Rusiya düşmənimizlə yeni oyuna başlayıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-11-2015, 19:53 | Şərh sayı: (0) | Baxılıb: 337
Rusiya düşmənimizlə yeni oyuna başlayıb
Rusiya prezidenti Vladimir Putin "Qafqaz regionunda birləşmiş regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında" Ermənistanla sazişin imzalanmasına göstəriş verib.
Rusiyanın Müdafiə və Xarici İşlər Nazirliklərinə bununla bağlı rəsmi Yerevanla danışıqlar aparmaq, anlaşma imzalamaq tapşırığı verilib.
Bu, ermənilərin iddialarına rəğmən, Bakı üçün "qəfil xəbər", "sürpriz" deyil.
Sentyabrın əvvəlində Rusiya mediasına "sızdırılan" məlumatlarda bildirilirdi ki, MDB ölkələrinin hava-kosmik müdafiəsi ilə bağlı yeni konsepsiya hazırlanıb.Həmin vaxtda Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanının birinci müavini, general-leytenant Pavel Kuraçenko demişdi: "Sənəd MDB üzvü olan ölkələrin təhlükəsizliyinin təminatı üçün rəsmi və hərbi plandakı qərarları müəyyənləşdirəcək. Bu, bir faktdır ki, indi Rusiya və onun müttəfiqləri yeni təhdidlərlə qarşılaşıblar. Həmin təhdidlər səmada silahlı mübarizənin forma və vasitələrinin dəqiqləşdirilməsini tələb edir".
Rusiyanın hakimiyyət dairələrinin mənsubları və "müstəqil ekspert"lərin dediklərinə görə, Ermənistanda yerləşdiriləcək hava hücumundan müdafiə (HHM) vasitəsiləri Azərbaycan üçün təhlükə mənbəyi deyil.
"Bu, sırf müdafiə məqsədilə atılan addımlar, Rusiya və Ermənistanın vahid müdafiə məkanı ilə bağlı qərardır. Üstəlik, unutmayaq ki, Azərbaycan bölgədə ən müasir və çox effektiv hava hücumundan müdafiə sisteminə malikdir. Ermənistanda yeni HHM vasitələrinin yerləşdirilməsi Cənubi Qafqazdakı qüvvələr balansını pozmayacaq. Əksinə, bəzi ölkələrin stabilliyini artıracaq", - rusiyalı ekspertlər vurğulayırlar.
Onların dediklərinə görə, Rusiyanın HHM vasitələrinin Dağlıq Qarabağda və ya Azərbaycanın erməni işğalında olan digər rayonlarında yerləşdirilməsi nəzərdə tutulmayıb.
Rusiya "regional hava hücumundan müdafiə sistemi" ideyasını aprel ayında gündəmə gətirmişdi. Regional prinsip baxımından formalaşdırılacaq HHM sistemlərinin Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiyada yerləşdirilməsi planlaşdırılıb.
Rusiyalı generallar və ekspretlərin bəyanatlarını "tərcümə" etsək, söhbət Belarus, Ermənistan, Qazaxıstan və Tacikistan ərazilərində HHM sistemləri ilə, qırıcı təyyarələr eskadrilyalarının yerləşdirilməsindən gedir.Bu zaman üstünlük S-300 "Favorit" və S-400 "Trium" zenit-raket kompleksləri ilə Miq-29 təyyarələrinə verilir.
Maraqlı olan digər məqam Rusiya prezidenti Vladimir Putinin Ermənistanla "birgə" HHM sisteminin yaradılması barədə göstəriş barədə açıqlamanı bu məsələ həll olanadək verməsidir.
Bu açıqlama, əslində, Rusiya-Ermənistan münasibətlərini lakmus kağızı kimi aşkarlayır və təmasların batinini göstərir.
Rusiyanın Ermənistanla birlikdə "regional hava hücumundan müdafiə sisteminin yaradılması" barədə anlaşması idefiksdir, çünki ermənilərin HHM sistemi illərdir Moskvanın tam nəzarətindədir.
Başqa cür, əslində, ola da bilməz: nədən ki, o sistem elə Rusiyanın zenit-raket kompleksləri və qırıcı təyyarələrindən ibarət kontingentdir.
Ermənistan Gümrü şəhərindəki 102-ci hərbi baza Rusiyanın bu ölkədəki yeganə hərbi mövcudluq ünsürü deyil.
Ermənilərin dövlət sərhədlərinin mühafizəsi, habelə hava hücumundan müdafiə sistemi bütünlüklə Rusiya hərbçilərinin "öhdə"sindədir və belə olan təqdirdə Rusiyanın Ermənistandakı rusiyalı hərbçilərlə "birgə regional sistem yaratmaq" niyyəti ilk baxışdan tam absurd təsiri bağışlaya bilər.
Belə deyil.Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın iştirakı olmadan "regional, kollektiv təhlükəsizlik sistemi"nin yaradılmasından bəhs etməyin heç bir əsası yoxdur.
Bundan başqa, Rusiya hazırda Ermənistanda malik olduğu Miq-29 təyyarələrinə, radar və zenit-raket komplekslərinə yenilərini əlavə edərsə, regional hərbi güc balansını pozmaqla yanaşı, Türkiyəni də qıcıqlandıracaq.
Türkiyə NATO ölkəsidir və Ermənistanda Rusiyanın yeni hərbi texnika yerləşdirilməsi də, əslində, Moskvanın Şimali Atlantika Alyansına qarşı daha bir demarşı sayıla bilər.
Qərb bu qərarı laqeydliklə qarşılayan deyil.
ABŞ və Avropa Birliyinin ilkin addım qismində Gürcüstanın HHM sistemini gücləndirməsi, Tbilisiyə hərbi-texniki yardımları intensivləşdirməsi qaçılmazdır.
Eyni zamanda, Türkiyə də Ermənistanla sərhəd boyunca HHM sistemlərini gücləndirməklə yanaşı, həmin zonada hərbi kontingentinin sayını artıracaq.
Ankara bunu mütləq edəcək və məsələ Türkiyə rəhbərliyinin tutacağı mövqedən asılı deyil.
NATO Ankaradan adekvat addımların atılmasını tələb edəcək.Azərbaycana gəldikdə isə, Rusiyanın Ermənistanda yeni hava hücumundan müdafiə sistemlərini yerləşdirməsi ölkəmiz üçün nə təhlükədir, nə də bəzi "ekspert"lərin iddialarına görə, "rəsmi Bakının yürütdüyü xarici siyasətin uğursuzluğu" deyil.
Hər şey daha trivialdır.
Rusiya Ermənistanı hərbi bazasına çevirir və o baza Moskvanın Yaxın Şərqdəki maraqlarının təminatı ilə yanaşı, NATO-ya ünvanlaşmış mesajdır.
Ermənistanın bir ölkə kimi bazaya döndərilmə perspektivi isə erməniləri daha da zəiflətməklə yanaşı, onların çiliklənmiş, Moskvaya hədiyyə olunandan sonra Şaqren dərisi kimi kiçilmiş müstəqilliklərinin, sadəcə, kağız üzərində qalmasıdır.
Elçin Alıoğlu
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər