Türkiyə Rusiyaya müharibə elan etməyəcək, amma... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-11-2015, 14:08 | Şərh sayı: (0) | Baxılıb: 396
Türkiyə Rusiyaya müharibə elan etməyəcək, amma...
Rusiya Türkiyənin xəbərdarlıqlarını mütləq nəzərə almalıydı.
Bu barədə Milli.Az-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiyanın SU-24 bombardmançı-qırıcı təyyarəsinin Suriya-Türkiyə sərhədində Türkiyə tərəfindən vurulması faktının mümkün nəticələrini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, Türkiyə Rusiyanı artıq xəbərdar etmişdi. Çünki bundan əvvəl də Rusiya təyyarələri 2 dəfə Türkiyə sərhədlərini pozmuşdu. Lakin görünür, Rusiya bu xəbərdarlıqlara məhəl qoymayıb:
"Amma Rusiya bu məsələdə ehtiyatlı davranmalıydı. Rusiya Türkiyəni tərəfdaş dövlət adlandırır, eyni zamanda bu cür hərəkətə yol verir. Ola bilsin ki, bu hadisə iki ölkə arasında münasibətlərə müəyyən qədər soyuqluq gətirsin. Əgər təyyarənən pilotları sağ qalacaqlarsa, bir müddət sonra münasibətlər əvvəlki axarına qayıdacaq. Yox, əgər pilotların sağ qalması təsdiq olunmazsa, bu, münasibətlərə ciddi şəkildə mənfi təsir edəcək. Aydındır ki, Rusiya buna görə Türkiyəyə müharibə elan etməyəcək. Amma yəqin ki, bununla bağlı nota veriləcək. Hətta böyük ehtimalla mübahisə də yaranacaq və Türkiyə deyəcək ki, təyyarə onların sərhədini keçib, Rusiya isə inandırmağa çalışacaq ki, yox, təyyarə Suriya üzərində vurulub. Hətta Suriya üzərində vurulubsa da, əgər məlum olsa ki, ruslar yenə də türkmənlərin yaşadıqları əraziləri bombalayırmışlar, bu da vəziyyəti çətinləşdirəcək. Çünki Rusiyaya deyilib ki, o, yalnız İŞİD terroru ilə mübarziə aparmalı, başqa xalqlara problem yaratmamalıdır. Amma görünür, Rusiya Bəşər Əsədin bütün müxalifətini neytrallaşdırmağa qərar verib. Bəşərin müxalifləri arasında isə təkcə İŞİD deyil, başqa silahlı qruplar da var ki, onlar terrorçu deyillər".
E.Şahinoğlunun sözlərinə görə, bir müddət əvvəl Rusiya təyyarələri türkmənlərin yaşadıqları əraziləri bombalamış və orada xeyli insan tələf olmuşdu. Bu səbəbdən dünən Rusiyanın Türkiyədəki səfiri Ankarada Xarici İşlər Nazirliyinə çağırılmışdı. Rusiya bunu da diqqətə almalıydı: "Görünür, Rusiyada bu məsələyə laqeyd yanaşıldığına görə, Türkiyə də öz qərarını verib və Rusiyaya göstərib ki, bu cür sərhəd pozuntularını bir daha bağışlamayacaq. Baxmayaraq ki, bu, münasibətlərə müəyyən qədər təsir edəcək, amma təhlükəsizlik elə bir şeydir ki, Türkiyə bu məsələdə geriyə addım ata bilməz".
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər