Yəhudi lobbisi Konqresdə Azərbaycana sanksiya layihəsinə qarşı çalışır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 10:30 | Şərh sayı: (0) | Baxılıb: 314
Yəhudi lobbisi Konqresdə Azərbaycana sanksiya layihəsinə qarşı çalışır
Qanun layihəsi ABŞ Konqresinin gündəliyindən çıxmış sayıla bilərmi?
ABŞ Helsinki Komissiyasının rəhbəri, ABŞ Konqresinin nümayəndələr Palatasının üzvü Kristofer Smitin Azərbaycan və onun hakimiyyətinə qarşı hazırladığı və Helsinki Komissiyasında qəbul edilən “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi ətrafında yaşanan ajiotaj xeyli vaxtdır səngiyib.
Layihə Helsinki Komissiyasında qəbul edilən zaman bildirilirdi ki, yanvarın sonu, fevralda Konqresdə müzakirəyə çıxarıla bilər. Artıq yanvar ayı başa çatır, ancaq sözügedən məsələdən heç bir informasiya yoxdur. Belə bir təəssürat yaranır ki, sanksiyaları nəzərdə tutan qanun layihəsi gündəmdən çıxarılır və hətta Konqresdə müzakirəyə də çıxarılmaya bilər.
Sanksiyaları nəzərdə tutan layihənin arxa plana keçdiyi təəssüratının yaranmasının ABŞ prezidentindən Azərbaycan prezidentinə Vaşinqtonda keçiriləcək nüvə sammitinə dəvətin göndərilməsi ilə bağlı, Azərbaycanın Vaşinqton üçün əhəmiyyətli olması, eyni zamanda Azərbaycan Milli Məclisinin üzvü Rövşən Rzayevin ABŞ-da demokratiyanın və insan haqlarının durumu ilə bağlı hazırladığı-qarşılıqlı sanksiyaları nəzərdə tutan qanun layihəsi ilə əlaqədar olduğu iddiaları var.
Qanun layihəsi ABŞ Konqresinin gündəliyindən çıxmış sayıla bilərmi? Bəziləri iddialarında deyildiyi kimi Azərbaycanın önəmli ölkə olması və Azərbaycandan ABŞ-a qarşı alternativ sanksiya layihəsinin dərhal hazırlanması Vaşinqtonu prosesi dayandırmağa sövq edə bilərmi?
Yeni AXCP-nin sədri Razi Nurullayev bildirdi ki, Kristofer Smitin müəllifi olduğu “Azərbaycanda Demokratiya Aktı” qanun layihəsinin tezliklə qəbul olunmayacağı barədə layihə yeni ortaya çıxan zaman verdiyi proqnoz özünü doğruldub: “Xatırlayırsınızsa, mən əvvəldən bir neçə dəfə bu barədə fikir bildirmişdim. Fikirlərim dəyişməyib. Azərbaycan ABŞ üçün vacib və strateji ölkədir. Düzdür, İranla münasibətlərin normallaşması Azərbaycanın önəmini azaldıb, lakin İŞİD ilə mübarizədə Azərbaycanın müsəlman ölkəsi kimi mövqeyi mühümdür. Əlavə olaraq, Azərbaycanı dışlayıb Rusiyanın yanında yer almasında da ABŞ maraqlı deyil. Amerikanın Azərbaycanda enerji maraqları da var, eyni zamanda regionda Azərbaycan kimi ölkənin ABŞ-ın dostu rolunda olması vacibdir. Məsələnin maraqlı tərəfi həm də odur ki, yəhudi lobbisinin ABŞ siyasətində önəmli yeri var. Azərbaycan hakimiyyəti İsrail ilə dost ölkədir və yəhudi lobbisi bu qanun layihəsinin qarşısını almaq iqtidarına da malikdir. Belə demək olarsa, bu qanunun qəbulu üçün erməni və yəhudi lobbisi arasında bir savaş gedir. Azərbaycan üstünlüyü əldən verməyəcək və yəhudi lobbisi bu məsələdə ciddi rol oynamaqdadır. Artıq yəhudi lobbisinin addımlar atdığı barədə informasiyalar var”.
R.Nurullayev onu da dedi ki, ABŞ cəmiyyətində həm də sanksiyalara münasibət dəyişib: “1959-cu ildən ABŞ-ın Kubaya tətbiq etdiyi sanksiyalar nəticə vermədi. İndi sanksiyalar qaldırılır. Digər ölkələrdə də sanksiyalar eyni dərəcədə əhəmiyyətsiz olub. Buna görə Nümayəndələr Palatasında da sanksiyalara münasibət yaxşı deyil. Smitin layihəsinin Konqresin müzakirəsinə hələ çıxarılmamasında Azərbaycan parlamentinin üzvünün hazırladığı cavab layihəsinin hansısa rol oynadığını isə düşünmürəm.
Lakin hər bir halda ABŞ kimi böyük dövlətdən sanksiyaların gündəmə gəlməsinin özü Azərbaycan hakimiyyətini silkələyib və bu xalqımızın, demokratiyanın xeyirinədir".
Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, Barak Obamanın İlham Əliyevi nüvə sammitinə dəvət etməsi hadisəsi sanksiya məsələsini arxa plana keçirmir: “Çünki bunlar bir-biri ilə əlaqəli məsələlərə oxşamır. Nəzərə almaq lazımdır ki, "Azərbaycanda demokratiya aktı" adlı qanun layihəsi Helsinki Komissiyasında Barak Obamanın Azərbaycan prezidentinə məlum dəvəti göndərməsindən sonra qəbul edilib. Əvvəldən də bəlli idi ki, layihə Konqresdə tezliklə müzakirəyə çıxarılmayacaq.
Azərbaycan ABŞ-la müqayisədə çox kiçik ölkə olsa da Vaşinqton üçün çox böyük əhəmiyyətə malik strateji komponentdir. Vaşinqton bu komponentin əldən çıxmasını istəməz. Düşünmürəm ki, Azərbaycan ABŞ-la münasibətləri o səviyyə çatdırar ki, adekvat addımlar atılmış olsun. Azərbaycan regionda marağı olan ölkələr, xüsusilə ABŞ üçün strateji əhəmiyyət daşıyan bir ölkədir. Azərbaycan Rusiya və İranın arasında olan elə bir strateji nöqtədir ki, bu məsələdə demokratiyanın sərhədinin cızılması və yeni dünya düzənində tutacağı yer çox mühümdür. Buna görə də Azərbaycandan ABŞ-ın imtina etməsi və ya Azərbaycanın proseslərdən sıxışdırması o qədər rahat deyil. Amma hər halda Azərbaycan tərəfinə irəli sürülən tələblər də üzərindən vaz keçiləcək tələblər deyil. Çünki bu elə məsələdir ki, həm də dəyərlərə və prinsiplərə sadiqlik məsələsidir. Hesab edirəm ki, Azərbaycan hökuməti dil tapmalıdır, dövlətin və Azərbaycan xalqının ziyan görməsinə imkan verməməlidir. Mən arzulayardım ki, məsələnin sanksiyalarla yekunlaşmaması üçün dil tapılsın".
Bir çox siyasətçilər isə Azərbaycanın Pentaqon üçün xüsusi önəm daşıdığına diqqəti cəlb edirlər. Qeyd edilir ki, təkcə Azərbaycanın üzərindən Pentaqonun təyyarələrinin gediş-gəlişi faktı Azərbaycanın Pentaqon üçün necə ciddi komponent olduğunu söyləmək üçün yetərlidir. Pentaqonun Ağ Evə, ABŞ Konqresə təsir imkanları var. Bu baxımdan, Pentaqon Azərbaycan kimi mühüm komponentdən məhrum olmamaq üçün Konqresin Azərbaycana qarşı sanksiyalar qanununun qəbul etməsinin qarşısını almağa çalışa bilər.
Xatırladaq ki, sözügedən qanun layihəsi Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə ABŞ vizası almaq qadağasının qoyulmasını, onların biznes əlaqələrindən əhəmiyyətli dərəcədə gəlir əldə edən şəxslərə, hökumətin təhlükəsizlik və ədliyyə orqanlarının nümayəndələrinə viza qadağalarının qoyulmasını nəzərdə tutmaqla yanaşı maliyyə sanksiyalarının, Azərbaycanla iqtisadi əlaqələrin kəsilməsini nəzərdə tutur. Bəzi siyasətçilərin fikrincə, 14 maddədən ibarət bu qanun layihəsinin 80 faizi Azərbaycan xalqına, 20 faizi birbaşa hakimiyyətə qarşıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər