Mübahisəli qanun layihəsi yenidən Milli Məclisdə |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 19:29 | Şərh sayı: (0) | Baxılıb: 246
Mübahisəli qanun layihəsi yenidən Milli Məclisdə
Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyası üçün qanunvericilik işlər planı təsdiqlənib.
"Report"un məlumatına görə, komitənin yanvarın 28-də keçirilən iclasında işlər planı müzakirə olunub.
Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, fevralın 1-də başlayacaq sessiya zamanı iki yeni qanun layihəsinə baxılacaq. O bildirib ki, həmin layihələrdən biri uzun müddətdir gündəmdə olan və mübahisə yaradan "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsidir: "Layihəyə bir daha baxılaraq geniş müzakirələr keçirmişik. Müəyyən dəyişikliklərdən sonra müvafiq qurumlarla razılaşdırmışıq. Hesab edirik ki, bu il plenar iclasa çıxara biləcəyik. Çünki bu çoxdan gözlənilən qanun layihəsidir. Hətta layihənin son variantı hazırdır.
İkinci layihə isə "Psixoloji yardım haqqında" qanun layihəsidir. Hazırda layihənin üzərində iş gedir. Onu da qeyd edim ki, bu layihənin maliyyə tutumu demək olar ki, olmayacaq. Çünki müxtəlif qurumlarda belə bir ixtisaslar var".
Komitə üzvü, deputat Məlahət İbrahimqızı isə reproduktiv sağlamlığın cəmiyyətdə düzgün izah edilmədiyini bildirib: "Bu, əslində ana sağlamlığı, həmçinin, ana və uşaq ölümlərinin, ultrasəs müayinəsindən sonra qız uşaqların yox edilməsinin qarşısının alınması deməkdir. Ona görə də qanun layihəsinin düzgün izahatı lazımdır. Müvafiq qurumların təkrar ekspertizasından, rəyindən sonra layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılmalıdır".
M.İbrahimqızı eyni zamanda, Azərbaycanda əczaçılıq sənayesinin yaradılması barədə qanunvericiliyə düzəliş edilməsinin vacibliyinə toxunub: "Bir çox ölkələrin təcrübəsində bu yanaşma mövcuddur. Odur ki, bir çox ölkələrin təcrübəsindən yararlanaraq bu sahədə addımlar atılmalıdır".
Komitə sədri Ə.Əmiraslanov da deputat M.İbrahimqızının təklifini müsbət dəyərləndirib: "Azərbaycanın əczaçılıq sənayesi az inkişaf edib. Ölkədə çox az sayda dərman preparatları istehsal olunur. Lakin bu sənaye çox inkişaf etmiş olsa, onda həm dərmanların keyfiyyəti, həm də çeşidi yaxşılaşar. Ona görə də belə bir qanun layihəsinin hazırlanmasına ehtiyac var. Çünki biz dərmanların əksəriyyətini xaricdən alırıq. Bu da istər-istəməz qiymətlərin ciddi şəkildə artmasına səbəb olur. Lakin öz istehsalımız olsa, həmin dərmanların keyfiyyətinə ciddi nəzarət də edə bilərik".
Komitənin sədr müavini Musa Quliyev isə "Dərman vasitələri haqqında" qanunun olduğunu xatırladaraq yeni layihənin qəbul edilməsinə ehtiyac olmadığını vurğulayıb: "Yaxşı olardı ki, qəbul olunan qanuna sadəcə yeni fəsil əlavə edək".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər