Dünyanın vicdan imtahanı: Qaçqınlar... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-12-2015, 21:23 | Şərh sayı: (0) | Baxılıb: 352
Dünyanın vicdan imtahanı: Qaçqınlar...
Onlar - eyni taleni bölüşən insanlar hər yerdə oxşardırlar
Ağlım kəsib, dünyanı dərk etməyə başlayanda qaçqınlığı gördüm. 80-ci illərin ortalarında sovet mediası fələstinlilərdən, Afrikada müharibələrdən qaçan insanlardan ürək ağrıdan reportajlar yayımlayanda ağlımıza da gəlməzdi ki, bir neçə ilə biz də bu hadisələri canlı yaşayacağıq. 80-ci illərin sonlarında ilk olaraq, Ermənistandan azərbaycanlılar, eyni vaxtda Özbəkistandan Axısqa türkləri Azərbaycana gəldilər. O zaman olanları dərk etməyə çalışırdıq, qaçqınları uzaqdan gələn qonaqlar zənn edirdik.
Sonra müharibə başladı və daha yaxından qaçqınlar – indi onlar məcburi köçkünlər adlanırdı – gəlməyə başladı. Şuşadan, Laçından qohumlar qaçqın kimi gəlməyə başladılar. Evlərini, yurdlarını qoyub gəlmiş, hətta yatmaq üçün döşəkləri olmayan, əlinə keçən bir-iki xırda-para əşyanı, bir neçə baş mal-qoyunu (heç onu gətirə bilməyənləri də vardı) götürüb qaçmışdı adamlar. Bizim evlərimizdə, hər kəs öz qohum-əqrabasının evində qaldı.
Sonra savaş bizim kəndlərə dayandı. Mərmilər kəndimizə düşürdü, biz də kəndin kənarından cəbhə döyüşlərini izləyirdik. O zaman ermənilər daha da irəlilədilər, kəndimizdəki qaçqınlar da, yerli camaatın bir çoxu da əşyalarını, mal-heyvanlarını, bir çoxu da ailə-uşağını “geriyə” göndərdi. O zamandan 23 il keçib, Azərbaycan hələ də qaçqınlıq və onun gətirdiyi sıxıntılardan, bəlalardan xilas ola bilməyib.
Mən çox sonralar böyük sayda qaçqınları Suriyada gördüm. İndi dünyanın dörd bir yanına dağılan suriyalılar o zaman milyonlarla insana qucaq açmışdı. 3 milyona yaxın iraqlı, bir milyondan çox fələstinli, eləcə də 1967-ci il savaşında işğal olunmuş Colan bölgəsindən didərgin düşmüş onminlərlə suriyalı (onların arasında 12 türkmən kəndinin sakinləri də vardı – K.R) Suriyada qaçqın həyatı yaşayırdı. Eyni zamanda Livan savaşında onminlərlə livanlı Suriyaya pənah gətirmişdi.
O zaman elə oldu ki, bir müddət fələstinlilərin, iraqlıların məskunlaşdığı məhəllələrdə yaşayıb, ərəb qaçqınlarını müşahidə etmək imkanım oldu. İnsanların evindən-eşiyindən didərgin düşməsinin psixologiyalarına, yaşam tərzinə, həyatlarına necə təsir etdiyini, onları necə dəyişdiyini müşahidə edə bildim. Fələstinli, iraqlı, suriyalı qaçqınlar azərbaycanlı, axısqalı qaçqınlarla bir çox oxşar cəhətlərə malik idilər. Deməli, dünyanın harasında olsan evindən didərgin salınmanın insan həyatında dərin bir izi olur. Burada irq, millət rol oynamır.
Təxminən 7 il keçib. 7 il öncə milyonlarla insana ev sahibliyi edən suriyalılar, indi özləri Kanada, ABŞ da daxil olmaqla, dünyanın az qala yarıdan çoxuna səpələniblər. 2 milyondan çoxu da Türkiyədədir. Türkiyə onlara sözün həqiqi mənasında qucaq açıb, böyük dəstək verir. Ancaq bütün bunlara baxmayaraq, bu gün suriyalılar dedikdə ağıla gələn ucuz işçi qüvvəsi, dul və ya ikinci arvad almaq istəyənlərin evləndiyi qadınlar, qara işlər, dilənçilər göz önünə gəlir. Az qala hər gün suriyalı adı ilə hansısa ürək ağrıdan xəbər oxuyuruq. Dünyanın maddi və mənəvi mədəniyyət beşiyi, xalq olaraq ərəb ölkələri içərisində müsbət mənada seçilən, yüksək təhsilə, səhiyyəyə, mədəniyyətə malik suriyalıların indiki düşdüyü vəziyyət həqiqətən ürək dağlayır.
Bu müddətdə hansı hadisələr olmadı? Suriyalı qızların satılması, uşaqların küçədə döyülməsi, Avropaya qaçarkən dənizdə boğulması, ya da teleoperator tərəfindən badalaq vurularaq, yerə sərilməsi və daha neçə-neçə ürək ağrıdan səhnələrlə rastlaşdıq, bu illərdə... Dünyanın gözü qarşısında bütöv bir xalq aşındı, məhv oldu. Hələ mən Suriyanın özündə yaşanan, hər gün baş verən edamları, qətlləri, zorakılıqları yazmıram. Suriyalılar son illərdə dünyanın vicdan imtahanına çevrildi. Amma gedişat göstərir ki, suriyalılar bu siyahıda sonuncu olmayacaqlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər