Parlamentin növbədənkənar iclası gərgin keçəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 09:20 | Şərh sayı: (0) | Baxılıb: 254
Parlamentin növbədənkənar iclası gərgin keçəcək
Gündəlik elan edilməsə də, aktual mövzular bəllidir...
Milli Məclisin deputatları növbədənkənar iclas üçün toplaşacaq. Yanvarın 19-da keçirilməsi nəzərdə tutulan iclasda hansı məsələlərin müzakirə olunacağı isə hələ ki mətbuata açıqlanmır.
Qeyd edək ki, parlament hazırda tətildədir. Milli Məclis ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.
Milli Məclisin vaxtında əvvəl toplanmasının səbəblərinə və bu iclasda müzakirə ediləcək mövzulara gəlincə, Məclis üzvlərinin də hələ ki, bundan xəbəri yoxdur. Bunu “Yeni Müsavat”a açıqlamasında deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi.
Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə “Yeni Müsavat”a açıqlamasında gözləntilərinə əsaslanaraq bildirdi ki, əsas məsələlərdən biri büdcəsinin müzakirəsi olacaq: “İclasın gündəliyi haqqında bizə məlumat verilməyib.
Ancaq mən hesab edirəm ki, bu iclasda əsas məsələ büdcə müzakirəsi olacaq. Həmçinin 30 min manata qədər əmanətlərin sığortalanması məsələsində bu limitin ləğv edilməsi də müzakirə oluna bilər. Yəni təkcə 30 min manata qədər olan əmanətlər deyil, istənilən məbləğdə olan əmanətlər müzakirə oluna bilər. Biz həm Mərkəzi Banka, həm də hökumətə belə bir təklif vermişik”.
Dollarla olan kreditlərin 1.05 məzənnəsi ilə qaytarılması məsələsinin müzakirəsinə gəlincə, Vahid Əhmədov bildirdi ki, bu, Milli Məclisə aid məsələ deyil: “Bu, birbaşa Mərkəzi Bankla hökumətin məsələsidir. Ancaq əsas məsələ əmanətlərin sığortalanmasında ”30 min manata qədər" limitinin götürülməsidir. Bu həm banklara, həm də əhaliyə lazımdı".
Dövlət büdcəsində neftin 50 dollardan daha aşağı hesablanması məsələsinin də müzakirə oluna biləcəyinə toxunan deputat qeyd etdi ki, neftin qiymətinin 30 və ya 20 dollardan hesablanacağı haqqında söhbətlər var: “Hələ ki, bu haqda söhbətlər gedir, lakin konkret sənədlər yoxdur. Maliyyə Naziri Samir Şərifov bizimlə söhbətində bildirdi ki, neftin qiyməti ilə bağlı 3 variant var. Bu variantlardan hansı məqbul sayılsa, o, Milli Məclisə təqdim olunacaq. Əgər bu iclasda dövlət büdcəsinə yenidən baxsaq, o zaman dövlət büdcəsi haqqında qanuna dəyişiklik etməliyik. Qanuna əsasən, bu ilin may-oktyabr aylarında büdcəyə yenidən baxıla bilər. Mən hesab etmirəm ki, bu iclasda dövlət büdcəsinə baxılacaq. Əsas məsələ əmanətlərin sığortalanmasını limitsiz etmək olacaq”.
Məclis üzvünün sözlərinə görə, komitə tərəfindən Mərkəzi Bankın rəhbərinə və ölkə başçısına ünvanlanan təkliflərə baxılır, bunun əsasında bir çox qərarlar, fərmanlar verilib: “Bizi narahat edən daha bir məsələ gömrük sistemində islahatlar, idxal-ixrac əməliyyatlarının liberallaşması idi. Bank sistemində də islahatlara ehtiyac var. Bu proseslər paralel getməlidir ki, biz nəyəsə nail ola bilək”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər