Redaktorlar böhrandan çıxış yolları tapıblar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 23:45 | Şərh sayı: (0) | Baxılıb: 314
Redaktorlar böhrandan çıxış yolları tapıblar
Aynur Camal: “Hazırkı şəraitdə ixtisarlar çıxış yolu deyil”
Aydın Quliyev: “Redaksiya daxilində, müəyyən istiqamətlərdə xərcləri ixtisara salmaq məcburiyyətindəyik”
Manatın devalvasiyasının ciddi zərbə vurduğu sahələrdən biri də çap mediasıdır. Çap xərclərinin artması, yayım sektorundakı problemlər qəzetləri dalana dirəyib. Hazırda media kapitanları çıxış yolları barədə müzakirələr aparır, bəziləri isə müəyyən qərarlar qəbul edib.
Ötən sayımızda sizi “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun rəhbərlik etdiyi media qurumunu düşdüyü bu durumdan çıxarmaq üçün təklif etdiyi çıxış yolları ilə tanış etdik. Digər qəzetlərin baş redaktorlarının da mövcud vəziyyətlə bağlı fərqli həll yolları var.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirdi ki, onsuz da rəhbərlik etdiyi qəzetin kollektivinin üzvləri indiyədək qəzeti çap etmək üçün minimum sayda olub. Müsahibimizin sözlərinə görə, həftədə 5 dəfə nəşr olunan qəzetin dövriyyəsini azaltmaq da mümkün deyil: “Bu baxımdan da redaksiya daxilində, müəyyən istiqamətlərdə xərcləri ixtisara salmaq məcburiyyətindəyik. Bunların hesabına çap xərclərini həll edəcəyik”.
Müsahibimiz indiki məqamda qəzetin qiymətini artırmaq barədə düşünmədiyini dedi. Bildirdi ki, çox götür-qoydan sonra 5-10 qəpiklik artımın da vəziyyətdən çıxış yolu olmadığı qərarına gəliblər: “Qəzetin qiyməti 40 qəpik olaraq qalır və bir müddət belə qalacaq”.
“Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camal isə dedi ki, nəşriyyatların çap xərclərinin artırması təbii ki, arzuolunan deyil. Onun sözlərinə görə, onsuz da Azərbaycanda, bir çox ölkələrdə olduğu kimi, print media sürətlə öz populyarlığını itirməkdədir: “Yəni, insanlar həvəslə pul verib aldıqları siqaretlə müqayisədə qəzetə pul xərcləmək istəmirlər. Qəzet oxucularının sayı onsuz da azdır. Bu səbəbdən qəzetlər çətinliklə öz mövcudluqlarını saxlayırlar. KİV DF-nin maliyyə dəstəyi olmasa, heç bir qəzet rahat şəkildə öz maliyyə problemlərini həll edə bilməz. Bu baxımdan düşünürəm ki, bu məslədə print medianın dəstəyə ehtiyacı var. Hazırkı şəraitdə ixtisarlar çıxış yolu deyil. İş yerini itirən jurnalist gedib harada işləyə bilər? Qəzetin satış qiymətinin artırılması da çıxış yolu deyil. Qəzet almağa onsuz da həvəssiz olan insanlarımız qaldırılmış qiymətə qəzet almayacaq. Ona görə də mən düşünürəm ki, Azərbaycan hakimiyyəti, xüsusilə də, Prezident İlham Əliyev həmişə mətbuatın və jurnalistlərin problemlərinə yüksək diqqət və qayğıkeşliklə yanaşdığı kimi, bu məsələdə də dəstəyini əsirgəməyəcək. Dünyada gedən iqtisadi böhranın fəsadlarının mətbuat orqanlarının fəaliyyətinə mənfi təsir göstərməməsi üçün bütün mümkün yardımlar ediləcək. Mən buna inanıram”.
A.Camal dedi ki, qənaət rejiminə keçmək üçün yollar axtarılması şərtdir: “Hələ ki, planımız yoxdur. Amma bu barədə düşünürük”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər