Rusiya erməniləri Dağlıq Qarabağdan çıxaracaq? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-11-2015, 16:11 | Şərh sayı: (0) | Baxılıb: 326
Rusiya erməniləri Dağlıq Qarabağdan çıxaracaq?
"Rusiya Azərbaycan və Ermənistanla hazırda kuluar, məxfi danışıqlar aparmaqdadır. Məqsəd Dağlıq Qarabağın, habelə erməni işğalında olan digər Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi və Bakının nəzarətinə qaytarılmasıdır. Yeganə problem Kəlbəcər və Laçın rayonlarıdır ki, onlarla bağlı gərgin müzakirələr aparılır. Bu proseslərin təşkilatçısı və idarəçisi Rusiyadır".Bu xəbər artıq neçə gündür Rusiya, Ermənistan və Azərbaycan mediasında dolaşır. İddialara görə, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması prosesinin aktivləşdirilməsi, habelə münaqişə bölgəsində və Azərbaycan-Ermənistan sərhədindəki atışmaların dayandırılması, problemlərin bilavasitə çözülməsi üçün Moskva aktiv hərəkətə keçib. Bunun müqabilində isə Moskva Bakıdan postsovet məkanında yeni inteqrasiya strukturu kimi təqdim olunan Avrasiya İqtisadi Birliyinə üzvlüyünü şərt kimi irəli sürüb.
Müxtəsər, iddiaların bəsit formatda səslənişi belədir: "Rusiya erməni işğalında olan Azərbaycan torpaqlarının azad edilməsinə çalışacaq və Bakı da bunu bilir, ona görə də Azərbaycan Avrasiya Birliyinə üzv olacaq".
Gerçəkdən də, belədirmi?
Cənubi Qafqazla yanaşı, regionun ən mürəkkəb münaqişəsi sayılan Dağlıq Qarabağ konfliktinin belə bəsit, hətta trivial yolla həlli ehtimalının özü məntiqi təsir bağışlamır.
Daha doğrusu, iddiaların ağlabatanlıq səviyyəsi çox aşağıdır.
Mediaya bilərəkdən sızdırıldığı şübhə doğurmayan iddialar Rusiyanın XİN başçısı Sergey Lavrovun Yerevana səfəri və bu səfər əsnasında Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi ilə bağlıdır.
Sentyabrda S.Lavrov analoji səfərlə Bakıda olmuşdu.
Bu səfərlərdən sonra Azərbaycanla Ermənistanın mövqelərində zərrə qədər yaxınlaşma barədə heç bir rəsmi açıqlama verilməyib və münaqişənin tənzimlənməsi prosesində bilavasitə Yerevanın nümayiş etdirdiyi aqressiv, işğalçılıq davranışlarından dolayı diplomatik dalan situasiyası hələ də davam edir.
Təmas xəttində, habelə Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyət, atışmaların səngiməməsi də yenə də Ermənistanın mövqelərindən qaynaqlanır və bunu ATƏT-in Minsk Qrupundakı həmsədr ölkələrilə bahəm, Avropa Birliyinin digər üzləri də bilirlər.Azərbaycan münaqişənin hərbi yolla həll variantını istisna etmədiyini vurğulayır ki, bu da, təbii, Ermənistanı təlaşa salıb.
Müdafiə potensialı zəif, ordusu postsovet dönəmlərinin ilk dövrlərindəki səviyyədə, hərbi xərcləri Azərbaycanla müqayisədə minimallaşdırılmış təsir bağışlayan, yürütdüyü işğalçılıq siyasəti və sonsuz ərazi iddialarına rəğmən, bravur açıqlamalarının arxasında real hərbi gücü olmayan Ermənistan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlayacağı təqdirdə məğlubiyyətə uğrayacağını bilir. Bunu təxminləmək üçün Yerevanda meqa-analitik araşdırmalar aparmaq, təhlillərə varmaq lüzumsuz iş sayılır və ermənilərin prezidenti Serj Sarkisyanın "daxili mətbəx"ə hesablanmış açıqlamalarına rəğmən, erməni toplumunda müharibə mümkünlüyü ilə bağlı qorxu, xof var.
Məhz bu səbəbdən Yerevandakı dövlət funksionerləri və siyasətçilərlə yanaşı, hərbçilər də Rusiyalı diplomatlarla kuluar söhbətlərində "Bakının aktiv hərbi əməliyyatlara başlamaqla bağlı istənilən cəhdlərinin qarşısını Rusiya qətiyyətlə, birmənalı şəkildə almalıdır" deyirlər.
Rusiya siyasətçiləri və diplomatlar, xüsusilə də XİN başçısı Sergey Lavrov gərginliyi azaltmaq, Bakıya vədlər vermək və ən əsası Ermənistanın qorxularının qarşısını almaq üçün "emosiyaların səngidilməsinə zərurət duyulduğunu" vurğulayır.
1988-ci ildən bəri davam edən münaqişənin ehtimallar, proqnozlar və ya iddialar müstəvisində həll variantlarının aranması 20 il əvvəl Yerevanda hökm sürən siyasi sadəlövhlük dövrlərinə aid məntiqin yenidən gündəmə gətirilməsi də sayıla bilər.
Azərbaycana ünvanlanmış "şərt"ə, yəni "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Avrasiya İqtisadi Birliyinə üzvlük labüddür" məsələsinə gəldikdə isə, bu, geosiyasi situasiyanın ən primitiv şəkildə "təhlil"indən başqa bir şey deyil.
Əvvəl Krım, sonra Şərqi Ukrayna, sonda da Suriyadakı proseslərə müdaxilələrinə görə Qərbin çox sərt reaksiyasına tuş gələrək sanksiyalara məruz qalmış Rusiyanın indi də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması arealında çini qablar dükanına girmiş fil kimi davranması, kimsəni və heç nəyi nəzərə almadan qərarlar vermək əzmində olması irrealıqdır.
Mövcud vəziyyətdə Rusiya Qərblə çox gərgin münasibətlərini Dağlıq Qarabağ məsələsində ABŞ və Fransanı volüntarist şəkildə kənarlaşdırmaqla həll etməyə başlarsa, Moskvanın üzləşəcəyi probemləri sadalamaq belə, rusiyalı diplomatları üşəndirir.Rəsmi Bakı Qərbin beynəlxalq institutları ilə sıx və intensiv təmaslarda, tərəfdaşlıqda və əməkdaşlıqda olduğu kimi, Rusiyanın təşəbbüsü ilə yaradılan qurumlarla bağlı kəskin antipatik, antonoqist mövqe tutmaq, Şimala birmənalı şəkildə arxa çevirmək niyyətində olmayıb və bunu gözləmək də absurddur.
Tam əksinə, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlərlə normal, maraqların qarşılıqlı qorunmasına və mənafelərə sayğı bəslənməsi şərtlərinə əsaslanan əlaqələrdə maraqlıdır.
Avrasiya İqtisadi Birliyi indiki situasiyada Azərbaycanın perspektiv maraqlarına, ölkənin siyasi mövqelərinin daha da möhkəmlənməsinə və iqtisadiyyatının inkişafına, xüsusilə də qeyri-neft sektorunun güclənməsinə tam cavab verən struktur deyil.
Daha dəqiq olsaq, bu qurum hələlik formalaşma səviyyəsindədir və Rusiyanın özü də etiraf edir ki, anlaşmalarla bəyanatların bolluğuna, imzalanan sənədlərin çoxluğuna və əldə edilmiş razılaşmaların statistikasına rəğmən Avrasiya İqtisadi Birliyi "tam yetişməyib".
Azərbaycanın belə "kal" struktura, özü də Moskvanın "şərt" təki təqdim olunan ultimatumundan sonra üzv olmağa razılaşacağı illüziya, rəsmi Bakının yürütdüyü siyasətə bələd olmamaq və ölkənin müstəqilliyini kənardan təsirlərə "hədiyyə" etməyə razılaşacağını düşünməkdir.
Bakı kənar təzyiq, aşkar pressinq və ya şirnikləndirici vədlərə əsaslanaraq belə addımlar atmayıbsa, bir presedent də yoxdursa, bəhs etdiyimiz iddiaları əvvəl Rusiya, sonra Ermənistan mediasına sızdıranlar xəyallarını reallıq kimi qələmə verməyə çalışacaqlarını göstərirlər.Və son məqam - Rusiya Qarabağı ermənilərdən azad edən deyil, belə öhdəliyi də yoxdur.
Erməni işğalçılarını torpaqlarımızdan qovmaq üçün Azərbaycanın iradəsi, gücü və imkanları yetərincədir.
Məqam hələ yetişməyib, çünki siyasət, xüsusilə də geosiyasət bəsit iddialar səviyyəli məsələlər deyil.
Ona görə də yazının başlığındakı sualı səsləndirənlər və hansısa illüziyalara qapılanlar Dağlıq Qarabağ münaqişəsinin tarixini bir daha təkrarlasalar mənfəətdir.
Elçin Alıoğlu
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər