Şeyx Nimrin edamı qaçılmaz idi... |
Müəllif: Admin | Bölmə: Xəbərlər, Slide | Vaxt: 5-01-2016, 19:16 | Şərh sayı: (0) | Baxılıb: 822
Şeyx Nimrin edamı qaçılmaz idi...
Səudiyyə Ərəbistanında din xadimini edam etdilər. Şeyx Nimrin öldürülməsi nəinki Səud xanədanını, bütün regionu, hətta dünyanı təlatümə gətirdi, silkələdi. Haqqı deyib haqqı tələb edən ruhaninin arqumentlərinə söz ilə, sübutlarla qarşılıq verə bilməyənlər əsirlərin təcrübəsindən yararlandılar: haqq carçısının səsini, boğazını qılıncla kəsdilər. Eyni ilə Yezid, Şimr kimi. 21-ci əsrin qurbanı da 14 əsr öncə Kərbəlada zülmə məruz qalan imam Hüseyn (ə) tək “Allah bizə yetər” söyləyib qatillərinin üzünə mərd baxdı. Çünki haqq olduğunu bilirdi. Düşmənləri də onun Allahdan qeyrisinin qarşısında əyilməyəcəyini anlayaraq acizliklərini sübuta yetirdilər. Əcdadları kimi, Şimr kimi, Yezid kimi.
Tarix spiralvari inkişafdadır
Tarix təkrarlanır. Spiralvari inkişafdadır tarix. Heç ola bilməz ki, tarixin bir hissəsi keyfiyyətcə başqa bir mərtəbədə təkrarlansın, amma digər hissəsi unudulsun. Şimr varsa, Hərmələ varsa, İbn Ziyad varsa, heç şübhəsiz ki, Muxtar Səqəfi də olacaq. Bir il keçəcəkmi, beş il keçəcəkmi – yaxşısını Allah bilir. Amma Şeyx Nimrin axıdılan nahaq qanının intiqamı alınacaq, şübhəsiz. Əlbəttə, bu gün onu edam edənlər, bu edama rəvac verənlər, qatillərlə eyni əqidədə olanlar sevinirlər. Nə qədər qəribə səslənsə də, amma onlara müxalif olanların sırasında da bəzilərində bir şaşqınlıq, süstlük var: axı Nimr öldürüldü! Amma həm qatillərin, həm də əks cəbhədə olan az-maz kütlənin belə düşünməsinin, belə yanılmasının əsas səbəbi məsələyə, ümumən baş verən hadisələrə ancaq bu dünyanın prizmasından yanaşmasıdır. Bütün mülahizələr, bütün nəzəriyyələr və dəyərləndirmələr insanın bu həyatdan getməsi ilə yekunlaşır. Amma... Burda bir kiçik haşiyəyə ehtiyac var.
Haşiyə: Ölümün o üzü
İmam Hüseynin (ə) Kərbəla vadisindəki qətlindən 14 əsr ötür. O zaman da, ötən illər ərzində də, elə indi də Yezidi qalib, Peyğəmbər nəvəsini isə məğlub və layiqli cəzasına çatmış kimi dəyərləndirənlər olub və var. Səbəbi isə, artıq qeyd etdiyimiz kimi, məsələlərə sırf bu dünya prizmasından yanaşmadır. Allahın ədalət sifətinə iman gətirənlər üçün Kərbəladan başlayaraq günümüzə qədər qılıncla sözün qarşıdurması nəticəsində haqqı deyərək şəhidlik zirvəsinə yüksələnlərin son aqibətinin necəliyi müzakirə mövzusu deyil. İman əhlinin qalib kimi qəbul etdikləri qəhrəmanlar Şeytan ordusu üçün hətta bu dünyadan köçdükdən sonra da ən ciddi və real düşmənlərdir. Ölüm kiməsə qara kabus, dəhşətlərin start nöqtəsidirsə, kiməsə baldan şirin, bütün ədalətsizliklərdən nicat və əbədi səadətə aparan körpüdür. Çünki sonuncular Allaha sidq ürəkdən iman gətiriblər. Bütün günahları, səhvləri, xətaları ilə birlikdə Allaha təslim olmağa tələsirlər. Çünki Onun rəhimlilərin ən rəhimli olduğuna inanırlar. Nə olursa olsun, O - ədalətlə hökm verəcək! Mərhəməti ədalətini qabaqlayan Allah! Burdakı murdarlıqdan, rüşvətdən, zülmdən, ədalətsizlikdən, qohumbazlıqdan, şərəfsizlikdən, qeyrətsizlikdən o tərəfdə əsər-əlamaət qalmayacaq! Burda məğlub saydıqları orda, yəni yekunda qalib olacaqlar. Biz buna inanırıq. Onlar isə - yox. Bax, qiymətləndirmədəki fərq də bundan irəli gəlir.
Edam qaçılmaz idi...
Şeyx Nimr edam edilməli idi. Çünki Səud xanədanının ən böyük təhlükəsi, ən böyük qorxusu idi. Haqq sözü ilə, haqq tələbi ilə. Necə ki, 14 əsrdir imam Hüseyn (ə) tək adı ilə zalımları lərzəyə gətirir. Şeyx Nimr də özünə ideal seçdiyi şəxsin aqibətini yaşamalı idi. Yaşadı da. Allah ona da, haqqı deyib şəhidlik məqamına çatanlara da rəhmət eləsin. Allah bizi zülmedənlərdən qərar verməsin!
P.S. Şeyx Nimr imam Hüseynin (ə) aqibətini yaşadı. Şübhəsiz ki, qatillərini də imamın qatillərinin aqibəti gözləyir. Şübhəsiz...
Vüsal Əliyev
islam.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər