Savadsızlıq, yoxsa məkrli niyyət? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-10-2015, 20:55 | Şərh sayı: (0) | Baxılıb: 399
Savadsızlıq, yoxsa məkrli niyyət?
Noyabrın ilk günü respublikamızda növbəti parlament seçkiləri keçiriləcək. Ölkəmiz daha bir seçkiyə hazırlaşır. Prezident İlham Əliyevin parlament seçkilərinin ən yüksək səviyyədə keçirilməsi üçün bu prosesin təşkilində məsul olan müvafiq dövlət qurumlarına verdiyi tapşırıqlarda qeyd olunur ki, bu siyasi hadisə Azərbaycan dövlətinin imicinə uyğun həyata keçirilməlidir və şəffaflıq təmin edilməlidir.
Xatırladaq ki, 5 il öncə, 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərində müşahidəçi qismində iştirak edən xarici ölkələrin nümayəndələri seçkinin nəticələrini qiymətləndirərkən bildirmişdilər ki, təbliğat-təşviqat kampaniyası üçün namizədlərə yaradılan bərabər şərait, demokratik prinsiplərə ciddi əməl edilməsi və dövlət tərəfindən təmin edilən yüksək texnoloji vasitələr öyrənilməyə layiqdir və qabaqcıl təcrübə hesab edilməlidir. Əminliklə söyləmək olar ki, növbəti parlament seçkiləri də yüksək demokratik şəraitdə baş tutacaq. Bu seçkilər də Azərbaycanın demokratik ənənələrinə, Seçki Məcəlləsində təsbit olunan müddəalara uyğun şəkildə keçiriləcək.
Hazırda seçicilər namizədlərin imzatoplama kampaniyasında yüksək fəallıq nümayiş etdirirlər. Ölkəmizdəki seçkiqabağı mühit növbəti parlament seçkilərinin də ədalətli keçəcəyini söyləməyə əsas verir.
Parlament seçkilərinə beynəlxalq maraq da kifayət qədər böyükdür. Artıq bir sıra beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün müşahidə missiyaları göndərəcəklərini bəyan ediblər. AŞ PA-nın seçkiləri müşahidə missiyasının ön heyəti də ölkəmizə səfər edərək seçkiqabağı hazırlıq prosesini müşahidə edərək və müsbət hesabat da hazırlayıblar.
Ancaq buna baxmayaraq Azərbaycanın uğurlarına, getdikcə artan beynəlxalq nüfuzuna hansı yollarlasa xələl gətirməyə çalışan müəyyən qüvvələr var ki, onlar hələ seçkilər keçirilməmişdən onun nəticələrini şübhə altına almağa və beləliklə də, ölkəmiz barəsində mənfi rəy formalaşdırmağa çalışırlar. Bu sırada Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) da yer alır. Aydın şəkildə görünür ki, antiazərbaycançı şəbəkə və onların əlaltıları Azərbaycanda baş tutan mühüm ictimai-siyasi, beynəlxalq tədbirlər ərəfəsində yenə də öz mənfur simalarını nümayiş etdirirlər. Məqsədləri isə Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Elə buna görə də ölkə əhalisinin haqlı iradlarına tuş gəlirlər. Artıq bu qurumlar etimadı tam olaraq itiriblər. Siyasətçilər, ekspertlər də deyirlər ki, erməni lobbisinin əlində oyuncağa çevrilən bu təşkilatların Azərbaycana olan münasibəti dəyişməz olaraq qaldığı üçün xalq onların "ədalət çarçıları" olduqlarına inanmır.
Milli Məclisin deputatı Tahir Rzayev bildirir ki, adıçəkilən qurumların yaydıqları məlumatlar, qəbul etdikləri qərəzli qətnamələr ölkəmizə, siyasi hakimiyyətə qarşı yönəlmiş şantaj xarakteri daşıyır və heç bir reallığı əks etdirmir. O deyir ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil və bu təşkilat qarşısında heç bir öhdəlik götürmədiyi üçün Avropa Parlamentinin qəbul etdiyi hər hansısa bir qətnamənin hüquqi əsası yoxdur. Bu qətnamələr bilavasitə ölkəmizin inkişafını istəməyən qüvvələrin təhriki ilə hazırlanaraq qəbul edilib.
Qətnamədə qarşıdan gələn 1 noyabr parlament seçkiləri ilə də bağlı əsassız və qərəzli fikirlərin əksini tapdığını vurğulayan T.Rzayevin fikrincə, seçkilərə xeyli müddət qalmış onun demokratik keçirilməyəcəyi haqda fikir yürütmək və bunu qərarlaşdırmaq savadsızlıqdan, ən başlıcası isə məkrli niyyətlərdən xəbər verir: "Ölkəmizdə mövcud olan yüzlərlə mətbuat orqanının, qəzet və jurnalların, qeyri-hökumət təşkilatlarının, informasiya şəbəkəsinin fəaliyyətini, respublikada baş verən müsbət dəyişiklikləri görməzliyə vurmaq mətbuatın, söz azadlığının inkişafına kölgə salmaqdır, qara yaxmaqdır. Bu, əslində bizə yox, Avropa Parlamentinin özünə ləkədir. Onun fəaliyyətinə zərbədir. Avropa Parlamenti qərəzli mövqeyi ilə Avropa dəyərlərini ayaqlar altına atır və bununla da özünü dünyada rüsvay edir".
T.Rzayev bildirir ki, postsovet ölkələrində yaranmış digər ərazi münaqişələrindən fərqli olaraq, Avropa Parlamenti başda olmaqla, Qərb Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konkret və təsirli addımlar atmaqdan çəkinir, yalnız əhəmiyyətsiz bəyanatlar verməklə kifayətlənir: "Ancaq qonşu Gürcüstanın ərazi bütövlüyü ilə bağlı istər ABŞ, istərsə də Avropa İttifaqı və onların təsirində olan beynəlxalq strukturlar münasibətlərini bildirib, birmənalı olaraq ölkənin ərazi bütövlüyü prinsipini dəstəkləyib. Bununla yanaşı, Dnestryanı münaqişə ilə də bağlı olaraq Moldova da Qərbdən hərtərəfli dəstək almaqda davam edir. Bu misalların sayını artırmaq da olar. Bütün bunların fonunda son 24-25 il ərzində eyni problemlə üzləşmiş Azərbaycan belə dəstəkdən məhrumdur. BMT, ATƏT, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələri icra olunmur, Azərbaycan ərazilərini işğal etmiş Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Əvəzində Dağlıq Qarabağdakı qondarma separatçı rejim Qərb tərəfindən açıq maliyyə dəstəyi alır. Eyni zamanda, Qərb ölkələri tərəfindən bu problemin tədricən unutdurulması və Dağlıq Qarabağdakı rejimin tədricən legitimləşdirilməsi siyasəti yürüdülür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə hesab edir ki, həm Avropa Parlamentinin, həm də ATƏT PA-nın Azərbaycana qarşı məlum münasibəti hər kəsə bəllidir. Ona görə də bu təşkilatların yaydıqları məlumatlar ölkəmizdə mövcud olan seçki əhval-ruhiyyəsinə qətiyyən təsir göstərməyəcək: "Ümumiyyətlə, bu dairələrin məqsədlərinin haraya söykəndiyini biz yaxşı bilirik. Sirr deyil ki, bu gün erməni lobbisinin Avropa qurumlarına müəyyən təsir imkanları var. Əbəs yerə deyil ki, həmin qətnaməyə imza atan deputatların əksəriyyəti qondarma "erməni soyqırımı"nı tanıdıqlarını bildiriblər. Bu baxımdan ölkəmizə ikili standartlarla yanaşı, aşkar qərəzin olması şübhəsizdir".
Rövşən Rzayevin sözlərinə görə, parlament seçkiləri ərəfəsində müstəqil siyasət yürüdən Azərbaycan hakimiyyətinə qarşı təzyiq dili ilə danışmağa cəhd edən bu dairələr elə bilirlər ki, maraqlarını təmin edə biləcəklər: "Ancaq yanılırlar. Azərbaycan xalqı, ictimai rəy nəyin necə olduğunu yaxşı bilir. Ölkəmizdə seçkilər tam demokratik şəkildə keçiriləcək və hər kəs buna əmindir. Məgər hansısa qurum seçkiləri müşahidə etməsə, seçkilər baş tutmayacaq? Yaxşı olardı ki, Avropa Parlamenti, ATƏT PA hazırda Avropa ölkələrində baş verən qanunsuzluqlar, irqçilik faktoru, ksenofobiyanın artması, insan haqlarının pozulması barədə düşünüb, bu problemlərin həlli üçün çıxış yolu tapsınlar. Parlamentlərində korrupsiya yolu ilə seçilənləri ifşa etsinlər. Məgər onlar haqqında faktlar azdır?!"
Deputat onu da bildirib ki, əslində, Azərbaycan Avropa üçün mühüm ölkədir. Azərbaycana isə belə Avropa ümumiyyətlə, lazım deyil: "Görünür, onlar da Azərbaycanda yürüdülən müstəqil siyasətin və qətiyyətin sərt tərəfini görməli olacaqlar. Hər halda avropalı bəzi parlamentarilər nə qədər qərəzə yol verdiklərinin fərqinə varmalıdırlar. Bunu isə biz deyil, eləcə də Avropada fəaliyyət göstərən və hadisələrə doğru qiymət verməyi bacaran ədalətli deputatlar da bildirirlər. Ona görə də hesab edirəm ki, bu təşkilatların hazırladıqları qərəzli qətnamələr onlara heç bir başucalığı gətirməyəcək və bununla özlərini ifşa edəcəklər".
"Azərbaycan" qəzeti
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər