Məhdəviyyətlə bağlı yekdil fikirlər |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 25-07-2016, 15:32 | Şərh sayı: (0) | Baxılıb: 513
Məhdəviyyətlə bağlı yekdil fikirlər
Sual: İslam məzhəbləri imamın (ə) zühurunu prinsipcə yekdil qəbul edirlərmi?
Cavab: Prinsipcə bütün İslam məzhəbləri peyğəmbər nəslindən olan həzrət Mehdinin (ə) zühur məsələsini qəbul edirlər. Hamı inanır ki, dünyanın axırlarında yer üzünü zülm-sitəm bürüdükdən sonra Mehdi (ə) adlı bir şəxs zühur edib ədaləti bərpa edəcək.
a) Şiə alimlərindən - Şəhid Sədr deyir: "Həqiqətən, dünyanın ümumdünyəviləşdirilməsi istiqamətində həzrət Mehdinin (ə) zühuruna etiqad peyğəmbər hədislərində ümumi, əhli-beyt (ə) rəvayətlərində xüsusi şəkildə bəyan olunmuşdur. Bu məsələyə o qədər böyük diqqət ayrılır ki, heç bir şəkk-şübhəyə yer qalmır...”("Bəhsun hоvlәl-Məhdi (ə)”, s. 103, 104.)
Şeyx Məhəmməd Riza Müzəffər deyir: "Dünyanın axırlarında Fatimə (s) övladlarından olan Mehdinin (ə) zühur məsələsi və yer üzü zülmə büründükdən sonra onda ədalətin hakim olması peyğəmbərdən mütəvatir (yetərli) şəkildə nəql olunmuşdur və rəvayət kitablarında yer tutmuş məsələlərdəndir.”(Əqaidul-imamiyyə”, s. 77.)
b) Sünni alimlərindən – Nasirəddin Əlbani deyir: "Bilmək lazımdır ki, Mehdi (ə) və onun zühur məsələsi haqqında bir çox etibarlı hədislər nəql olunmuşdur.”("Ət-təməddunul-islami”, hicri 1371-ci il.)
Şeyx Əbdül-Möhsin ibn Həmdül-İbad deyir: "Həqiqətən, həzrət Mehdi (ə) haqqında hədislər sünnə əhli kitablarında o qədərdir ki, bu məsələyə şübhə etmək çətin olur. Mənbələrdən xəbərsiz, elm əhlinin dedikləri ilə tanış olmayan cahil və höcətkeş insanlar bu məsələyə şübhə edə bilər...”("Camətu-İslamiyyə”, 3-cü say.)
Şeyx Əbdül-Əziz ibn Əbdüllah ibn Baz deyir: "Mehdi (ə) mövzusu aşkar bir mövzudur və bu mövzudakı hədislər bəlkə də mütəvatir həddədir. Elm əhli bu hədislərin təvatir həddə çatdığını bildirir...”(Həmin mənbə.)
Sual: Bütün İslam məzhəbləri həzrət Mehdinin (ə) zühuruna etiqadı vacib sayırmı?
Cavab: Bütün məzhəblərdə belə bir etiqad var ki, dünyanın axırlarında həzrət Mehdinin (ə) zühuru qeybi məsələlərdəndir və bu məsələyə etiqad etmək lazımdır.
a) Şiə alimlərindən – Şeyx Səduq deyir: "Həzrətin halından xəbərsiz ona iman gətirmək düzgün deyil. Yalnız həzrətin qeyb dövründə şənindən xəbərdar olmaqla belə bir etiqaddan faydalanmaq olar.”("Kəmalud-din”, c.1, s. 19.)
b) Sünni alimlərindən – Nasirəddin Əlbani yazır: "Həqiqətən, həzrət Mehdinin (ə) zühuruna əqidə sabit bir əqidədir və peyğəmbərdən etibarlı vasitələrlə nəql olunmuşdur. Ona görə də bu həqiqətə iman vacibdir. Quranda qeybə iman pəhrizkarların xüsusiyyəti kimi tanıtdırılır. Mehdinin (ə) zühuruna inam da qeybi işlərdəndir...”("Təməddune-İslami”, Dəməşq çapı.)
Əbdül Möhsün ibn Həmdül-İbad yazır: "Məhdəviyyətin təsdiqi və ona iman İslam Peyğəmbərinin (s) risalətinə imandandır. Çünki peyğəmbərin təsdiq etdiyi mövzulara iman da peyğəmbərə iman sayılır. Bu əslində qeybə imandır və Allah-tәala möminləri qeybə inandıqlarına görə mədh etmişdir...”("Əl-cəmaətul-İslamiyyə”, Hicaz çapı)
Sual: Həzrət Mehdinin (ə) hökumətinin əhatəsi ilə bağlı məzhəblərin mövqeyi necədir?
Cavab: Həzrət Mehdinin (ə) hökumətinin əhatəli olmasına etiqad Məhdəviyyətə etiqaddandır.
Allah-tәala buyurur: "Allah sizlərdən iman gətirib saleh iş görənlərə yer üzündə xilafət vəd etmişdir.("Nur” 55.)
Əhməd ibn Hənbəl həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: "Yer üzü zülm-sitəmlə dolar. Həmin vaxt nəslimdən olan bir şəxs zühur edər, 7-9 gün ərzində bütün yer üzünə sahib olar. Həmin vaxt bütün yer üzündə ədalət bərpa edilər.”
İmam Baqir (ə) buyurmuşdur: "İmam Qaim (ə) Mehdi (ə) 309 il yer üzündə hakim olar. Kəhf əhli də mağarada bu qədər qalmışdı. Həzrət yer üzü zülmə büründükdən sonra ədaləti bərpa edər. Allah onun üçün dünyanın şərqini və qərbini fəth edəcək...”(Bihar”, c. 52, s. 390.)
Sual: Xilaskarın ləqəbi haqqında məzhəblər nə deyir?
Cavab: Şiə və sünnilər tərəfindən nəql olunmuş rəvayətləri nəzərdən keçirdikdə məlum olur ki, xilaskarın ləqəbinin Mehdi (ə) olduğunu hamı yekdil şəkildə qəbul edir.
Hakim Nişapuri ibn Səid Xidriyə istinad edərək həzrət Peyğəmbərin (s) dilindən deyir: "Mehdi biz əhli-beytdəndir”.(Müstədrək”, c. 4, s. 557.)
Həzrət peyğəmbər buyurmuşdur: "Həzrət Mehdi (ə) başının üzərində bulud dayanmış halda zühur edər. Bulud arasında bir kəs nida edər: "Bu Allahın xəlifəsi Mehdidir (ə), ona itaət edin.”(Bihar”, c. 51, s. 81)
Sual: Həzrət Mehdi (ə) kimin nəslindəndir?
Cavab: Bütün müsəlmanlar yekdil olaraq qəbul edirlər ki, həzrət Mehdi (ə) Peyğəmbər (s) ailəsindəndir. Səd ibn Müsəyyib deyir: "Ümmü-Sələmənin yanında idim. Həzrət Mehdidən (ə) söhbət düşdü. Ümmü-Sələmə dedi: "Həzrət Peyğəmbərdən (s) belə eşitdim: "Mehdi (ə) Fatimə (s) övladlarındandır.”("Sünəni ibn Macə”, c. 2, s. 1364)
Əbu-Səid Xidri deyir: "Həzrət peyğəmbərdən (s) eşitdim: "Yer üzünü zülm-sitəm bürüməmiş qiyamət qopmaz. Sonra ailəmdən olan bir şəxs qiyam qaldırar və yer üzündə ədaləti bərpa edər.”("Müsnəde-Əhməd”, c. 3, s. 36.)
İmam Baqir (ə) buyurmuşdur: "Mehdi (ə) Fatimə övladlarındandır.”("Bihar”, c. 51, s. 43.)
Sual: Həzrət İsanın göydən enməsi ilə bağlı İslam məzhəblərinin mövqeyi nədir?
Cavab: Müxtəlif rəvayətlərdə bildirilir ki, həzrət Mehdi (ə) zühur edən zaman həzrət İsa səmadan enib namazda ona iqtida edəcək.
Buxari Əbu-Hüreyrəyə istinadən Peyğəmbərin (s) dilindən belə nəql edir: "Özünüzdən olan şəxs sizə imam ikən Məryəm övladı enəndə halınız necə olar?!”("Səhihe-Buxari”, c. 4, s. 143.)
İmam Baqir (ə) buyurmuşdur: "Yer onun üçün fırlanacaq, xəzinələr ona açılacaq, hakimiyyəti şərq və qərbi bürüyəcək. Allah-tәala müşriklər ikrah duysa da, onun vasitəsi ilə Öz dinini aşkarlayacaq. Həmin vaxt yer üzü bütünlüklə abad olar, Məryəm oğlu İsa Ruhullah enib Mehdinin (ə) arxasında namaza durar.”("Bihar”, c. 52, s. 91.)
Sual: Həzrət Mehdinin (ə) zühuru üçün nə vaxt şərait yaranacaq?
Cavab: Bütün İslam ümməti yekdil olaraq bu fikirdədir ki, Allah-tәala həzrət Mehdinin (ə) zühurunu bir gecədə müəyyənləşdirib imzalayar.
Əhməd ibn Hənbəl nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: "Mehdi (ə) biz əhli-beytdəndir. Allah onun zühurunu bir gecədə həyata keçirəcək.”(Müsnəde-Əhməd”, c. 1, s. 84.)
Şeyx Səduq imam Hüseynin (ə) dilindən nəql edir: "Mənim övladlarımdan olan şəxsin qiyamında həzrət Yusifdən, həzrət Musadan bir sünnə var və o, biz əhli-beytin canişinidir. Allah-tәala onun zühurunu bir gecədə həyata keçirər.”("Kəmalud-din”, c. 1, s. 317.)
Sual: Həzrət Mehdinin (ə) ümumdünya ədalət hökuməti haqqında İslam məzhəblərinin mövqeyi nədir?
Cavab: İstər şiə, istər sünni mənbələrində nəql olunmuş bir çox hədislərdən məlum olur ki, yer üzü zülm-sitəmə qərq olduqdan sonra həzrət Mehdi (ə) zühur edib yer üzündə ədaləti bərpa edəcək.
Əbu-Səid Xidri həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Yer üzü zülm-sitəmə qərq olmamış qiyamət qopmaz. Həmin vaxt əhli-beytimdən bir şəxs zühur edib yer üzündə ədaləti bərpa edər.(Müsnədə-Əhməd”, c. 3, s. 36)
Şeyx Tusi imam Sadiqin (ə) dilindən belə nəql edir: "Bizim Qaim (ə) (Mehdi (ə)) zühur edər. (Həzrət Əli (ə) ilə Musa ibn Cəfərə işarə edərək buyurdu) O bu şəxsin nəslindəndir. Yer üzü zülm-sitəmlə dolduqdan sonra o, ədaləti bərpa edər”.("Əl-ğeybət”, s. 42.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər