Orta ixtisas təhsili ilə bağlı qanun layihəsinə ehtiyac varmı? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 08:01 | Şərh sayı: (0) | Baxılıb: 279
Orta ixtisas təhsili ilə bağlı qanun layihəsinə ehtiyac varmı?
Məlahət Mürşüdlü: “Araşdırma aparmaq lazımdır ki, əmək bazarına orta ixtisas təhsili ilə bağlı hansı peşələrə ehtiyac var”
Azərbaycanda “Orta ixtisas təhsili” haqqında ayrıca qanun layihəsi qəbul oluna bilər. Bu layihə təklifini irəli sürən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev mətbuata açıqlamasında iqtisadiyyatın bütün sahələrində və sahibkarlığın inkişaf etdirilməsi üçün ixtisaslı fəhlə kadrlarına ehtiyac olduğunu bildirib.
Onun sözlərinə görə, müxtəlif dövlət qurumları orta ixtisas təhsili məktəbləri yaradıb və yaxşı olardı ki, özəl müəssisələr, böyük şirkətlər də bu işə qoşulsun. Bu sahədə ayrıca qanunvericilik bazasının olmasına böyük ehtiyac olduğunu deyən B.Əliyev Elm və təhsil komitəsi Təhsil Nazirliyi, digər əlaqədar qurumlarla, o cümlədən özəl şirkətlərlə birlikdə işçi qrupu yaradaraq belə bir qanunun hazırlanmasına böyük zərurət olduğunu hesab edir: “Məqsədimiz odur ki, yaz sessiyası müddətində bu işçi qrupu yaradılsın və orta ixtisas təhsili ilə bağlı qanun layihəsi üzərində sürətli iş getsin”.
Yeni qanun layihəsi haqqında Təhsil Nazirliyinin fikrini almaq istəsək də, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu qanun layihəsinin mahiyyətindən xəbərsiz olduğunu bildirdi.
Orta ixtisas təhsili haqqında qanun layihəsinin nə dərəcədə əhəmiyyətli olub-olmamasına gəlincə isə Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü əvvəlcə hansı peşələrə tələbat olduğunun araşdırılmalı olduğunu dedi: “Orta ixtisaslı təhsil qanunu bizdə çərçivə qanunu adlandırıldı və bu çərçivə qanununun alt qanunları olmalıdır. Ali məktəb, orta məktəb, orta ixtisaslı məktəb üçün ayrı-ayrı qanunlar olmalıdır. 7-8 il vaxt keçməsinə baxmayaraq alt qanunlarının heç biri ortada yoxdur, heç müzakirəyə də çıxarılmayıb. Bu gün orta ixtisas təhsili ilə bağlı qanun layihəsinin hazırlanmasından, müzakirəsindən söhbət gedir. Mən düşünürəm ki, bu gün Azərbaycanda əmək bazarına orta ixtisas təhsili ilə bağlı hansı peşələrə ehtiyac olduğuna dair bir araşdırma aparmaq lazımdır. Bu müəyyənləşməlidir və peşəyə ehtiyac olan istiqamətdə orta ixtisas təhsili haqqında qanun işlənməli, ortaya qoyulmalıdır. Bu qanun layihəsində konkret ixtisaslardan söhbət gedəcəkmi?! Bu hələ bilinmir. Sözsüz ki, belə bir qanunun olması vacibdir. Çoxları ali məktəbə qəbul ola bilmir, heç qəbul olmağı qarşılarına məqsəd də qoymurlar. Bizdə bu gün orta ixtisaslı peşə sahiblərinə də ehtiyac var. Bunun üçün də təhsil, müəssisə olmalıdır ki, bu adamlar təhsil ala bilsin.
Azərbaycanda texnikum, kollec, gimnaziya adlanan orta ixtisas məktəbləri var. Deputat müxtəlif dövlət qurumları orta ixtisaslı peşə məktəbləri yaratmalıdır dedikdə yəqin ki, nazirlikləri nəzərdə tutub. Bu nazirliklərin əmək bazarında orta ixtisaslı kadrlara ehtiyacı varsa, həmi dövlət qurumları orta ixtisas məktəbini açıb onları yetişdirsin. Bu gözəl olardı. Bu qanun layihəsi ictimai müzakirəyə çıxarılmalı, araşdırmalar aparılmalıdır ki, hansı qurumlar bunu aça bilər. Bu orta ixtisas peşə məktəbləri dövlət tərəfindənmi maliyyələşəcək, yoxsa həmin qurum tərəfindənmi? Ödənişlimi olacaq, ödənişsizmi? Bunlar müəyyənləşdirilməlidir. Düşünürəm ki, burada tələskənliyə yol vermək olmaz”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər