitabı, c.2, səh.779, 784, 785( Yunis ibn Əbdürrəhman barəsində), 858 (Zəkəriyya ibn Adəm barədə).
[10]Kəşşinin Rical kitabı, c.1, səh.15.
[11]Əl-Ehticac, c.2, səh.511.
[12]Vəsailüş-Şiə, c.27, səh.140, Bu hədis, əl-Ehticac, və Kəmalud-din kitablarında da nəql olunmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər