Suriyaya əsgər göndərək? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-12-2015, 20:05 | Şərh sayı: (0) | Baxılıb: 343
Suriyaya əsgər göndərək?
Səudiyyə Ərəbistanın dünən terrorizmlə mübarizə məqsədilə İslam Hərbi Koalisiyasının yaradıldığını bəyan edib.
Koalisiyaya 34 ölkə daxildir. Onlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, Yəmən, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Kot-d`İvuar, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya, İordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv və Malayziyadır.
İran, Suriya, Oman və İraq koalisiyaya daxil olmayıblar.
Rəsmi Ər-Riyadın verdiyi bəyanatlara görə, İslam Hərbi Koalisiyasının (İHK) birgə operativ qərargahı Səudiyyə Ərəbistanının paytaxtı olacaq.
"Koalisiyanın yaradılmasında məqsəd müsəlmanları adından və özündən asılı olmayaraq şər, ölüm mənbəyi sayılan terror təşkilatları və qruplarından qorumaqdır. Onlarla digər müsəlman ölkələri də bizi dəstəkləyib və zəruri addımların atılacağını bildiriblər", - Səudiyyə Ərəbistanının bəyanatında deyilir.
Koalisiyanın İŞİD-lə mübarizə üçün yaradıldığı vurğulanır.
Amma belə koalisiyalar artıq var:
1. ABŞ-ın yaratdığı antiterror koalisiyası. Bu birləşməyə 11 ölkə daxildir və onlar İŞİD-ə qarşı mübarizə apardıqlarını deyirlər. 2014-cü ildən bəri koalisiya İŞİD-ə zərbələr endirir. Effekt, yumşaq yazsam, gözlənildiyi kimi deyil. Çünki koalisiyanın Suriya və İraqda İŞİD-lə vuruşan qüvvələrə yolladığı silah və hərbi texnika sonradan çox müəmmalı şəkildə elə İŞİD-in əlinə keçib.
Suriyanın şimalındakı Kobani şəhərində kürdlərə ünvanlanmış silahların İŞİD-in mövqelərinə paraşütlə atılması, ABŞ-ın tankvuran TOW raket sistemlərinin terrorçularda peyda olması, İraqdakı zirehli texnika və tankların, habelə sursatın "hələ də araşdırılmamış yollarla" terrorçuların nəzarətinə keçməsi təki danılmaz faktlar var.
ABŞ bu faktları izah etməyə çalışır, Kobanidə silah və sursatı paraşütlə atıldığı təyyarələrin pilotlarının səhv etdiyini, İraqda isə terrorçuların tank və zirehli maşınları, habelə artilleriya və raket qurğularını mövqeyini qoyub qaçan İraq ordusundan ələ keçirdiklərini deyir.
Amerikalılar deyirlər, amma Yaxın Şərqdə onlara inanmırlar.
Nədənsə...
2. Ərəblərin koalisiyası. Ötən ilin sentyabr ayında Ərəb Dövlətləri Liqası İŞİD-ə qarşı birgə mübarizə aparmağa razılaşdılar. Razılaşmanın yer aldığı bəyanatda ərəblər ABŞ-ın Suriya və İraqda apardığı antiterror fəaliyyəti birbaşa təqdir olunmasa da, ərəb ölkələri Birləşmiş Ştatlar və İraqla antiterror sahəsində əməkdaşlığa çağırılırdı. Bəyanat səsləndi, çıxışlar edildi, şərhlərin sayı bilinmədi - amma Ərəb Dövlətləri Liqasının İŞİD-ə qarşı qismən də olsa, effektiv mübarizəsindən danışmağa dəyməz.
Çünki elə təşkilatın içində məsələ ilə bağlı kəskin anlaşılmazlıqlar var. Sadəcə onu vurğulayım ki, Qətər və Səudiyyə Ərəbistanı sözdə İŞİD-lə mübarizə aparmaqda, pərdə arxasında isə terrorçulara ağır zərbələrin endirilməsinə yol verməməkdə və hətta terrorçulara dəstək verməkdə suçlanmışdılar.
3. Dördlü koalisiya. Rusiyanın sentyabrın 30-da yaratdığı, Suriya, İraq və İranın daxil olduğu koalisiyanın operativ mərkəzinin Bağdadda olduğu bəyan olunub. Bu koalisiyanın faktiki məqsədi Suriya prezidenti Bəşər Əsədin devrilməsinə yol verməməkdir.
İraq da İŞİD-i ərazisindən çıxarmaq və bu zaman ölkəyə başqa ölkələrin qoşunlarının yeridilməsinə imkan verməmək üçün Moskva-Tehran-Dəməşq triosunun yanında yer alıb.
Səudiyyə Ərəbistanının yeni yaratdığı, daha doğrusu, yaratmağa çalışdığı koalisiyanı "ölü doğulmuş uşaq" saymaq olar. Bu birliyin İŞİD-lə mübarizə apara biləcəyini, illah da ki, Ər-Riyadın səsləndirdiyi bəyanatdakı təki, müsəlmanları təhdid edən, ölüm və şər mənbəyi olan terror təşkilatları ilə qruplarını zərərsizləşdirə biləcəyinə yalnız Yaxın Şərqin tarixinə və bu gününə bələd olmayan, regiondakı hadisələrin perspektivlərini zərrə qədər ehtimal edə bilməyənlər sadəlövhcəsinə inana bilərlər.
Yəməndə devrilmiş prezident Əbd Rəbbo Mənsur Hadini vəzifəsinə qaytarmaq, İranın bu dövlətə təsirini minimuma endirmək və Yəmənin şimalı ilə cənubuna nəzarət rıçaqlarını əldə etməklə yanaşı, öz ərazisindəki şiələri İranın təsirindən çıxarmağa çalışan Səudiyyə Ərəbistanı indi Yəməndə hərbi əməliyyatlar aparır.
Hədəf isə siyasi mənsubiyyətini və seçimini, hansı qruplaşmada və düşərgədə yer almasını bir kənara qoysaq, yəmənlilərdir.
Bundan başqa, Səudiyyə Ərəbistanı Fars Körfəzində və Şimali Afrikada da geosiyasi rəqabət müstəvisində qarşı tərəf kimi Misir, İordaniya, Suriya və İranı görür.
İranı anladıq, ərəb ölkəsi deyil. Bəs Suriya, İordaniya, Livan, Misir, Liviya, Mərakeş, Qətər ərəb ölkələridir, orada ərəblər yaşayırlar - amma Ər-Riyad həmin dövlətləri az qala "məhvərdən çıxmaq ərəfəsində" sayır.
Regionda geosiyasi oyunçu kimi mövqelərini möhkəmləndirməyə çalışan Səudiyyə Ərəbistanının təşəbbüsünü ABŞ və Rusiya ilə yanaşı, Türkiyə və Azərbaycan da dəstəkləyib.
Lakin koalisiyanın nə konkret məqsədləri, nə də həmin məqsədlərə çatmaq üçün vasitə və metodları bəlli deyil.
Üstəlik, koalisiyaya üzv olmuş 34 ölkənin 32-si sadəcə, səhnədə "kütlənin hissəsi" rolunu oynayır: real hərbi imkanlara yalnız Türkiyə, Misir, İordaniya və Malayziya malikdir.
Bundan başqa, koalisiyaya qatılmış Liviya, Somali və Malinin İŞİD-ə qarşı necə, hansı imkanlarla mübarizə aparacağı anlaşılmazdır. Ən azı, ona görə ki, sadaladığım ölkələrin ərazilərinin böyük qismi, hətta paytaxtları belə, İŞİD-in faktiki nəzarətindədir.
Afrika ölkələrinin koalisiyaya qoşulmaları anlaşılandır. Onlar İŞİD-in "qara qitə"də daha da genişlənəcəyindən, həmin ölkələrdəki ən müxtəlif terror təşkilatları və qrupların da İŞİD-ə "sədaqət andı" içəcəklərindən ehtiyatlanırlar.
Presedent var: Nigeriyadakı "Boko Haram" qruplaşması bu ilin martında İŞİD-ə qoşulub.
Səudilərin yaratmağa çalışdıqları koalisiya ilə bağlı başqa məqamlar da sözügedən strukturun perspektivlərini nikbin etmir.
Belə ki, Misir və Birləşmiş Ərəb Əmirliklərinin koalisiyaya qatılmamaları, Ər-Riyadı dəstəkləməmələri sadəcə, mümkün deyildi. BƏƏ səudilərin Fars Körfəzindəki ən yaxın tərəfdaşıdır. Misir isə Səudiyyə Ərəbistanından çox güclü maliyyə asılılığında olan ölkədir. Misirin Rusiyadan almağa hazırlaşdığı silah və hərbi texnikanın pulunu da elə səudilər verirlər.
Türkiyə, ABŞ, Rusiya və İordaniyanın Suriyada öz maraqları var. Bu ölkələr səudilərin təşəbbüsündən taktiki baxımdan istifadə etmək niyyətindədir.
Yəni:
1. ABŞ. Səudiyyə Ərəbistanının təşəbbüskarı olduğu koalisiya amerikalılara Suriyadakı proseslərə müsəlman ölkələrini də cəlb edərək Bəşər Əsəd rejiminin devrilməsini yaxınlaşdırmağa, ən başlıcası Rusiya və İranın təsir imkanlarını bu ölkədə zəiflətməyə imkan verə bilər. Bəlli ki, ərəb ölkələrinin tam əksəriyyəti İrana qısqanclıqla yanaşır, Rusiyanınsa Yaxın Şərqdəki proseslərə müdaxiləsini təqdir etmirlər.
2. Türkiyə. Rəsmi Ankara Suriyada İŞİD-i məhv etməklə yanaşı, Suriyanın şimalında kürdlərin "Rojava" adlandırdıqları anklavı yaratmalarına imkan vermək istəmir. Rusiyanın son vaxtlar Türkiyə ilə münasibətləri düşmənçiliyə döndərdiyini də xatırlasaq, Moskvanın Suriyada geosiyasi və strateji baxımdan möhkəmlənməsi Ankaranın maraqlarına cavab vermir. İranın Suriyada aktivliyi isə Türkiyəni çoxdan qıcıqlandıran amildir.
3. İordaniya. Rəsmi Əmman 8 aydan bəri İŞİD-in mövqelərini təyyarələri ilə bombalayır. Amma belə tək-tük zərbələr mübarizə deyil. İordaniya rəhbərliyini isə ən çox narahat edən məsələ İŞİD-in Suriyadan sızması təhlükəsidir. İordaniya ordusu İŞİD-ə qarşı döyüşlərdə terrorçuları məhv etmək potensialına malik olmadığından, üstəlik iordaniyalılar arasında İŞİD-i dəstəkləyənlərin sayı artdığından rəsmi Əmman yeni koalisiya vasitəsilə düşməni başqalarının gücü ilə vurmaq istəyir. Xalq arasında buna "ilanı Seyid Əhməd əli ilə öldürmək" deyirlər.
4. Rusiya. Ən maraqlı geosiyasi oyunçudur, çünki Moskva səudilərin təşəbbüsündən elə ərəblərə qarşı yararlanaraq region ölkələri arasında Suriya ilə bağlı mövqe müxtəlifliyi yaratmaq, düşərgələr formalaşdırmaq və bu minvalla Bəşər Əsədi hakimiyyətdə saxlamaq istəyir. Bundan başqa, səudilərin yaratmaq istədikləri koalisiya ABŞ-ın Suriya məsələsində "yeganə güc" doktrinasını zəiflətdiyindən Rusiya bir neçə ərəb ölkəsini xüsusi kreaturası qismində ön plana çəkmək və beləcə, formalaşacaq "siyasi həftəbecər" situasiyasından bəhrələnərək maraqlarını tam təmin etmək istəyir.
Səudiyyə Ərəbistanı şahzadəsi Bəndər bin Sultan hələ kralın milli təhlükəsizlik məsələləri üzrə müşaviri olanda "müsəlman ordusu" adlandırdığı antiterror koalisiyasını yaratmaq istədiyini söyləmişdi.
Azərbaycana gəldikdə isə sözsüz ki, terrora qarşı koalisiyanın yaradılması yaxşı işdir, rəsmi Bakı da bu proses çərçivəsindəki müzakirələrə qatılacaq.
Amma Suriyaya əsgərlərimizin göndərilməsi və ya İŞİD-ə qarşı vuruşmaq üçün hərbi kontingentin ayrılması məsələlərində tələskənliyə yol vermək olmaz.
İŞİD yekcins, təmərküzləşmiş terror təşkilatı deyil və bu qruplaşmanın tərkibində yüzlərlə irili-xırdalı qrup var.
Suriyada prezident Bəşər Əsədi dəstəkləyən onlarla qruplaşma olduğu kimi, Bəşər Əsədə qarşı vuruşan qruplaşmaların sayı bilinmir. İŞİD, "Əhrar əl Şam və "Cəbhət əl Nüsra" kimi terror təşkilatlarını da nəzərə alsaq, Suriyada yalnız ordunun hədəfləri tam bəllidir.
Yerdə qalan qruplaşmalar öz aralarında vuruşur, Bəşər Əsəd qoşunlarını hədəfə alır, İŞİD-i vurur - İŞİD də bu qrupların hamısını nişangah alır.
Belədə əsla tələsməməliyik.
Elçin Alıoğlu
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər