Azərbaycana qarşı erməni qərəzinin "Lifenews" nümunəsi - ARAŞDIRMA |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 23:47 | Şərh sayı: (0) | Baxılıb: 250
Azərbaycana qarşı erməni qərəzinin "Lifenews" nümunəsi - ARAŞDIRMA
Rusiyanın media məkanında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilməsi ilə bağlı dəfələrlə nümunələr olub. Rusiya dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Rusiya prezidentinin, xarici işlər nazirinin və müxtəlif beynəlxalq təşkilatlardakı təmsilçilərinin dilindən dəfələrlə bu cür bəyanatlar səslənib. Çox təəssüf ki, bir sıra Rusiya KİV-ləri rəsmi Moskvanın bu mövqeyinin əksinə olaraq, Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz mövqe ortaya qoyurlar. Növbəti bu cür addımı dekabrın 5-də Rusiyanın "Lifenews" kanalı atıb. Kanalda Türkiyənin Rusiyadan başqa digər ölkələrdən qaz almaq imkanları haqqında danışılan süjetdə Azərbaycan xəritəsi təhrif olunub. Ermənistan işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon Azərbaycan ərazisindən çıxarılıb.
Onu da xatırladaq ki, bu, "Lifenews" kanalı tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən ilk hörmətsizlik deyil, bundan qabaq da kanalın efirində Azərbaycan əleyhinə süjetlər nümayiş olunub. Onlardan biri guya Çin Xalq Respublikası tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı erməni rejiminin müstəqilliyinin tanınması ilə bağlı süjet olub.
"Lifenews" kanalının baş redaktoru Anatoli Süleymanov isə APA-nın moskva müxbiri ilə görüşündə Azərbaycana qarşı qərəzli mövqe tutmadıqlarını təkidlə müdafiə edib. Onun sözlərinə görə, tanınmayan respublikaları "de-yure" aid olduqları ölkənin tərkibində gəstərməmək "Lifenews"un prinsipidir: "Dağlıq Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasında gedən müharibədən və mübarizədən asılı olmayaraq biz, kanal olaraq özümüz üçün müəyyən etmişik ki, tanınmayan respublikaları de-yure aid olduqları ölkələrin ərazisi kimi göstərməyək. Bura təkcə Dağlıq Qarabağ aid deyil. Biz, Dnestryanı Respublikanı da de-yure aid olduğu Moldova ərazisi kimi, Dağlıq Qarabağı de-yure aid olduğu Azərbaycan ərazisi kimi, Cənubi Osestiya və Abxaziyanı da Gürcüstan ərazisi kimi xəritədə göstərmirik.
Bəli, Cənubi Osetiya və Abxaziya Rusiya tərəfindən tanınır. Lakin dünya onların müstəqilliyini tanımır. Bilirik ki, Rusiya nə Dağlıq Qarabağın müstəqilliyini tanıyıb, nə də Dnestryanının. Biz dövlət kanalı deyilik, özəl kanalıq. "Birinci" kanal, "Rossiya" kanalı siz dediyiniz mövqedən çıxış edirlər. Dağlıq Qarabağ bölgəsinə hazırda Azərbaycan nəzarət etmir. Kanalımız belə qərara gəlib ki, de-yure aid olduğu ölkədən və ərazinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasından asılı olmayaraq əgər həmin ölkə bir ərazini hazırda idarə etmirsə, yəni, həmin ərazi üzərində nəzarəti itiribsə, o zaman həmin ərazini o ölkənin ərazisi kimi göstərməsin".
"Əgər günlərin birində Rusiya, ərazisinin hansısa hissəsində nəzarəti itirsə, tutduğunuz bu mövqeni yenə göstərəcəksinizmi? Vaxtı ilə Çeçenistan və İnquşetiya ərazisində İçkeriya adlı dövlət müstəqilliyini elan etmişdi. O zaman "Lifenews" kanalı olsaydı, İçkeriyaya münasibətdə də eyni mövqeyi kanalınızdan gözləmək olardımı?" sualına baş redaktor belə cavab verib: "Biz Rusiya kanalıyıq və Rusiya ərazisində fəaliyyət göstəririk. Əlbəttə ki, İçkeriyanı müstəqil dövlət kimi göstərməyəcəkdik".
A. Süleymanov Dağlıq Qarabağa bitişik olan yeddi rayonun Azərbaycan ərazisi kimi göstərilməməsinin isə səhv olduğunu bildirib: "Bəli, bu səhv gedib. Bu səhvi aradan qaldıracağıq. Xəritəni hazırlayan qrafik ustalarının səhvidir".
Göründüyü kimi, kanal rəsmisi rəsmi Moskvanın mövqeyinə əks mövqe tutmaqdan əl çəkməyəcəklərini, belə halların bundan sonra da təkrarlana biləcəyini söyləyib: "Biz öz prinsiplərimizi müəyyən etmişik. Təkcə Dağlıq Qarabağa görə, bu prinsipi dəyişə bilmərik. Dnestryanı, Cənubi Osetiya və Abxaziyaya münasibətdə bu prinsipi tətbiq edib, Dağlıq Qarabağa etməmək olmaz. Sadaladığım ərazilərin heç biri dünya tərəfindən müstəqil ölkə kimi tanınmırlar. Onlar müvafiq olaraq Azərbaycan, Moldova və Gürcüstan əraziləri kimi tanınırlar".
"Lifenews" kanalının rəhbərinin milliyyətcə erməni Aram Qabrileyan olmasının isə bu münasibətə dəxli olmadığını bildirən A. Süleymanov kanalda azərbaycanlıların da çalışdığını qeyd edib: "Aram Aşotoviç Azərbaycan dilində səlis danışır. O, Azərbaycan mədəniyyətini çox sevir və hörmət edir. Çünki özü Dərbəndə azərbaycanlıların arasında doğulub, böyüyüb. Orada bildiyiniz kimi azərbaycanlılar, ermənilər bir yerdə yaşayıblar, indi də yaşayırlar. Dağlıq Qarabağa görə Azərbaycan və Ermənistan arasındakı münaqişə Aram Qabrielyanın Azərbaycana münasibətini dəyişməyib. Kanal rəhbərinin Azərbaycana qarşı münasibəti çox müsbətdir. Ona görə də, kanal rəhbərliyinin erməni olması faktorunun heç bir təsiri yoxdur".
APA Rusiyada KİV-lə bağlı qanunvericilikdə başqa ölkələrin ərazi bütövlüyünə hörmət olunmasının necə tənzimləndiyini də araşdırıb. Rusiya Kommunikasiya Agentlikləri Assosiasiyalarının vitse-prezidenti, KİV üzrə tanınmış mütəxəssis, professor Vladimir Yevstafyev bildirib ki, "Lifenews" kanalı Azərbaycanın ərazi bütövlüyünə qarşı münasibətdə kobud səhvə yol verib: "Statusundan fərqli olmayaraq, yəni, dövlət və ya özəl kanal olmasında asılı olmayaraq başqa bir ölkənin ərazi bütövlüyünə hörmətsizlik nümayiş oluna bilməz. Bu beynəlxalq qanunlarla tənzimlənən məsələdir. Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazisini hansı sərhədlərlə tanıyırsa, "Lifenews" kanalı da süjetlərində Azərbaycanın ərazisini həmin sərhədlərlə göstərməlidir".
Rusiyanın KİV üzrə tanınmış eksperti: ""Lifenews" Azərbaycana qarşı açıq-aydın qanun pozuntusuna yol verib, Azərbaycan tərəfi Xarici İşlər Nazirliyi qismində telekanalı məhkəməyə verə bilər"
Media eksperti münaqişə baş verən ərazilərin də xüsusi göstərilmə qaydasının olduğunu qeyd edib: "Həmin qaydalara görə, münaqişə ərazisi de-yure aid olduğu ölkənin ərazisi kimi, lakin xüsusi işarələnməklə göstərilməlidir. Münaqişə zonasını heç bir televiziya kanalı və ya KİV özünün müəyyən etdiyi prinsiplərlə göstərə bilməz. Bu baxımdan "Lifenews" kanalının tutduğu mövqe yanlışdır. Ona görə də Azərbaycan tərəfi, Xarici İşlər Nazirliyi qismində "Lifenews"u məhkəməyə verə bilər. Məhkəməyə verməzdən öncə Azərbaycan XİN, ya da Rusiyadakı Azərbaycan səfirliyi "Lifenews"a bu səhvlərin aradan qaldırılması ilə bağlı müraciət ünvanlamalıdır. Əgər "Lifenews" həmin müraciətə baxmasa, o zaman Azərbaycan tərəfi məhkəməyə müraciət edə bilər. Bunun üçün Rusiyada KİV-lə bağlı Şikayət Komissiyası mövcuddur. Həmin komissiya bu cür məsələlərlə məşğul olur".
Ekspert deyib ki, Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımır, əksinə Azərbaycanın beynəlxalq səviyyədə, BMT çərçivəsində tanınan ərazi bütövlüyünü qəbul edir: " Ona görə də bu ölkənin KİV-də və televiziya kanallarında nümayiş olunan xəritələr BMT çərçivəsində qəbul olunan xəritələrə uyğun olmalıdır".
V. Yevstafyev bildirib ki, "Lifenews" etdiyi səhvi etiraf edib, onu düzəltməlidir: "Burada hansısa kanalın öz prinsiplərindən söhbət gedə bilməz. Dövlət və özəl kanal olmasından asılı olmayaraq heç kəs informasiyanı təhrif edə bilməz. Xüsusən də BMT tərəfindən qəbul olunan ölkə sərhədlərini əks etdirən xəritələri... Ölkələrin sərhədlərini əks etdirən xəritələrə böyük məsuliyyətlə yanaşılmalıdır. Başqa cür mümkün deyil. Açıq-aydındır ki, bu qanun pozuntusudur. Çünki Azərbaycanın BMT tərəfindən qəbul olunmuş sərhədlərini göstərən xəritə qanuni sənəddir. O sənədi pozmağa, təhrif etməyə heç kimin hüququ yoxdur. Bütün KİV-lər beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş normalara uyğun hərəkət etməlidir".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də açıqlamasında ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilərək təqdim olunmasını pisləyib.
"Bu, ilk növbədə kanalın beynəlxalq hüquqa olan hörmətsizliyinin nümunəsidir, obyektivlik və peşəkarlıqdan tamamilə kənardır. "Lifenews" kanalı əvvəllər də Azərbaycana qarşı qərəzli mövqeyi ilə fərqlənib. Bu da yəqin ki, kanal rəhbərliyinin şəxsi qərəzindən və erməni lobbi dairələrinin təsiri altında olmalarından irəli gəlir" deyə Hacıyev qeyd edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər