Ölkənin böhranlı günlərində mətbuat necə davranmalıdır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-12-2015, 08:59 | Şərh sayı: (0) | Baxılıb: 292
Ölkənin böhranlı günlərində mətbuat necə davranmalıdır?
Mehman Əliyev: “Kiməsə tərif yağdırmaq qəhrəmanlıq tələb etmir”; Aynur Camalqızı: “Dezo xarakterli məlumatlar cəmiyyəti alt-üst edər”
Aydın Quliyev: “Dövlətçilik prinsipini hər şeydən öndə tutmaq vacibdir”
Dekabrın 21-də Azərbaycanda baş verən ikinci devalvasiya əksər sahələrdə böhran yaradıb. Neçə gündür sosial şəbəkələrdə dezinformasiya yayılır. Gah iri ticarət mərkəzlərində insanların etiraza qalxdığı haqda yalançı xəbərlər yayılır, gah da xalqın Bakı küçələrinə axışdığı deyilir.
Əsas müzakirə mövzularından biri də peşəkar medianın belə hallarda vəzifələrinin nədən ibarət olmasıdır. Heç şübhəsiz ki, son olaylardan yana ciddi şəkildə gərilmiş ölkədə mətbuatın da üzərinə müəyyən vəzifələr düşür.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, mətbuatın ən böyük vəzifəsi həqiqəti insanlara çatdırmaqdır: “Birinci prinsipimiz həqiqəti deməkdir. Bu baxımdan nəyinsə naminə həqiqəti gizlətmək doğru deyil. İnsanları çaşdırmaq olmaz. Bir misal gətirim ki, devalvasiyadan sonra telekanallar yalançı şəxsləri çıxardıb danışdırırlar. Onlar da deyirlər ki, marketə getdim, hər şey yaxşıdır, heç nə bahalaşmayıb. Amma marketdə vəziyyət tamam başqadır. Əslində mətbuat bu yalanları üzə çıxarmalı, doğrunu deməlidir. Maraq doğuran suallara cavab tapmaq, hökumətin səhv siyasətini tənqid etmək də vəzifələrimizə daxildir. Media ictimai nəzarəti gücləndirməli, hakimiyyətə nəzarət etməlidir. Bu, birbaşa medianın funksiyasıdır. Tərifləmək çıxış yolu deyil. Kiməsə tərif yağdırmaq qəhrəmanlıq tələb etmir. Hakimiyyət medianı tənqidçi ruhda olan sahə kimi qəbul etməlidir. Onu özünə opponent, nəzarətçi kimi qəbul etməlidir. Amma hakimiyyət hazırda bunu etmir. Ona görə də bu duruma düşüb. Nəticədə xalqı da bu vəziyyətə gətiriblər. Neçə illərdir mətbuatı, vətəndaş cəmiyyətini, siyasi opponentlərini məhv edə-edə gəlirlər. Sonluq göz önündədir. Cəmiyyətdə qarışıqlı nəzarət olmayanda, bundan hansısa qüvvə istifadə etməyə çalışır. İndi ortaya çıxan nəticə obyektivdir. İqtidar mətbuata aşağı gözlə baxmamalıdır. ”Mən nə istəyirəmsə, onu yaz, məni təriflə" - bu, müsbət sonluq vəd etmir. Mətbuat çalışmalıdır ki, hakimiyyətə qərarlarını düzgün verməyi çatdırsın".
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı informasiyanı ən güclü silah adlandırdı: “Medianın güclü silah olduğunu danmaq olmaz. Dünyanın istənilən ölkəsində elə bir dezo xarakterli məlumat dərc etmək olar ki, cəmiyyəti alt-üst edər. İnformasiyanın bu dərəcədə təsir etmək gücü var. İctimai rəyi anında dəyişə bilər. Hazırda Ermənistanla faktiki müharibə vəziyyətindəyik. Dünyada gedən proseslərin ölkəmizə təsiri qaçılmazdır. Bu baxımdan düşünürəm ki, media son dərəcə ehtiyatlı olmalıdır. Hər hansı bir informasiyanı dərc edərkən, məsuliyyətli, diqqətli olmaq vacibdir. Bu vəziyyət hər bir jurnalistin, media patronunun üzrinə ciddi məsuliyyət yükləyir. Bizim işimiz informasiya verməkdir. Eyni zamanda informasiyanın istehlakçısı olaraq, bütün məsuliyyət üzərimizdədir. Verdiyimiz xəbərdən öncə dövlət maraqlarını daha çox öndə tutmalıyıq. Peşəkar jurnalistdən daha çox vətənpərvər vətəndaş olmaq vacibdir”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev jurnalistikanın qızıl prinsiplərinə əməl etməyin vacibliyindən söz açdı: “Mətbuatda hazırda peşəkarlıq nöqteyi-nəzərindən böhran əlaməti yoxdur. Medianın fəaliyyəti qanunlarla tənzimlənir. Hər bir hadisədən yaza bilirlər, şərh verirlər. Sadəcə, ölkədəki iqtisadi vəziyyət jurnalistlərin fəaliyyətinə müəyyən təsir edə bilir. Ölkədə vəziyyətin necə olmasından asılı olmayaraq, media nümayəndələri qızıl prinsipləri əllərində tutmalıdırlar. Yəni obyektivlik, qərəzdən uzaq, balans qorumaq, ən əsası isə dövlətçilik prinsipini hər şeydən öndə tutmaq vacibdir. Bütün jurnalistlər hər zaman, o cümlədən indi buna əməl etməlidirlər”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər