Mərkəzi Bank manatın vəziyyətini müzakirə etdi, amma... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 08:56 | Şərh sayı: (0) | Baxılıb: 469
Mərkəzi Bank manatın vəziyyətini müzakirə etdi, amma...
Banklar toplaşdı, Mərkəzi Bank dollarla krediti olan müştərilərə yardım göstərməyi tövsiyə etdi; Naxçıvanda isə müştərilər dollar kreditlərini əvvəlki məzənnə ilə ödəyəcək
Manatın ucuzlaşmasından sonra ölkə banklarının reytinqi də aşağı düşüb. “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin son məlumatında ölkənin bir neçə bankının reytinqi aşağı salınıb. Azərbaycan Mərkəzi Bankı isə 2015-ci ilin sonunadək kapitalın adekvatlıq əmsalı həcminin 12 faizdən 10-dək azaldılmasını planlaşdırır. Bu barədə məlumatı da sözügedən reytinq agentliyi açıqlayıb. Məlumatda bildirilir ki, manatın məzənnəsinin kəskin aşağı düşməsi risk səviyyəsi üzrə ölçülmüş xarici valyutada inflyasiya vasitəsilə kapitalın kifayətliliyinə zərbə vurub və bəzi hallarda bu, pulköçürmələr üzrə əhəmiyyətli itkilərə gətirib çıxaracaq.
Mərkəzi Bank isə dekabrın 25-də təcili toplantı çağıraraq ikinci dvealvasiyanı müzakirə edib. APA toplantını Mərkəzi Bankda bank sektoruna və əhaliyə dəstək paketinin müzakirə olunması kimi təqdim edib. Görüşdə üzən məzənnə rejiminə keçiddən sonra yaranmış vəziyyət, onun bank sisteminə və bankların müştərilərinə təsiri müzakirə olunub. Bununla yanaşı, Mərkəzi Bank tərəfindən bank sisteminə və əhaliyə dəstək paketi də müzakirə mövzularından biri olub. Günün sonunda yayılan məlumata görə, Mərkəzi Bank banklara dollarla krediti olan müştərilərə yardım göstərməyi tövsiyə edib. Bildirilir ki, görüşdə manatın devalvasiyaya uğramasından sonra bankların problemli aktivlərinin kəskin artması və bank sektorundakı konsolidasiya prosesi müzakirə olunub.
Bildirilib ki, banklar dollarla krediti olan müştərilərə müvafiq yardımlar göstərməlidir. Eyni zamanda qeyd olunub ki, MB banklara vəziyyətdən çıxmaqda yardım edəcək. R.Orucov banklara dollarla krediti olan müştərilərin kreditlərinin restrukturizasiyasını aparmağı tövsiyə edib. O qeyd edib ki, bank sektorunda konsolidasiya prosesi sürətlənməlidir. Bununla yanaşı, banklar manatla olan məhsullarını bazara daha intensiv çıxarmalıdır. Banklara o da tövsiyə olunub ki, fərdi inkişaf proqramlarını hazırlasın.
Naxçıvanda isə kredit borcu olanlar üçün dolların köhnə məzənnə ilə hesablanacağı ilə bağlı məlumatlar yayılıb. Musavat.com xəbər verir ki, bu məlumatın hələlik rəsmi təsdiqi yoxdur. Strateq.az saytının məlumatına görə, dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub. Kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb. Bu məsələ ilə bağlı Ali Məclis sədri tövsiyyə edib ki, “Naxçıvanbank” ASC ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dolları 1.05 manat ekvivalentində konvertasiya etsin.
Ölkədə fəaliyyət göstərən bəzi kommersiya bankları isə devalvasiyadan sonra həm manat, həm də dollar kreditləşməsini müvəqqəti dayandırıb. “Bloomberg” isə manatı dünyanın ən pis valyutası hesaab edir: “48 faiz dəyər itirmiş Azərbaycan manatı dünyanın ən pis valyutasıdır. Ondan bir pillə yuxarıda isə Qazax təngəsi gəlir”.
Məqalədə deyilir ki, Azərbaycanın milli valyuta barədə qəbul etdiyi son qərar Qazaxıstandan sonra keçmiş sovet məkanında yaşanan ikinci böyük devalvasiya olub. Jack Farchy yazır ki, “Bakı ixracının 95 faizi, hökumət gəlirlərinin dörddə üçü və ÜDM-in 40 faizi neft və qazın payına düşür”. Devalvasiya böyük bir ehtimalla sadə azərbaycanlıların manatla olan maaşlarını, pensiyalarını və əmanətlərini vuracaq.
“Hələ fevral ayında Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov ”Financial Times" qəzetinə bildirmişdi ki, Azərbaycan dollar sancağından çıxmağı planlaşdırır, lakin manat son anadək dolların kursunu yaxından təqib edib",- deyə məqalədə bildirilir.
Strateq.az saytı Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədova sorğu ünvanlayıb. Strateq.az-ın sorğusuna cavab olaraq, İdarənin sədri Səbuhi Məmmədov bildirib ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası bankın səhmdarları ilə razılaşdırılmış 25 dekabr 2015-ci il tarixli qərarına əsasən, “Naxçıvanbank” ASC-yə 21 dekabr 2015-ci il tarixə ABŞ dolları ilə borcu olan hüquqi və fiziki şəxslərin əsas və faiz borclarının alınması 1,05 AZN məzənnəsinə uyğun olaraq aparılacaq: “Bankın xarici valyutada kredit portfeli 1 milyon ABŞ dollarına qədərdir və 370 nəfəri əhatə edir. Yaranmış zərər ”Naxçıvanbank" ASC tərəfindən qarşılanacaqdır".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər