İslam hərbi koalisiyası tamamilə cəfəngiyyatdır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 08:07 | Şərh sayı: (0) | Baxılıb: 501
İslam hərbi koalisiyası tamamilə cəfəngiyyatdır
Azərbaycanın Səudiyyə Ərəbistanın rəhbərliyi ilə yeni yaradılan "Terrorizmə qarşı İslam Hərbi Koalisiyası"na qoşulması məqsədəuyğun deyil.
Bunu Milli.Az-a açıqlamasında təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov Azərbaycanın "Terrorizmə qarşı İslam Hərbi Koalisiyası"na qoşulub-qoşulmaması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu, Suriya ətrafında yaradılan ilk koalisiya deyil: "İlk koalisiya Qərb dövlətləri, Səudiyyə Ərəbistanı, Oman, Qətər, İordaniyanın iştirakı ilə yaradılmışdı. Bu koalisiya uzun müddət Suriyada fəaliyyət göstərdi və çox fəal idi. Amma maraqlı da olsa, koalisiya necə fəaliyyət göstərdisə, bunun nəticəsində İŞİD öz ərazilərini genişləndirdi.
Bundan əlavə, Səudiyyə Ərəbistanı Yəməndə müharibə üçün başqa bir koalisiya yaratmışdı. Bu, bir ərəb koalisiyası idi. Ora Pakistanı da dəvət etmişdilər. Misir də "hə" demişdi, lakin sonra ordusunu göndərmədi. Bu koalisiyanın fəaliyyəti nəticəsində hazırda Yəməndə atışmalar indi də davam edir. Nəticə nə oldu? Yəmənda müharibə bitdimi? Bitmədi. Yəni bir müharibəni qurtarmadan ikinci müharibəyə getmək, özü də neftin qiymətinin kəskin aşağı düşdüyü vaxtda nə dərəcədə doğru olduğunu söyləmək çətindir".
Yeni koalisiyaya gəlincə, ekspert qeyd edib ki, hələ ki, onun heç bir fəaliyyətini görmür: "Əgər söhbət terrorizmlə mübarizədən gedirsə, məqsəd, ilk növbədə, Suriya ərazisinə quru qoşunları yeritməkdir. Amma hazırda orada Suriya-Rusiya koalisiyası, üstəgəl İran könüllüləri və "Hizbullah" var. Rusiya havadan bombardman edir, yerdəki hərbi əməliyyatları isə Suriya ordusu, İran könüllüləri və "Hizbullah" həyata keçirir. Bundan əlavə, Qərb koalisiyasının tərkibində döyüşən Azad Suriya Ordusu, türkmənlər və başqa suriyalılar var. Yeni yaradılan müsəlman koalisiyasının bura yeridilməsi çox əcaib məsələdir. Çünki mən Suriyada İŞİD-ə qarşı aktiv müharibəni görmürəm. Düzdür, Rusiya havadan neft buruqlarını və digər obyektləri bombardman edir, ABŞ da bombardman etdiyini deyir, İngiltərə də deyir ki, bombardman edəcəm, Fransa da bu məqsədlə İncirliyə təyyarələrini göndərib. Hamı bombardman edir, amma yerdə real olaraq İŞİD-ə qarşı müharibə aparan yalnız Suriya ordusudur. Lakin 4 il yarım ərzində gedən döyüşlər nəticəsində Suriya ordusu da zəifləyib. Rəsmi Dəməşq ölkənin 70 faizinə nəzarət etmir, həm siyasi baxımdan dayaq yoxdur, həm minlərlə əhali qırılıb, həm sosial-iqtisadi, həm də hərbi potensial yoxdur".
Azərbaycanın "Terrorizmə qarşı İslam Hərbi Koalisiyası"na qoşulmasına gəlincə, ekspert bunun əleyhinədir: "Dağlıq Qarabağ problemini həll etməli olan ATƏT Minsk qrupunun üzvləri olan ABŞ, Rusiya və Fransa Suriya məsələsində fərqli koalisiyaların üzvləridir. Ona görə də mən Azərbaycanın 3-cü bir koalisiyaya qoşulmasının tərəfdarı deyiləm. Bu, tamamilə cəfəngiyyatdır. Əvvəla, mən hesab etmirəm ki, bu koalisiya bizə nə vaxtsa Qarabağda hərbi əməliyyatlar zamanı əsgər göndərəcək. Bu koalisiya bizə yalnız maddi dəstək göstərə bilər, çünki Səudiyyə Ərəbistanın əlindəki əsas "kozır"ı puldur. İkincisi, bu koalisiyaya qoşulmağımız hazırda Qarabağa dair aparılan danışıqlara əngəl tödərə bilər. Üçüncüsü, bu hərbi potensialımızı artırmayacaq. Dördüncüsü, bilirsiz ki, İranı bu koalisiyaya daxil etmək istəmirlər. Azərbaycanın bu koalisiyaya qoşulması İranla münasibətlərə xələl gətirəcək. Qısası, bu təklifi qəbul etməməyimiz üçün daha çox səbəblər sadalamaq olar. Amma hər halda bizim Xarici İşlər Nazirliyimiz bildirib ki, Azərbaycan bu təklifi nəzərdən keçirir, müzakirələr aparılır".
Qeyd edək ki, Azərbaycan XİN bəyan edib ki, hazırda Azərbaycanın "Terrorizmə qarşı İslam Koalisiyası"na qoşulması ilə bağlı rəsmi müzakirələr aparılır. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacyevin sözlərinə görə, məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub və bu xüsusda təmaslar davam etdirilir: "Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Hal-hazırda məsələyə baxılır".
H.Hacıyev qeyd edib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə "Terrorizmə qarşı İslam Hərbi Koalisiyası" yaradıb. Yeni koalisiyanın ümumi qərargahı Ər-Riyad şəhərində yerləşəcək. Bildirilir ki, hərbi koalisiya öz fəaliyyətini böyük dövlətlərlə və beynəlxalq təşkilatlarla sıx əlaqədə quracaq. Koalisiyaya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, Yəmən, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Kot-d`İvuar, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya, İordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv adaları, Malayziya daxil olub. Aralarında İndoneziyanın da olduğu daha 10 dövlətin isə koalisiyaya "dəstək verdiyi" qeyd olunur.
Səudiyyə Ərəbistanının regiondaki əsas rəqibi sayılan İran koalisiyaya daxil edilməyib. Həmçinin, Suriya, İraq və Oman da yeni koalisiyanın üzvü deyillər.
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com/ saytında da əldə etmək mümkündür.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər